İslam Həmrəyliyi Oyunlarının Azərbaycan üçün tarixi əhəmiyyəti, siyasi və iqtisadi dividentləri var

Əli Qənbərli: "Bu oyunlar Azərbaycanın timsalında İslam dünyasına sülh nümunəsi olacaq"

Azərbaycan daha bir beynəlxalq tədbirə, İslam Həmrəyliyi Oyunlarına hazırlaşır. Sayca dördüncüsü keçirilən bu oyunların keçiriləcəyi 10 gün ərzində bütün müsəlman aləminin gözü, diqqəti Bakıda olacaq. IV İslam Hərməyliyi Oyunlarının Azərbaycanda "İslam Hərməyliyi İli"nə təsadüf etməsi də bu oyunların əhəmiyyətini birə-beş artırır.

Məlumat üçün qeyd edək ki, may ayının 12-dən 22-dək keçirilməsi nəzərdə tutulan oyunların keçiriləcəyi bütün idman arenaları, kompleks və idman qurğuları bu oyunlara tam hazır vəziyyətə gətirilib. İdman yarışlarında 21 idman növü üzrə 57 dövlətin 6 000 yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub. Bəs görəsən IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycana hansı dividentləri olacaq? Ümumiyyətlə, bu oyunlar Azərbaycana nə vəd edir? Bu və ya digər suallarla bağlı politoloq Əli Qənbərliyə müraciət etdik.

-Əli bəy, artıq İslam Həmrəyliyi Oyunlarına sayılı günlər qalır. Əvvəlcə bilmək istərdim ki, bu oyunların əhəmiyyəti nədən ibarətdir və Azərbaycanıa hansı dividentlər gətirəcək?

--IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycan üçün tarixi əhəmiyyəti, siyasi və iqtisadi dividentləri vardır. Azərbaycan tarixən ayrı-ayrı mədəniyyətlərin qovuşduğu mərkəz rolunu oynamışdır. İslam Həmrəyliyi Oyunları Azərbaycanın timsalında İslam dünyasına sülh nümunəsi olacaq. Bu gün əfsuslar olsun ki, müsəlman ölkələrinin bəzilərində siyasi mənzərə heç də ürəkaçan deyil. Bu baxımdan düşünürəm ki, bu oyunların təşkili İslam həmrəyliyinin inkişafına töhfə verəcək. Bu oyunların iqtisadi əhəmiyyəti isə bundan ibarətdir ki, Azərbaycana oyunlarla əlaqədar əcnəbilər gələcək, ölkəyə xarici valyuta axını olacaq, eyni zamanda bu xarici investorların ölkəyə sərmayə yatırması baxımından da önəmli ola biləcək.

-Bundan əvvəl də Bakı Birinci Avropa Oyunlarına evsahibliyi etdi. Hazırda da İslam Həmrəylik Oyunlarına hazırlaşır. Bu həm də onun göstəricisi sayıla bilərmi ki, Azərbaycan Qərblə Şərq arasında önəmli körpü rolunu oynayır, hər iki dəyərləri özündə yüksək səviyyədə birləşdirir?

--Əlbəttə, son illər ərzində Azərbaycan bir çox yarışlara, mötəbər tədbirlərə ev sahibliyi edib. İslam Həmrəylik Oyunlarına hazırlıq prosesi də onu deməyə əsas verir ki, bu tədbir də yüksək səviyyədə keçiriləcək. Azərbaycan əsrlər boyu Qərblə Şərq arasında körpü rolunu oynayıb. Bu hazırda da belədir.

-Bu oyunlar İslam dünyası, müsəlman aləminin Azərbaycana olan marağını, diqqətini nə dərəcədə artıracaq?

--Əlbəttə, İslam Həmrəyliyi Oyunlarının təşkili Azərbaycana olan marağı artıracaq. Çünki, Azərbaycanın zəngin mədəniyyəti, tarixi abidələri vardır. Artıq ölkəmizə kifayət qədər əcnəbilər gəlib və bu amil ölkə iqtisadiyyatına öz müsbət təsirini göstərəcək.

-Bu kimi tədbirlər həm də Azərbaycanın üzləşdiyi problemlər, eləcə də Dağlıq Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli deyilmi?

--Düşünmürəm ki, bu oyunlar Ermənistan Azərbaycan arasında olan problemin həlli istiqamətində həlledici ola biləcək. Sadəcə olaraq bu tədbirdən düzgün istifadə edib, hər birimiz ölkəmizə gələn əcnəbilərə Azərbaycan həqiqətləri haqqında məlumat verməliyik, Azərbaycanın haqlı mövqeyini bir daha bəyan etməliyik.

-Adətən belə tədbirlər ərəfəsində Azərbaycan bəzi xarici dairələr tərəfindən hədəfə götürülür. Bu dəfə də ölkəmizə qarşı əsassız ittihamların gündəmə gələcəyi gözləniləndirmi?

--Bu yenilik deyil. Azərbaycan digər beynəlxalq tədbirlərə ev sahibliyi edəndə də ölkəmizə qarşı bu kimi anti-təbliğat kampaniyaları təşkil olunmuşdur. Lakin, reallıq budur ki, bu kampaniyalar Azərbaycanı yolundan döndərə bilməz.

-Ümumilikdə İslam Həmrəylik Oyunılarına hazırlıq prosesini necə dəyərləndirisiniz?

-İslam Həmrəylik Oyunlarına hazırlıq fikrimcə yüksək səviyyədədir. Artıq, bu proses regionlara da çatıb. Düşünürəm ki, bu tədbirdə də Azərbaycan beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etdiyini növbəti dəfə isbat etmiş olacaq.

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR