V Qlobal Bakı Forumu Azərbaycanın haqq səsini dünyaya çatdırılmasında, dünyanın diqqətinin Azərbaycana yönəldilməsində əvəzolunmaz siyasi platformadır

Azər Badamov: "Ölkə başçısının səfəri Fransanın Qarabağ münaqişəsinin həll olunmasında həmsədr ölkə kimi fəaliyyətini aktivləşdirəcək"

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransaya baş tutan səfəri bir sıra parametrləri üzrə yadda qalan oldu. İstər siyasi, istərsə də iqtisadi səviyyədə keçirilən görüşlər Parislə Bakı arasında əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsi üçün əlverişli zəmin yaratdı. Dövlət başçısının keçirilən əksər görüşlərdə Dağlıq Qarabağ probleminə toxunması Azərbaycanın haqlı möqeyinin bir daha dünya ictimaiyyətinə çatdırlması baxımından da mühüm əhəmiyyət daşıdı. Millət vəkili Azər Badamov "OLAYLAR"-a verdiyi müsahibədə Azərbaycan Prezidentinin Fransaya səfəri və onun nəticələrindən danışıb.

-Azər müəllim, Azərbaycan Prezidentinin Fransaya səfəri, bu ölkədə keçirdiyi çoxsaylı görüşlər Bakı ilə Paris arasında münasibətlərin inkişafına hansı töhfələri verəcək?

-Azərbaycanla Fransa arasındakı münasibətlərin 25 illik tarixi vardır. Fransa Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdəndir. Fransa 1992-ci ildə Bakıda səfirlik açmaqla Azərbaycanla sıx əməkdaşlıq etmək niyyəti olduğunu göstərdi. Həm də ulu öndər Heydər Əliyev Fransanın Avropaya siyasi təsir imkanları və orada böyük erməni diasporanın olduğunu nəzərə alaraq ilk xarici səfərini Fransaya etmişdir. Bu illər ərzində Fransanın dövlət başçıları Azərbaycana, Azərbaycanın prezdenti isə Fransaya səfərlər etmişdir. Azərbaycanda Fransa məktəbi və universiteti açılmışdır, universitetlərdə Fransız dili kafedraları fəaliyyət göstərir və orta məktəblərdə xarici dil kimi Fransız dili tədris olunur. Azərbaycan mədəniyyət nümunələri Parisin Luvr muzeyində dünya mədəniyyət nümunələri ilə bir yerdə nümayiş və təbliğ olunur. Ümumiyyətlə, Cənab prezdentin Fransaya son səfəri iki ölkə arsında mövcud münasibətlər və əməkdaşlığının inkişafının yeni bir məhələsinə keçməsinə imkan yaradacaqdır.

-Dövlət başçısı ilə görüşdə çoxsaylı fransız şirkətlərinin də iştirakı iş adamlarının ölkəmizə olan marağının göstəricisi sayıla bilərmi?

-İki dövlət başçıları arasındakı bu dostluq münasibətlər Fransa ilə Azərbaycanın qarşılıqlı iqtisadi əməkdaşlıq imkanlarının əhatə dairəsini genişləndirmişdir. Fransanın Azərbaycanda 50-dən çox şirkəti fəaliyyət göstərir. Fransanın iqtisadiyyatımıza yatırdığı investisiyaların miqdarı 2 milyard dolları keçmişdir. Səfər çərçivəsində ölkəmizin başçısı Fransanın bir sıra aparıcı şirkətlərin rəhbərləri ilə görüşlər keçirmiş , iki ölkə arasında iqtisadi əməkdaşlığını genişləndirəcək bir çox razılaşmalar imzalanmışdır. Bu, Fransız iş adamlarının ölkəmizə marağını artıracaq və iqtisadiyyatımıza yeni investisiyaların gəlməsinə imkanlar açacaqdır.

-Prezidentin Parisdə Qarabağ problemi ilə bağlı səsləndirdiyi fikirlər, Azərbaycanın haqlı mövqeyinin bir daha beynəlxalq ictimaiyyətə çatdırılması rəsmi Parisin, eləcə də beynəlxalq aləmin münaqişənin həlli ilə bağlı səylərini artıracaqmı?

- Fransa Dağlıq Qarabağ- Ermənistan- Azərbaycan münaqişsinin sülh yolu ilə həll edilməsində iştirak edən ATƏT-in həmsədrlərindəndir. Prezdent Fransua Ollandla , Fransa Milli Assambleyasının və Senatın sədrli ilə görüşlərdə cənab Prezdent Ermənistanın beynəlxalq hüquqa hörmət etmədiyini, BMT qətnamələrini icra etmədiyini və beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycan torpaqlarının işğal altında saxladığını bir daha diqqətlərinə çatdırmışdır. Fransa bir daha Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını və münaqişənin ölkəmizin ərazi bütövlüyü prinsipinə əməl olunaraq sülh yolu ilə tez bir zamanda həll olunmasının tərəfdarı olduğunu bildirmişdir. Düşünürəm ki, ölkə başçımızın bu səfəri Fransanın Qarabağ münaqişəsinin həll olunmasında həmsədr ölkə kimi fəaliyyətini aktivləşdirəcəkdir.

-Bu arada Bakıda keçirilən V Qlobal Forumun əhəmiyyətini necə dəyərləndirirsiniz və bu forum Azərbaycan hıqiqətlərinin təbliği baxımından hansı əhəmiyyətə malikdir?

-Bu gün Bakıda sayca V Qlobal Bakı Forumu keçirilir. Forumda 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir. Nümayəndələr arasında prezdentlər, keçmiş siyasətçilər, elm adamları və bir çox nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. V Qlobal Bakı Forumu Azərbaycanın haqq səsini dünyaya çatdırılmasında, dünyanın diqqətinin Azərbaycana yönəldilməsində əvəzolunmaz siyasi platformadır. Məhz ölkəmizdə keçirilən belə beynəlxalq nüfuza malik tədbirlərin sayəsində Azərbaycan dünyada tanınmış və dünyanın hər bir yerində ölkəmizə böyük hörmətlə yanaşılır.

Süleyman İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR