“Bəziləri azad söz, fikir plüralizm pərdəsi altında hər cür iyrəncliklərə əl atırlar”

Əli Orucov: "Bizim üçün Azərbaycan dövləti, dövlətçiliyi hər şeydən üstündür"

Artıq bir neçə ildir ki, ölkə müxalifəti passiv fəaliyyət dövrünə keçib və ölkənin həyatında baş verən siyasi proseslərə heç bir təsir imkanı yoxdur. Bəs görəsən müxalifət düşərgəsinin bu səssizliyi normaldırmı? Bu və ya digər suallarla Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Orucovla söhbətləşdik.

-Əli bəy, müxalifət düşərgəsindəki səssizlik sizcə nə zamana qədər davam edəcək və bu səssizlik normaldırmı?

-Zənn etmirəm ki, müxalifət düşərgəsində səssizlik höküm sürür. Əksinə müxalifət ona yaradılan mühdud imkanlarla müəyyən irəliləyişlərə nail olmağa  çalışır. Nəzərə almaq lazımdır ki, müxalifət dedikdə hansısa fovqəladə və cəmiyyətdən kənar hansısa anlayış deyil. Müxalifət gücünü məhz cəmiyyətdən, onun ən müxtəlif sosial təbəqələrindən alır. Bu problem təkcə müxalif partiyalara aid deyil. Azərbaycandakı partiyaların və partiyalı sistemin real durumunu YAP yetkilisi Səyavuş Novruzov lakonik ifadə edib: "hər məmurun cibində bir partiya var". Partiyalar indi nazirlərin, məmurların ciblərindədir. Odur ki, belə cəmiyyətlərdə müxalifətı qınamaq da, ondan geniş fəaliyyət də gözləmək sadəlövlük olardı. Bu proses o vaxtadək çəkəcək ki, cəmiyyətin özü ictimai-siyasi proseslərin stimulverici və hərəkətverici qüvvəsinə çevrilməyəcək. Özü bu proseslərdə iştirakdan özünü kənar tutacaq. Əlini-qolunu sallayıb kiminsə ölkədəki durumu düzətməyi gözləməklə, müxalifətdən hansısa fəaliyyət göstərmək absurddur.

-Bəzən bu səssizliyi pozmaq üçün siyasi proseslərdən tamamilə kənar cəhdlər olur. Məsələn kimisi tarixi şəxsiyyətləri, kimisi isə Milli Azadlıq Hərəkatının liderlərini hədəfə seçir. Sizcə bütün bunlar nədən qaynaqlanır?

-Mən bunu səssizliyi pozmaq cəhdi kimi qiymətləndirməzdim. Kimisi boş-boş danışmaq, ağına-bozuna baxmadan gündəmdə qalmaq xəstəsidir, bəzi şou-biznes nümayəndələri kimi, bəziləri bekarçılıqdan bu yola əl atır, bəziləri isə bilərəkdən, cəmiyyətdə qarşıdurma, gərginlik yaratmaq, hansısa qüvvələrin sifariş və məqsədlərini həyata keçirmək üçün bunları edir. Bu adamlar çox təhlükəli olurlar və elə ustalıqla maskalanırlar ki, onları ifşa etmək çətin olur. Müqəddəs, toxunulmaz şəxs yoxdur. Milli Azadlıq Hərəkatının liderləri də insandır və onların da yanlışlıqları, səhvləri ola bilər. Fəaliiyyətin, əməlin tənqidi normal haldır. Problem odur ki, bəzi insanlar sağlam tənqid etməyi də, bunu həzm etməyi də bacarmır. Şəxsləri ideallaşdırmaq lazım deyil. Bunun pis nəticələri olur. Amma hər şey etik və əxlaq çərçivəsində olmalıdır. Sərhəd tanımayan, başqalarının heysiyyatı nəzərə alınmayan nə olursa olsun, sonu düşmənçilikdir. Buna artıq tənqid demirlər. Kiminin kimdən xoşu gəlməyə bilər, lap şəxsi müstəvidə, amma bu əsas vermir ki, publik şəkildə onu təhqir edəsən, böhtan atasan, şərəf və layaqətinə toxunasan. Təəssüf ki, belə ünsürlər azad söz, fikir plüralizm pərdəsi altında hər cür iyrəncliklərə əl atırlar. Həddindən artıq liberalizmin də bu cür fəsadları olur. Bunun digər səbəbi də ölkədə siyasət elminin və siyasətin tam formalaşmamasıdır. Siz normal xarici ölkələrdəki prosesləri də, siyasilərin davranışlarını da izləyirsiniz, görürüsüz bir-birlərinə ən qatı düşmən olanlar, bir-birini siyasi arenalarda didib parçalayanlar heç vaxt hüdud xəttini keçmir, formal da olsa sayğı nümayış etdirirlər.

-Ümumiyyətlə, son vaxtlar türkçülük, türk ideologiyasına qarşı sanki bəzi siyasilər tərəfindən bir qıcıq yaranıb. Sizcə bu təsadüfidir, yoxsa həmin siyasiləri danışdıran dairələr var?

-Burada təsadüf görmürəm. Sizin dediyiniz kimi həmin siyasiləri danışdıran dairələr var. Bu dairələr də türkün düşmənləri, türk varlığını istəməyənlərdir. Bunların da əsas qaynaq yeri, qida və ilham mənbəyi xüsusən İranın fars-molla rejimidir. Bir zamanlar rusa, sovet imperiyasına nökərçilik, danosçuluq edənlər də öz peşəsini davam etdirməkdədir. Bu onlar üçün həm vərdişə, bir peçəyə çevrilib, həm də gendən gəlmədi. Onların genləri pozuqdur. Nə və hansı kodlar daşıyır bu gen, onu da bir Allah bilir. Amma bu cür şər qüvvələrin nəyəsə nail olacaqları mümkün deyil. Çünki Türk milləti uca millətdir və haqqa ədalətə, ən əsası Ulu Tanrıya sığınıb və özünə güvən hissi çox güclüdür.

-Maraqlıdır ki, bütün bunların fonunda AMİP-də də sakit atmosfer hökm sürür. Partiyadakı səssiszlik AMİP-in başsız qalması ilə bağlıdır, yoxsa?

-Biz hər cür qalmaqallardan, lazımsız dartışmalardan və skandallardan həmişə uzaq durmuşuq. Sağlam atmosfer olmayanda orda durmağın nə anlamı var. AMİP dedi-qodularla, şou göstərməklə məşğul olmur, biz üzərimizə götürdüyümüz vəzifələri heç kimə minnət qoymadan, gözə soxmadan həyata keçirməklə məşğuluq. Partiyanın seçkili qurumlarının üzvləri, regional və mərkəzi strukturlar, hər kəs canlı və bütöv bir orqanizm kimi işləyir. Sizcə, özlərini ölkənin aparıcı müxalifət partiyalarının hansı fəaliyyətlərini AMİP-dən artıq hesab etmək olar. Beləsı yoxdur. Mən mübaliğəsiz deyərdim ki, əksinə ən fəalı da, ən çeviki də, ən faydalı iş görəni də məhz AMİP-dir. Neçə illərdir ki, AMİP qərargahsız qalıb və partiya Nəsimi rayon təşkilatının qərargahında məskunlaşıb.  Bildiyiniz kimi partiyanın beynəlxalq əlaqələri geniş olduğundan tez-tez əcnəbi qonaqlarımız olur. Biz həmin qonaqları qərargaha aparmiriq ki, bu mənzərə Azərbaycana başücalıgı gətirməz, onsuz da beynəlxalq aləmdə pis olan imicinə biz də daha tünd çalarlar verməyək. Çünki bizim üçün Azərbaycan dövləti, dövlətçiliyi hər şeydən üstündür. AMİP-də kollegiyal edarəetmə ona görə yaradılıb ki, fors-major vəziyyət yarananda ciddi fəsadlar verməsin, partiyanın taleyi və məsuliyyəti bir şəxsə yüklənməsin. Odur ki, sədrin istefası düşündüyünüz boşluğu yaratmadı. Partiyanın funksional fəaliyyətini həyata keçirən katiblik "başlı" partiyalardan işi daha yaxşı qurur. Odur ki, AMİP-də sakit yox, sağlam və işgüzar atmosfer höküm sürür. Yaxın aylarda isə cəmiyyətin səbrsizliklə və maraqla gözlədiyi sədri də partiyanın qurultayı seçəcək. Hələ əsas proseslər qabaqdadır, bizi yeni dönəm gözləyir. Bu dönəmə də tam gücü ilə hazırlıq bir an da olsa səngiməyib.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR