Azərbaycan Ordusunun hərbi təlimləri ermənilərə sarsıdıcı zərbə vura biləcək mesajdır

Arzu Nağıyev: "İllərcə ATƏT -in Mİnsk qrupu münaqişə ilə bağlı ancaq deklorativ bəyanatlar verib"

"Düşünürəm ki, artıq mühüm qəraların verilməsi vaxtıdır"

Dağlıq Qarabağ probleminin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun passivliyi, münaqişənin həlli istiqamətində heç bir müsbət addım atmaması regionda gərginliyin artmasına gətirib çıxarır. Ermənistan hakimiyyətinin danışıqlar prosesindən yayınması, bu azmış kimi aqressiya və təhdid nümayiş etdirməsi Qarabağda növbəti hərbi əməliyyatları qaçılmaz edir. Bu günlərdə işğalçı ölkənin zəbt etdiyi Azərbaycanın Ağdam rayonu ərazisində hərbi təlimlər keçirməsi də bunun əyani sübutudur. Məlumat üçün qeyd edək ki, Ermənistanın təhdid xarakterli addımına qarşı Azərbaycan tərəfi də qarşılıq verib. Xəbərlərdən də aydın olduğu kimi aprelin 16-dan Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bir neçə gün davam edəcək hərbi təlimlərə 30 min şəxsi heyət cəlb edilib.

Prosesləri təhlil edən analitiklər, siyasi şərhçilər hesab edirlər ki, bütün bu qeyd edilənlər müharibə riskini artırır. Ancaq siyasi şərhçi Arzu Nağıyev məsələyə bir qədər fərqli yanaşır və hərbi təlimlərin heç də Qarabağda müharibə riskini artırmadığını söyləyir. "OLAYLAR"-a verdiyi müsahibədə Arzu Nağıyev keçirilən hərbi təlimlər, Dağlıq Qarabağ problemi ətrafındakı son durum və s. barədə danışıb.

-Arzu müəllim, son günlər Qarabağ ətrafında təhlükəli proseslər müşahidə edilməkdədir. Belə ki, Ermənistanın Ağdamın işğal altında olan ərazilərində hərbi təlimlər keçirməsi, buna qarşılıq olaraq Azərbaycanın aprelin 16-da genişmiqyaslı hərbi təlimlərə başlaması müharibə riskini nə dərəcədə artırır?

-Düşünmürəm ki, bu təlimlər müharibə riskini artıracaq. Burada iki məqam var. Birincisi odur ki, ermənilər keçirdikləri seçkidən sonra hərbi güclərini öz vətəndaşlarına nümayiş etdirir və bununla guya öz yollarından dönməyəcəklərini və Qarabağ kartının əsas olduğunu göstərirlər. İkincisi isə həqiqətən də müharibə partiyasının hakimiyyəti ələ keçirdiyi bir daha sübut olunur. Bu isə o deməkdir ki, status kvo saxlanacaq. Azərbaycan ordusu isə plana uyğun şəkildə öz hərbi təlimlərini keçirir və təbii ki, bu həm də ermənilərə sarsıdıcı bir zərbə vura biləcək mesajdır.

-Bu arada Ermənistanın Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatına katibliyinin reallaşması işğalçı ölkə üçün nə kimi üstünlüklər qazandırır?

-Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvü olması o demək deyl ki, katiblik ona keçərsə hansısa üstünlük əldə edəcəkdir. Bunun biz Aprel hadisələrində də şahidi olduq. Ermənilər dəfələrlərə təmas xəttində deyil, məhz sərhəddə təxribat edərək KTMT-dən dəstək almağa çalışırdı, bu da baş tutmadı. Əsas məqam odur ki, KTMT -nin üzvü olan dövlətlər Azərbaycanla normal münasibətdədirlər və hər hansı gərginligin artmasında maraqlı deyillər. Eyni zamanda qeyd etmək istərdim ki, KTMT -nin yaradılması öncə Rusiyanın özünü qorumaq və sığortalanması üçün nəzərdə tutulub, Ermənistan isə vasitədir.

-Ermənistan planlı şəkildə cəbhədə gərginliyi yenidən artıraraq təşkilatı Azərbaycana qarşı müharibəyə sövq edə bilərmi?

-Qeyd etdigimiz kimi ermənilər dəfələrlə buna cəhd edib, lakin bu təxribatlar baş tutmayıb. KTMT üzvləri də başa düşürlər ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpasına çalışır və erməni işğalçılarının Azərbaycan torpaqlarından çıxmasını tələb edirlər. KTMT üzvü olan hər bir dövlət BMT çərçivəsində Azərbaycanın ərazi bütölüyünü və sərhədlərini tanıyırlar.

-Ümumiyyətlə KTMT-in Azərbaycana qarşı sərt mövqe ortaya qoyması mümkün görünürmü?

-Bu inandırıcı və ümumiyyətlə mümkün deyil. Çünki beynəlxalq hüquq normalarına zidd bir addım atmış olarlar. Məlumdur ki, biz bunu Qazaxıstan və Belarusun Azərbaycana qarşı siyasətində dəfələrlə hiss etmişik. Digər dövlətlər də bu məsələdə neytrallıq nümayiş etdirirlər.

-Bundan sonra Ermənistan bir qədər də aqressiv addımlar atmağa meyillənməyəcəkmi?

-Ermənilər daima aqressiv addımlar atırlar və bunu Azərbaycanın ayağına yazmağa çalışırlar. Aprel hadisələrindən sonra özləri haqqında yaratdıqları sünü mif dağıldıqdan sonra onlar öz payını götürüblər. Yəni onların bu gün əsas məqsədi status kvonu saxlamaq və danışıqlardan qaçmaqdır.

-Hazırda regionda artan gərginliyə vasitəçilərin seyriçi qalması nə ilə bağlıdır?

-İllərcə ATƏT -in Mİnsk qrupu münaqişə ilə bağlı ancaq deklorativ bəyanatlar verib. Düşünürəm ki, artıq mühüm qəraların verilməsi vaxtıdır. Əks halda bu regional bir qarşıdurmaya və hətta deyərdim ki, lokal müharibələrə gətirib çıxara bilər. Bu isə heç kimə xeyir gətirməyəcək. Rusiya daha çox aktivlik göstərməli və Ermənistana ciddi təzyiqlər etməlidir. Bu daha çox onun marağında olmalıdır. SSRİ-nin varisi kimi bu yanar ocağı söndürməkdə də varisliyi həyata keçirməlidir. Qərb də bilir ki, bu münaqişənin həllində Rusiya ən başlıca açar, fiqurdur. Əks halda Azərbaycan öz suverenliyini qorumaq və işğalçını danışıqlar masasına əyləşdirmək üçün daha mühüm addımlar ata, hətta hərbi yolu da seçə bilər.

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR