Aqrar sektora dövlət qayğısı onun dinamik inkişafına yol açır

Fikrət Yusifov: "Bu qaydada inkişafla yaxın bir neçə il ərzində aqrar sektor ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılmasında öz sözünü əsaslı şəkildə deyə biləcək"

2015-ci ildən dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi hər bir ölkədə olduğu kimi Azərbaycanda da qeyri-neft sektorunun inkişafına diqqəti daha da artırmış oldu. Etiraf etmək lazımdır ki, ötən müddət ərzində bu istiqamətdə kifayət qədər məqsədyönlü addımlar atılıb. Xüsusilə, qeryi-neft sektorunda mühüm istiqamət təşkil edən kənd təsərrüfatı və turizmin inkişaf etdirilməsi əsas prioritetlərdən birinə çevrilib. Bu günlərdə Prezident İlham Əliyevin imzalamış olduğuAzərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam da belə deməyə əsas verir. Sərəncamda qeyd edilir ki, iqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində qeyri-neft sektorunun inkişafının təmin edilməsi dövlətimizin əsas iqtisadi prioritetlərindəndir. Bu məqsədlə ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində iqtisadiyyatın diversifikasiyasına nail olunması ilə yanaşı, qeyri-neft sektorunun da ümumi daxili məhsulda xüsusi çəkisi nəzərə çarpacaq dərəcədə artıb. Ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyi üçün qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilmiş və görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün əlverişli şərait yaradılıb. Kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın, tütünçülüyün, baramaçılığın sürətli inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və emal sənayesinin genişlənməsi istiqamətində dövlət dəstəyinin gücləndirilməsi ilə əlaqədar bir sıra hüquqi aktlar, o cümlədən dövlət proqramları qəbul edilib. Eləcə də, ölkənin ixrac potensialının yüksəldilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların innovativ qabiliyyətlərinin artırılması, yüksək məhsuldarlığın əldə olunması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı prosesində intensiv metodların geniş tətbiqində istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiyanın formalaşmasında önəmli rolu olan aqroparkların yaradılması istiqamətində mühüm addımlar atılıb.

Lakin yuxarıda qeyd edilənlərlə yanaşı, dayanıqlı inkişafın təmin edilməsi, gələcəkdə maliyyə resurslarının diversifikasiyasının təmin edilməsi, rəqabət qabiliyyətinin artırılması məqsədilə istehsalçıların maliyyə resursları ilə təminat səviyyəsinin yüksəldilməsi və bu sahədə qarşıya çıxacaq risklərin düzgün qiymətləndirilməsi üzrə mexanizmlərin təkmilləşdirilməsi vacib məsələlərdəndir.

Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin "Maliyyəyə çıxışın asanlaşdırılması" sərlövhəli 3-cü strateji hədəfində nəzərdə tutulmuş prioritetlərdə əhatə edilmiş tədbirlərin həyata keçirilməsini sürətləndirmək zərurəti yaranıb. Məhz bu zərurətdən irəli gələrək dövlət başçısı kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sığortanın inkişaf etdirilməsi və aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi məqsədilə sözügedən sərəncamı imzalayıb. Sərəncamda bir sıra mühüm məsələlərlə yanaşı, kənd təsərrüfatının maliyyə resurslarına tələbatı üzrə hədəflərin müəyyənləşdirilməsi, kredit zəmanət fondunun yaradılması imkanlarına baxılması, kənd təsərrüfatında innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazırlanması, kreditlər üçün girov bazasının genişləndirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə savadlılığının artırılması, aqrar sektora təsir edən risklərin idarə olunması üzrə mexanizmlərin hazırlanması, kredit təşkilatlarının vəsaitlərinin kənd təsərrüfatı sektorunun kreditləşməsinə yönəldilməsinin stimullaşdırılması, kənd təsərrüfatında sığorta sistemi ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi, kənd təsərrüfatı sahəsi üzrə sığorta fondunun yaradılması imkanlarının dəyərləndirilməsi, karantin rejiminin tətbiqi ilə bağlı kənd təsərrüfatı istehsalçılarına dəymiş maddi zərərin ödənilməsi mexanizminin yaradılması kimi vacib müddəalar da yer alıb.

Ekpertlərin birmənalı fikri ondan ibarətdir ki, dövlət başçısının məlum sərəncamı bu sahənin inkişafına öz müsbət təsirini göstərəcək və tezliklə bu sahədə daha ciddi nailiyyətlər əldə olunacaq. Elə iqtisadçı ekspert, iqtisad elmləri doktoru Fikrət Yusifov da bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Fikrət Yusifov dövlət başçısının məlum sərəncamının kənd təsərrüfatının inkişafına verəcəyi faydalardan danışıb.

-Fikrət müəllim, prezident İlham Əliyev bu günlərdə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Bu sərəncamını necə dəyərləndirirsiniz və sərəncamın aqrar sektorun inkişafında rolu nədən ibarət olacaq?

-Sənədin giriş hissəsində onun mahiyyəti aydın şəkildə özünü əks etdirilib. Söhbət aqrar sektorda dayanıqlı inkişafın təmin edilməsi, gələcəkdə maliyyə resurslarının diversifikasiyasının təmin edilməsi, rəqabət qabiliyyətinin artırılması məqsədilə istehsalçıların maliyyə resursları ilə təminat səviyyəsinin yüksəldilməsi və bu sahədə qarşıya çıxacaq risklərin düzgün qiymətləndirilməsi üzrə mexanizmlərin təkmilləşdirilməsndən gedir. Sərəncam Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin " maliyyəyə çıxışın asanlaşdırılması" sərlövhəli 3-cü strateji hədəfində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini sürətləndirmək məqsədilə qəbul edilmişdi. Bu məsələlərin həlli aqrar sektorun sürətli inkişafı üçün geniş imkanların yaradılması demək olacaqdır. Hər bir sahə kimi, aqrar sektorun da dayanaqlı inkişafı onun maliyyə resursları ilə düzgün təmin edilməsindən bilavasitə asılıdır.

-Aqrar sahəyə dövlət qayğısı qeyri-neft sektorunun inkişafına nə dərəcədə müsbət təkan verəcək?

-Heç şübhəsiz ki, aqrar sektora dövlət qayğısı onun dinamik inkişafına yol açır. "Bizim gələcək inkişafımızı qeyri-neft sənayesi və kənd təsərrüfatı sahələri müəyyən edəcək". Bu fikirləri ölkə Prezdenti cənəb İlham Əliyevə məxsusdur. Həqiqətən də ölkə iqtisadiyyatının neftdən asılılığının optimallaşdırılması yolunda bu ən doğru seçimdir və bu yöndə atılan addımlar son nəticədə neft sektorunun umumi iqtisadiyyatda arxa plana keçməsinə gətirib çıxaracaqdır.

-Bu sərəncam yerlərdə məşğulluğun səviyyəsinin artmasına öz müsbəıt təsirini göstərəcəkmi?

-Son bir neçə il ərzində aqrar sektorda fermerlərin fəaliyyətini daha səmərəli təşkil etmək məqsədilə dövlət öz dəstəyini kifayət qədər artırıb. Hazırda fermerlər ancaq torpaq vergisi ödəyirlər və başqa qalan bütün vergilərdən azaddırlar. Aqrar sektora dövlət qayğısının bu səviyyədə olmasının nəticəsidir ki, ötən ildə bir çox məhsulların istehsalı və ixracı üzrə əsaslı irəliləyişlər müşahidə olundu, ixrac olunan məhsulların çeşidi kifayət qədər böyüdü, ixracın coğrafiyası isə bir xeyli genişləndi. Strateji məhsulların yetişdirilməsi sahəsində ötən il əldə olunan nəticələr əvvəlki illərlə müqaisədə dəfələrlə artıq oldu. Məsələn, əgər 2015-ci ildə 18 min hektardan cəmi 30 min ton pambıq yığılmışdısa, 2016-cı ildə 52 min hektardadan 90 min tona qədər məhsul yığıldı. Məhsul yığımı zamanı təbiətin şıltaqlığı - aramsız yağışlar olmasaydı, bu göstərici daha böyük ola bildi. Cari ildə pambıq əkin sahələrinin 2,3 dəfə artırılması, onun istehsalının isə 250-300 min tona çatdırılması nəzərdə tutulur. İpək istehsalının yeni infrastrukturunun yaradılması və baramaçılığın müasir tələblər səviyyəsində təşkil edilməsi nəticəsində 2015-ci ildə istehsal olunmuş 232 kiloqrama qarşı, 2016-cı ildə 70,7 ton, yəni 300 dəfə artıq yaş barama məhsulu istehsal edildi. Növbəti illərdə ölkədə baramaçılığın daha geniş inkişafı məqsədilə 2016-cı ildə 1 milyon 600 min tut tinginin əkilməsi təmin edildi ki, bu da mövcud tut ağaclarının sayından 4,5 dəfə çoxdur.

-Bəs gözləntiləriniz nədən ibarətdir?

-Son bir neçə ildə aqrar sektorun başqa sahələrində də eyni uğurlar qazanılıb. Göründüyü kimi, aqrar sektora dövlət dəstəyi öz nəticələrini artıq verməyə başlayıb. Hesab edirəm ki, bu qaydada inkişafla yaxın bir neçə il ərzində aqrar sektor ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılmasında öz sözünü əsaslı şəkildə deyə biləcək.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR