Türk politoloq: “BMT və başqa beynəlxalq təşkilatlarda radikal islahatlar həyata keçirilməlidir”

İstanbuldakı Yedditəpə Universitetinin dosenti, beynəlxalq məsələlər üzrə tanınmış şərhçi Arda Batunun müsahibəsi

- BMT-nin yeni baş katibi Antonio Qutyerres Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən beynəlxalq toplantıda bu gün BMTTəhlükəsizlik Şurasına açıq-aşkar etimadsızlıq olduğunu və İkinci Dünya müharibəsindən sonra yaradılan təşkilatın artıq müasir dünyanın məntiqinə uyğun gəlmədiyini  bildirdi. Siz necə düşünürsünüz?

- BMT baş katibi tamamilə haqlıdır, düz deyir. Bunu hər kəs görür və əksəriyyət etiraf edir. Müasir dünya sistemiylə təxminən 70 il əvvəl qurulmuş bir təşkilatın ahəngi arasında böyük ziddiyyətlər var. BMT-nin və ona paralel şəkildə Təhlükəsizlik Şurasının həm fəlsəfəsində, həm də strukturunda çox ciddi islahat və dəyişikliklər aparılmalıdır. Bu, qaçılmazdır. İslahatların həyata keçirilməsi qısa müddətdə mümkün olmayacaq, bunu qəbul etmək lazımdır. Ancaq burada əsas məsələ islahatların ağrı-acısız həyata keçirilməsidir. Keçid dövründə mümkün qədər "smooth" (yumşaq) metodlardan istifadə etmək lazımdır. Çünki hal-hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr əllərindəki gücü buraxaraq müasir dünyanın ahənginə uyğun olan bir sistemə keçməyi asanlıqla qəbul etməyəcəklər. Ancaq dünyadan gələn təzyiqlər əvvəl-axır o addımın atılmasını şərtləndirəcək. Əsas məsələ prosesi mümkün qədər qada-bəlasız yola verməkdir.

- Prezident Rəcəb Tayyib Ərdoğan baş nazir olduğu dönəmdən bəri dünyanın 5-dən böyük olduğunu vurğulayaraq, Təhlükəsizlik Şurasının strukturunun dəyişdirilməsinin  və BMT-nin qərar mexanizmlərində ölkələrin ədalətli şəkildə təmsilçiliyinin lüzumundan bəhs edir. Bu barədə nə demək istərdiniz?

- Hörmətli prezidentimiz haqlıdır və bu düşüncəsini bir çox kürsüdən dilə gətirir. Türkiyə istər BMT-də, istərsə digər beynəlxalq təşkilatlarda o biri müsəlman ölkələriylə müqayisədə daha çox fəallıq nümayiş etidirərək digər ölkələrə də imkanı dərəcəsində dəstək verən ölkədir. Digər beynəlxalq təşkilatların çoxu bu gün funksiyalarını itirib və zamanın tələbinə uyğun şəkildə qərarlar qəbul etmək imkanından məhrumdurlar. Həm də o təşkilatların qərarlarının sanksiya gücü yoxdur, qərarların əksəriyyəti kağız üstündə qalır. Ona görə, radikal islahatlar ən böyük beynəlxalq təşkilat olanBMT-dən başlayıb, yuxarıdan aşağıya tərəf davam etdirilməlidir. Yoxsa, bu ətalətli durum davam edəcək. Ətalət olan yerdə qəbul edilmiş qərarların hansı gücündən danışa bilərik?

- BMT Təhlükəsizlik Şurasının gücsüzlüyünün və ikili standartının ən bariz örnəklərindən biri ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarını qeydsiz-şərtsiz tərk etmələrinə dair qəbul etdiyi 4 qətnamədir. Sizcə, bu struktur qaldığı müddətcə BMT-nin işğalçılara təzyiq göstərməsindən söhbət gedə bilərmi?

- Biz Azərbaycanı özümüz kimi görürük, ona görə bütün beynəlxalq platformalarda Azərbaycan torpaqlarının bir an əvvəl erməni işğalından xilas edilməsi məsələsini gündəmə gətiririk. İndi BMT Təhlükəsizlik Şurasında uzun bir "dondurulmuş və həll edilməmiş konfliktlər" siyahısı var. Kipr də onlardan biridir. Təəssüf ki, istər Azərbaycan torpaqlarının erməni işğalından qeyd-şərtsiz azad edilməsi, istərsə də Kipr məsələsinin həllində nə BMTTəhlükəsizlik Şurası, nə də Avropa Şurası ədalətli addımlar ata bildilər. Uzun siyahıda olan problemlərin həlli istiqamətində BMT-nin mövcud strukturundan heç nə gözləmək lazım deyil. BMT-də və digər beynəlxalq təşkilatlarda radikal islahatların qısa müddətdə həyata keçirilməsi mümkün olmayacağına görə, onlara arxayın olmağın tərəfdarı da deyiləm. Məncə,BMT Təhlükəsizlik Şurasına inamın itməsində Azərbaycan torpaqlarının erməni işğalından qeydsiz-şərtsiz azad edilməsiylə bağlı qəbul edilmiş 4 qətnamənin indiyə qədər yerinə yetirilməməsinin də önəmli rolu var.

- Tanınmış diplomat  və siyasətçi  olmuş mərhum atanız İnal Batu Türkiyənin BMT-dəki daimi təmsilçisi vəzifəsini də tutmuşdu. Siz təhsilinizin bir qismini Nyu Yorkda almısınız və BMT-nin fəaliyyət mexanizmini yaxşı bilirsiniz. Problemlərə o prizmadan baxaraq nə demək istərdiniz?

- Atamı xatırladığınıza görə sizə təşəkkür edirəm. 1990-cı illərin əvvəlindənBMT-dəki prosesləri yaxından izləmə fürsətim olub. Gələn həftə BMT-də bir toplantıya gedəcəyəm. O vaxtlar da eyni mexanizm işləyirdi: məsələn, Kipr məsələsiylə bağlı hansısa təşəbbüs edilərək addımlar atmağa çalışanda müxtəlif lobbilər gizli fəaliyyətə başlayıb hər şeyi öz istədikləri zəminə çəkirdilər. Ona görə də  BMT-nin həll etməyə təşəbbüs göstərdiyi bir çox konflikt həll edilmədən bu günə  qədər gəlib çıxdı. BMT-də və digər beynəlxalq təşkilatlarda radikal islahatlar qaçılmazdır, mən BMT-ni böyük miqdarda neft daşıyan gəmiyə bənzədirəm, böyük gəmilərin yön dəyişdirməsi nə qədər çətindirsə, BMT-dəki islahatlar da o qədər çətin olacaq. Önəmli olan şey o prosesi ağrı-acısız yola verməkdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR