Struktur islahatları Azərbaycan Hökumətinin apardığı iqtisadi islahatların mühüm tərkib hissəsidir

Fikrət Yusifov: "Bu islahatlar yaxın 2 il ərzində öz bəhrəsini verəcək və iqtisadiyyatımızın neftdən asılılığı optimal bir həddə çatacaq"

Artıq bir neçə aydır ki, Azərbaycanda müxtəlif sahələri özündə əks etdirən köklü islahatlar həyata keçirilir. İstər siyasi, istər iqtisadi, istərsə də idarəetmə sahəsində həyata keçirilən islahatların tezliklə müsbət nəticələr verəcəyi şübhəsizdir. Elə əksər ekspertlər də bu qənaətdədir. "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri dokturu Fikrət Yusifovla söhbətimiz də qeyd edilən istiqamətlər üzrə oldu. "OLAYLAR"-a verdiyi müsahibədə Fikrət Yusifov qarşıdakı müddət ərzində ölkə iqtisadiyyatında gözlənilən yeniliklər barədə də danışıb.

-Fikrət bəy, artıq bir neçə aydır ki, ölkədə iqtisadi və idarəetmə sahəsində islahatlar həyata keçirilir. Bəzi nazirliklər birləşdirilir, yeni strukturlar formalaşdırılır. Bu islahatları necə dəyərləndirirsiniz və onun müsbət cəhətləri nədən ibarətdir?

-Struktur islahatları bu gün Azərbaycan Hökumətinin apardığı iqtisadi islahatların mühüm tərkib hissəsidir. Bu səbəbdən də ölkədə aparılan struktur islahatlarının davamlı olacağı heç bir şübhə döğurmur. Əslində indiki sürətli islahatlar dönəmində bu islahatlarsız keçinmək mümkün deyil. Bir ildən çoxdur ki, hökumət Azərbaycanda post-neft dövrünün başlandığını rəsmi şəkildə elan edib. Bu gün ölkədə bütün islahatlar məhz bu dövrün tələblərinə uyğun bir səviyyədə aparılır. Struktur islahatları idarəetmədə paralleliyin ləğvini, çevikliyin təmin edilməsini, inkişafın qarşısında əngələ çevrilən məqamların tam aradan qaldırılmasını hədəfləyən islahatlardır. Ötən iki il ərzində bu istiqamətdə çox işlər görülüb. İdarəetmədə maksimum çevikliyin təmin edilməsi üçün bir çox dövlət strukturları ləğv edilərək başqa müvafiq qurumlarla birləşdirilib, məmur - vətəndaş münasibətlərindəki neqativ halların aradan qaldırılması məqsədilə bir çox dövlət orqanlarının funksiyaları ASAN Xidmətə verilib. Bu istiqamətdə atılan addımlar bəzi strukturların ləğvini və onların yenidən təşkilini zəruri edib. Keçmiş Nəqliyyat Nazirliyi bu dediklərimizin bariz nümunəsidir. Son iki ildə bu nazirliyin bir çox funksiyaları alınaraq ASAN xidmətə ötürüldü və sonda nazirlik ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi. Hesab edirəm ki, Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin birləşdirilməsinə dair ölkə başçısının qəbul etdiyi qərar son deyil və qaşıdakı aylarda biz başqa uyğun nazirlik və komitələrin də birləşdirilərək yenidən təşkil edilməsini etiva edən yeni qərarların qəbul edilməsinin şahidi ola biləcəyik. Bu addımlar idarəetmədə paralelliyin aradan qaldırılması və çevikliyin təmin edilməsi ilə yanaşı həm də dövlət büdcəsinin vəsaitlərinə qənaət etməyə və lüzumsuz xərcləri aradan qaldırmağa imkan verəcəkdir.

-Bu ərəfədə dövlət başçısı əhalinin aztəminatlı təbəqəsi, xüsusilə məcburi köçkünləri də diqqətdən kənarda saxlamır. Belə ki, 23 yanvar tarixində dövlət başçısı məcburi köçkünlərə aylıq müavinətlərin müəyyən edilməsi barədə sənəd imzaladı. Paralel olaraq ötən günlərdə 23 yanvar fərmanına dəyişiklik edilməsi ilə bağlı daha bir sənəd imzalandı. Ümumiyyətlə, bu fərman və sərəncamlar məcburi köçkünlərin sosial problemlərinin həlli, onların həyat şəraitinin yaxşılaşdırılmasına nə dərəcədə müsbət təsir göstərir və dövlət başçısının son fərmanı prezidentin məcburi kpçkünləri hər zaman diqqət mərkəzində saxladığı, onların problemlərinə diqqət və qayğı ilə yanaşdığının göstəricisi sayıla bilərmi?

-Qaçqın və məcburi köçkünlərin bütün problemləri həmişə hökumətin diqqət mərkəzində olub. Ölkə Prezidenti cənab İlham Əliyev isə bu məsələləri bir qayda olaraq öz şəxsi nəzarətində saxlayır. Biz dəfələrlə bunun həqiqətən də belə olduğunun şahidi olmuşuq. Onun tez-tez bölgələrə səfər edib qaçqınların məskunlaşdığı yerlərədə onların problemləri ilə şəxsən maraqlanması dediklərimizə əyani sübutdur. Ölkədə aparılan islahatlar müxtəlif səviyyədən olan güzəştlərin aradan qaldırılması istiqamətində müəyyən addımları atmağı zəruri edir. Bu məqsədlə bu ilin yanvar ayında atılan addımlar qaçqınlarla bağlı bəzi mətləbləri ortaya çıxardı və Prezident yanvar ayının 23-də imzaladığı fərmana zəruri dəyişiklik etdi. Dəyişikliyə görə fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində - yəni keçmiş yataqxana, müalicə pansionatlarında və digər binalarda yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödəniləcəkdir. Bu addım bir daha onu göstərdi ki, dövlət başçısı qaçqın və məcburi köçkünlərin bütün problemlərinə həmişə həssaslıqla yanaşır. Qaçqın və məcburi köçkünlərə bu münasibətin nəticəsidir ki, bu gün yüzlərlə məcburi köçkün Cocuq Mərcanlıya qayıtmaq barədə müraciət edib.

-Bu arada dolların məzənnəsinin nəzərə çarpacaq dərəcədə aşağı düşməsi sizcə hansı amillərlə bağlıdır və bu davamlı xarakter alacaqmı?

- Hər bir ölkənin milli valyutasının məzənnəsinin durumu həmin ölkənin iqtisadiyyatının mövcud vəziyyətindən və onun ixrac imkanlarının səviyyəsindən bilavasitə asılıdır. Yola saldığımız 2016-cı ilin ilin 11 ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 4,2 milyard dollar müsbət saldo ilə yekunlaşıb. Bundan başqa, ötən ilin ikinci yarısından etibarən dünya bazarlarında neftin qiymətlərinin müəyyən bir səviyyədə sabitləşməsi baş verdi. 2016-cı ilin ortalarından başlayaraq bir barell üçün 50 dollar ətrafında dəyişən bu qiymətlər ötən ilin dekabr ayından bu günə qədər artaraq bir barell üçün artıq 55 dollar ətrafında dəyişməyə başladı. Bura OPEK-in neft hasilatını azaltmaqla bağlı son qərarının da müəyən təsirini əlavə etmək olar. Qiymətlərin bu şəkildə artıb sabitləşməsi neft hasil edən ölkələrin daha çox valyuta gəlirləri əldə etməsi deməkdir. Bu prossesin bundan sonra necə davam edəcəyinə heç bir təminat olmasa da, reallıq bundan ibarətdir ki, artıq 8 aya yaxındır neftin qiymətlərində baş verən proseslər pozitivdir. Bu məsələ ilə bağlı hadisələrin sonrakı inkişafı Amerika Birləşmiş Ştatlarının yeni admnistirasiyasının aparacağı iqtisadi siyasətdən çox asılı olacaqdır. Bəlli siyasi motivlərlə ABŞ neftin qiymətlərinin artımına qarşı çıxmasa, qiymətlərin bundan sonra da sabit qalması və bir qədər də artması gözləniləndir. Cari ildə və ondan sonrakı illər ərzində dünya iqtisadiyyatında pozitiv meyllərin baş verəcəyi daha çox gözləniləndir. Artıq yola saldığımız ildə bu ənənələrin başlanğıcını qoyuldu. Dünya iqtisadi müstəvisində hadisələrin bu şəkildə davam etməsi, neft hasil edən ölkələrdə də iqtisadiyyatın normal inkişafını şərtləndirəcək. Belə olduğu halda, bu ölkələrdə milli valyutaların məzənnəsinin möhkəmlənərək müəyyən bir səviyyədə sabit qala biləcəkdir. Azərbaycana gəldikdə isə neftin qiymətlərinin bundan sonra necə dəyişməsindən asılı olmayaraq, hökumət artıq ölkədə post-neft dövrünün başlandığını elan edib və onun bu gün apardığı sürətli iqtisadi islahatlar mümkün qədər qısa zaman kəsiyində ölkə iqtisadiyyatının real sektora transformasiya edilməsini hədəfləyib. Hesab edirəm ki, bu islahatlar yaxın 2 il ərzində öz bəhrəsini verəcək və iqtisadiyyatımızın neftdən asılılığı optimal bir həddə çatacaqdır.

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR