“Leyli obrazını oynamaq qəzəl əzbərləyib oxumaqla bitən iş deyil”

Ayşən Mehdiyeva : "Müsabiqə vaxtı ən böyük dəstək ustadım Gülyaz xanımdan olub"

İlk dəfə bu səsi 2010 - cu ildə "Xalq ulduzu" müsabiqəsində dinləmişik. Daha sonra bu səs 4 - cü  Muğam müsabiqəsində hər kəsin, hətta sənətkarların da  könlünü yenidən fəth etdi.Ümidləri doğrultdu...

Sənətində hər zaman yeniliklər edən Ayşən Mehdiyeva bu gün də öz üzərində çalışan xanəndələr siyahısındadı.

Bu günkü müsahibimiz səhnəmizin gənc, alagöz və  istedadlı xanəndəsi Ayşən Mehdiyevadı.

- Ayşən xanım, bu gün dövlətimiz tərəfindən muğama sonsuz qayğı göstərilir... Fikrimcə, bu qayğı təkcə muğama deyil, həm də sizlərə göstərilən qayğıdı.

- Muğam- Azərbaycanımızın klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır. Son 10 ildə muğamımıza dövlətimiz tərəfindən çox böyük diqqət göstərilir. Məhz bunun sayəsində bu janr gənclər arasında ən çox sevilən, muğam ifaçıları isə ən çox hörmətlə qarşılanan sənətçilər sırasında yer almaqdadır. Doğurdan hal-hazırda keçirilən müsabiqələrdə nə qədər gənclərimiz öz istedadlarını göstərib. Bu gün layiqli yerlərini tutublar. Sevindirici haldır ki, muğamımız Respublikanın birinci xanımı Mehriban Əliyevanın himayəsindədir və məhz onun sayəsində 2008-ci ildə Azərbaycan muğamı YUNESKO Ümumdünya İrs Siyahısına daxil edilib. Bu onu göstərir ki, Azərbaycan muğamını bütün dünya qəbul edir. Göstərilən bu qədər diqqət və qayğının qarşılığında bizə qalan üzərimizdə çalışmaq, göstərilən etimadı doğrultmaqdı.

- Ayşen Mehdiyevanı muğama gətirən kim oldu?

- Musiqi məktəbinə gedəndə ilk olaraq direktor Nəriman Əliyevin otağında musiqi yoxlamasından keçdik. Təbii ki, valideynlərim məni xanəndə olaraq deyil, pianino sinfində dərs almağa gətirmişdilər. Lakin, yoxlanışda hər şey dəyişdi. Nəriman müəllim, "bu qız xanəndə olacaq", -  dedi. Məni Məmmədbağır müəllimin sinfinə yazdı. Həmin il Məmmədbağır müəllim 6 saylı musiqi məktəbinə yeni təyin olunmuşdu. İlk dəfə idi ki, pedoqoji fəaliyyətlə məşğul olacaqdı. Dərslər başlayanda, ilk əvvəl müəllimim məni bəyənmədi. "Bu qızı kim götürüb, ritmi yoxdu". Təbii ki, uşaq olaraq bu mənə çox pis təsir etdi.

Bir müddətdən sonra isə müəllimim məni valideynlərimə tərifləməyə başladı. Sinfimizdə həm kiçik yaşlı tələbələr, həm də böyük yaşda tələbələr  vardı. Onlar bir balaca səs edən kimi Məmmədbağır müəllim ""İstəmirsizsə çıxa bilərsiz",-  deyirdi. Amma mənə heç vaxt belə söz deməzdi. Mənə hər zaman "Səni qızım kimi çox istəyirəm. Bu sənətdə olma, get ailə qur", - deyərdi.

Bu istiqamətə məni əsas yönləndirən atam olub. Səsim olduğunu biləndə təhsil almağıma etiraz etmədi, əksinə hər zaman mənə dəstək oldu.

 6 - ci muğam müsabiqəsi başlayıb. Daimi izlədiyiniz, dəstəklədiyiniz ifaçi varmı?

- Sözün düzü,  hələki izləmə imkanım olmayıb (gülür). Amma istedadlı gənclərimiz hər zaman olub, olacaqda.Çünki muğam bizim qanımızdadı. Allah hər bir iştirakçıya uğur versin, yolları açıq olsun.

-Ayşən xanım, səhv etmirəmsə ilk qatıldığınız müsabiqə "Xalq ulduzu"olub?

- Bəli, ilk dəfə "Xalq ulduzu" müsabiqəsinə qatıldım. Müsabiqədə iştirak etməyim barədə valideynlərimə heç nə deməmişdim. Çünki, özümə güvənim yox idi. Düşünürdüm ki, birdən seçim turlarını keçə bilmərəm. Finala keçən iştirakçılar arasında olduğumu biləndə isə çox sevindim və yalnız bundan sonra vaildeynlərimə bildirdim.

- "Xalq ulduzu" müsabiqəsi bəstəkar, xalq mahnılarından ibarət müsabiqə idi. Muğam müsabiqəsində iştirak etmək isə bir qədər çətin və daha çox məsuliyyətlidi. Bu çətin müsabiqədə kimlər sizə dəstək oldu?

- Bu müsabiqədə mənə əsas dəstək vaildeynlərimdən olub. Onların dəstəyi hər zaman mənimlədi. Həm xalq ulduzu yarışmasından sonra məqsədimmuğam müsabiqəsində iştirak etmək idi.Ona görə bu istiqamətdə hazırlığımı davam etdirdim.  İncəsənət Universitetində təhsil aldığım dövrdə əməkdar artist Ruzə İbişovadan muğamın sirlərini öyrənirdim.

Bunlarla bərabər müsabiqə vaxtı ən böyük dəstək ustadım Gülyaz xanımdan olub. Siz özünüz də yəqin ekrandan onun bizim ifamız zamanı necə həyacan keçirdiyini müşahidə etmisiniz. Gülyaz xanım müsabiqə vaxtı mənim üzərimdə çox əziyyət çəkdi. Hətta elə vaxt olub ki, uzaq rayondan toydan gəlib, gecəsaat 12-1-də bizim  müsabiqə proqramına hazırlaşdırıb.

- Çox zaman ustadınızla eyni səhnəni, konsert salonlarını bölüşürsünüz. Bu nece bir hissdi?

- Bu hissi ifadə etmək doğurdan çox çətindi. Məsələn, martın 21- də Heydər Əliyev adına Respublika sarayında bayram konserti idi. Səhnəni Arif Babayev, Səkinə İsmayılova, Nəzakət Teymurova kimi böyük ustadlarla bölüşürdüm. Evə gəlib şəkillərə baxanda, istər - istəməz qürur hissi keçirdim. 4 il bundan öncə bu insanlar münsif kimi mənə qiymət verirdilər. Bu gün isə onlarla eyni səhnəni bölüşürəm.

- Müsabiqə boyu bir çox muğamları uğurla ifa etmisiniz. "Cahargah", "Mirzə Hüseyn", "Zəminxarə" və.s Bütün bu muğamlardan sizin ruhunuza yaxın olanı hansıdı?

- Muğamlarımızın hər biri gözəldi. Amma hər bir insanın ruhuna yaxın olan bir muğam var. Mənim ruhuma yaxın olanı isə "Zəminxarə" və "Bayatı şiraz" - dı. Ümumiyyətlə isə bu, insanın ruh halından asılıdı. Həmin anda hansı ovqatdasansa, ruhuna yaxın olan da o olacaq.

- Müsabiqədə iştirak edən xanəndələrin demək olar ki, hamısı orkestrlə ifaları  var. Xanəndə üçün orkestrlə ifa nə dərəcədə çətindi?

- Əslində çox çətindir. Amma mən "Xalq ulduzu" yarışmasında iştirak etdiyim müddətdə, Xalq artisti Ağa Cəbrayıl Abbasəliyev mənə bəstəkar və xalq mahnılarını düzgün ifa etməyin sirrlərini öyrətmişdi. Bununla belə bəzən müəyyən çatışmazlıqlar olur.

- Müsabiqə boyu münsiflər hər zaman repertuar seçiminizin incəliklə, xüsusi seçdiyinizi vurğulayırdılar. Müsabiqədən sonra da yaradıcılığınızda bu xüsusiyyeti qoruyursunuz. Bu işdə sizə kömək edənlər olur?

- Müsabiqə boyu proqramımı hər zaman ustadımla məsləhətləşib hazırlamışıq və bir dəfə də olsun təkrar muğam ifa etməmişəm. Hər dəfə başqa - başqa muğamlarımıza müraciət etmişəm. Müsabiqədən əvvəl və sonar da tarzən Mehman Mikayılovla çalışmışıq. Qədim xalq mahnılarını araşdırıb tapırıq. Onları yeni aranjimanda yeni nəfəslə tamaşaçılara çatdırmağa çalışırıq. Bu mahnılar, təsniflər arasında yaşı yüzdən çox olanları var ki, onları heç kim ifa etmir. Folklorda, dillərdə qalıb. Keçən il ərzində 10-a yaxın belə təsnifə yeni nəfəs vermişik. Bu il də bir çoxlarını tapmışıq və üzərində işləyirik. İnşallah, yaxın günlərdə  tamaşaçılarımıza çatdıracağıq.  Cənubi Azərbaycanda ifa olunan "Gözəl qızı sevərlər" adlı bir qədim xalq mahnısı var. Bu mahnını ifa etdikdən sonra bütün dünyada yaşayan cənublu soydaşlarımızdan çoxlu məktublar aldım. Aldığım bütün məktubların hər birində təşəkkür, sağ ol vardı. Bu ifamla onları keçmişə qaytardıq. Biz bu təsnifləri, mahnıları tapıb, yenidən xalqımıza qaytarırırq. Çalışıram ki, ifamda təkrara yol verməyim.

- Bir çox xanəndələrin, müğənnilərin repertuarlarına türk musiqiləri geniş yer alır. Sizin ifalararınızda, repertuarınızda türk musiqilərinə tez - tez rast gəlirik. İfalarınızda Sezen Aksu yaradıcılıgı da yer alır.  Niyə məhz Sezenə üstünlük verdiniz?

- Muğama başlamazdan öncə türk musiqisinə çox böyük marağım vardı. Xüsusilə, Sezen Aksu yaradıcılığna. Çünki bu insan yazdığı hər bir mahnını, ifa etdiyi hər bir əsəri içdən yaşayır, yaradır. Türk musiqilərinə yenə də müraciət etməyi düçünürəm. Fikrimdə bir neçə mahnı var. Muğamla bərabər ruhumda bu musiqi də var. Studiyada ilk yazdırdığım mahnı məhz Sezen Aksunun "Ah İstanbul" mahnısı olub. O zaman 17 yaşım vardı. Sonralar "Sən ağlama" və "Səndən öyrəndim" mahnılarını ifa etdim.

- "İstanbul" mahnısını özünüzə məxsus ifa etmisiniz. Çoxları üçün İstanbul sevgi şəhəri, ayrılıq şəhəridi. Bilmək olar, İstanbul özünü Ayşənə necə sevdirdi?

- İstanbulu çox sevirəm. İnsan  niyə sevdiyini bilməz ki...  İstanbul bir tarixdi, mən də tarixi yerləri çox sevirəm. Axırıncı dəfə 3 il bundan öncə olmuşam orda, planımda var ki, yenidən səfər edim. İstanbul mənim hər zaman sevdiyim şəhərdi.

- Səhnəmizin bütün xanəndələri öz sözlərini  hər zaman "Leyli və Məcnun" - la deyiblər.  Bir çox xanəndələr üçün, Leyli və ya Məxnun obrazını ifa etmək sənətin ən uca zirvəsinə nail olmaq anlamındadı. Bu günə qədər səhnəmizdə olan bütün Leylilər qaragöz olublar. Məcnun alagöz Leylisi olacaq?

- "Leyli və Məcnun" sevgisi ilahi sevgidi. O tək Leyli ilə Məcnun arasında olan sevgi deyil. Məsələn, onlar dua edəndə belə bir-birini Allahdan istəyirlər. Mənə elə gəlir ki, Leylini oynayan adam səhnədə o təbii hissləri yaşamağı bacarmalıdı. Yəni, Leyli obrazını oynamaq qəzəl əzbərləyib, oxumaqla bitən iş deyil. Səhnədə gözlər yaşarmalıdır. Bunu ilk dəfə sizə deyirəm. İnşallah, tezliklə alagöz Leylini görəcəksiz (gülür). Onu da qeyd edim ki, səhnəmizdə həmişə gözəl Leylilərimiz çox olub və bu gün də var.

- Ayşən xanım, sizi qarşısına qoyduğu məqsədə nail olan bir insan kimi tanıyıram. Məncə, yanılmamısam. Ailə, körpə uşaqlar və hər ikisindən də çətin olan bir sənət - xanəndəlik. Bunların hamısını bir arada nece idarə edirsiniz?

- Hamı deyir sənət və ailə çox çətindi. Amma mənə görə çətin deyil. Biri digərini tamamlayanda bir uğur düsturu yaranır. Uğurlarıma doğru daima məni həyat yoldaşım, valideynlərim və mənə ruh verən uşaqlarım aparıb. Allah hər kəsin ailəsini qorusun. Bir qadının xoşbəxtliyi onun ailəsidi. Bundan böyük xoşbəxtlik tanımıram.

- Bu yaxınlarda yeni layihə hazırladınız. "Gecələr" mahnısına olan klipiniz Türkiyədə yayımlanır. Niyə məhz Türkiyəni seçdiniz?

- Seçim onların oldu. Mən seçmədim, onlar məni seçdi. Türkiyənin məşhur "Netd muzik" youtube kanalı var. Kanalın 5 milyondan çox abunəçisi var. Klipi Azərbaycanda yayımladı. Onlardan təklif gəldi ki, istəsəz mahnınızı burda da yayımlaya bilərik. Sadəcə mahnının bütün haqlarını bizə verməlisiz. Mən də böyük məmuniyyətlə qəbul etdim.

- Növbəti ifalarınıza təkrar təklif gelib? Çoxları bu kliplə sizin Türk musiqi dünyasına qatılacağınızı düşünür.

-Yeni bir mahnım var, ona görə hələ təqdim etmirəm. Yazda klip düşünürəm. Çünki bu kanalda yalnız kliplər yayımlanır. Mahnını klipi ilə birgə təqdim etməyi düşünürəm. Mənim ora qatılmaq kimi bir fikrim olmayıb. Təklif də onlardan gəlib. Vətənimizdə görəcəyimiz işlərimiz çoxdu.

- Sosial şəbəkələrdə aktivliyiniz hiss olunur. İndi böyüyən uşaqlar üçün muğam keçmiş kimi görünmür. Onlar xanəndələrin müasir dovrün tələblərindən və imkanlarından istifadə etdiklərinə şahid olanda, muğamı qəbul edirlər. Səhifələrinizi özünüz idarə edirsiniz?

- Zənnimcə sosial şəbəkərdən istifadə mütləqdir. Çünki buranın da öz tamaşaçısı var. Televiziya izləməyən nə qədər insanlarımız var ki, onlara da bu şəkildə muğamımızı sevdirməliyik. Facebookdakı fan səhifə mənə Cənubi Azərbaycanda yaşayan Aysu xanımın hədiyyəsidi. Hazırda özüm və admin tərəfindən idarə olunur.

Nigar Adil

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR