Əflatun Amaşov: "İnternet medianın sürətlə artan sayı qarşısında adekvat reaksiya xeyli çətindir"

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun müsahibəsi.

- Əflatun müəllim, 2016-cı il Mətbuat Şurasının fəaliyyətində hansı cəhətlər yadda qaldı?

- Mətbuat Şurası hər zaman ənənəvi fəaliyyət istiqamətlərinə sadiqdir. Qurumun işində başlıca yeri şikayətlərin araşdırılması tutur. 2016-cı il də bu baxımdan fərqlənmir. Əlbəttə, müxtəlif istiqamətləri əhatə edən fəaliyyətimiz də olub.

Ümumən ötən il Şurada 686 müraciət qeydə alınıb. Onlardan 322-si bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. Ayırı-ayrı vətəndaşlardan 118, dövlət idarə, müəssisə və təşkilatlarından 91, özəl müəssisələrdən 78, özünüidarəetmə orqanlarından 16, ictimai qurumlardan 19 şikayət daxil olub.

Katiblik 322 şikayətlə əlaqədar tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 184 məsələ Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 138 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib.

2016-cı ildə Şuraya daxil olan şikayətlərin 138-i komissiyalarda baxılıb. Bunlardan 90-ı Şikayətlər üzrə Komissiyada, 48-i "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında araşdırılıb.

Şikayətlər üzrə Komissiyada baxılan 90 məsələdən 42-i komissiya səviyyəsində həllini tapıb. Digər 48 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.

"Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 48 şikayətdən 18-i barədə təqdimat verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.

Şuranın İdarə Heyəti 2016-cı ildə ümumilikdə 44 qərar çıxarıb. Bu zaman Şikayətlər üzrə Komissiyanın 48 rəyindən 40-ı (8 rəy təkrar baxılmaq üçün Katibliyə qayratılıb), "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının isə 18 təqdimatından 8-i əsas götürülüb.

- Ən çox şikayətlər hansı tip media orqanlarının fəaliyyətindəndir?

- Mətbuat Şurası 2003-cü ildən fəaliyyətdədir və ötən müddətdə şikayətlərin çoxluğu baxımından qəzetlər üstünlük təşkil edirdi. 2015-ci ilin statistikasına diqqət yetirsək, ümumi şikayətlərin 48,3 faizi qəzetlərdən idi. Həmin vaxt internet media orqanlarından şikayətlər 38,8 faizə çatırdı. 2016-cı il üçün diqqətçəkən tendensiya ikincilərin 51,9 faizlə birinciliyi əldə etməsidir. Üstəlik, informasiya agentliklərindən şikayətlər də 14,8 faiz təşkil edib. Rəqəmləri toplasaq, internet üzərindən yayımlanan kütləvi informasiya vasitələrindən şikayətlər ümumi şikayətlərin 66,7 faizini təşkil etmiş olacaq. Qəzetlərin bu baxımdan olan göstəricisi isə 29,3 faizdir.

Yəqin fərqi hiss etdiniz. Bu fərq böyük dəyişiklikdən xəbər verir. İnternet medianın cəmiyyət həyatındakı təsiri artır.

Biz şikayətlərdən söz açırıqsa, təbii ki, internet medianın vurduğu ziyan da çoxalır. Nəzərə almaq lazımdır ki, ənənəvi media öz yerini onlayn mediaya verir. Ancaq başqa bir reallığı da ciddi şəkildə düşünməliyik. Bu, nədən ibarətdir? Əgər qəzetlərin peşə prinsiplərini pozmalarının qarşısının alınmasında müəyyən tənzimlənmə işləri aparılmışdısa, internet medianın sürətlə artan sayı qarşısında adekvat reaksiya xeyli çətindir. Digər tərəfdən, qəzetlər hüquqi münasibətlər sistemində çıxış edirlərsə, internet üzərindən yayımlanan KİV-lər üçün belə bir vəziyyət, demək olar, yoxdur. Bu isə onların məsuliyyət hissini aşağı salır.

- İnternet media orqanlarının fəaliyyətində məsuliyyətsizlik məsələsini qabartdınız. Bu barədə bir qədər ətraflı məlumat verməyinizi istərdik.

- Bir qədər öncə də vurğuladım ki, Mətbuat Şurası 2016-cı ildə 44 qərar çıxarıb. Təsəvvür edin, bu qərarlardan 30-u bilavasitə internet üzərindən yayımlanan KİV-lərlə bağlıdır. Özü də elə qərarlar var ki, orada cavabdeh kimi 2 və daha çox internet KİV göstərilib. Vəziyyəti acınacaqlı edən də budur. Onlar arasında "korporativ həmrəylik" var. Məsələn, hansısa qurum haqqında məlumat, baxırsan ki, 2-3, bəzən də 4 xəbər saytında yayımlanır. Materialın xarakterindən onun təmənna məqsədilə qələmə alındığı aşkar görünür. Toplanmış materialların nəzərdən keçirilməsi də məsələnin mahiyyətini təsdiqləyir.

Digər bir məqamdan da söz açmaq istərdim. 2016-cı ildə Azərbaycan Mətbuat Şurasına edilən şikayətlərin motivini təşkil edən materiallarda "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın pozulma faizinə nəzər salsaq, görərik ki, qaydaların "Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı" prinsipinin 3.2 bəndinin "jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır" bəndi daha çox pozulub. Bu baxımdan 28,9 faizin mütləq əksəriyyəti internet media orqanlarının payına düşür. Düşünürəm ki, bu, çox ciddi siqnaldır. AJPDQ-nın "Jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir" tələbi üzrə pozuntu faktları 24,8 faiz təşkil edir. Bu statistikada da böyük pay sahibi xəbər saytlarıdır.

- Yəqin "qara siyahı"ya daxil edilənlər içərisində də internet xəbər portallarının sayları artmaqdadır...

- 2016-cı ildə Şurasın "qara siyahı"sına ümumilikdə 10 KİV-in adı daxil edilib. Bunlardan 3-ü saytdır. Adı əvvəlki illərdə "qara siyahı"ya daxil edilmiş 2 qəzetin onlayn versiyası kimi fəaliyyət göstərən 2 xəbər saytı da qeyd edilməlidir. Onu da deyim ki, Şuranın 44 qərarından 10-u cavabdeh KİV-in adının "qara siyahı"ya salınmasını nəzərdə tutur.

- Digər qərarlarda nə kimi cəza tədbirləri nəzərdə tutulur?

- Cavabdeh KİV-in adının "qara siyahı"ya daxil edilməsi Mətbuat Şurasının ən son cəza tədbiridir. Daha doğrusu, ən son ictimai qınaq vasitəsidir. Ümumən Şuranın təsir mexanizmi ictimai qınağa əsaslanır. Ayrı-ayrı qərarlarda qarşı tərəfdən üzrxahlıq, təkzib verilməsi, qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməsi, bəzən bütün bunların hamısı nəzərdə tutulur. 44 qərarın 10-u cavabdeh KİV-in adının "qara siyahı"ya daxil edilməsini nəzərdə tutursa, 14 qərar cavabdehlə bağlı üzrxahlıq, 12 qərar üzrxahlıq və təkzib, 8 qərar qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməsi məsuliyyətini müəyyənləşdirir.

- Qeyd etdiyiniz ki, şikayətlərin araşdırılması Mətbuat Şurasının ənənəvi fəaliyyət istiqamətidir. 2016-cı ildə Şura başqa nə kimi tədbirlər gerçəkləşdirdi? Bununla bağlı hansısa cəhəti xüsusi qabartmaq istərdinizmi?

- Düşünmürəm ki, konkret nəyisə xüsusi fərqləndirmək mümkündür. Hər bir fəaliyyət bizim üçün önəmlidir. 2016-cı ildə Şura dövlət sənədlərindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar 7 tədbir keçirib. Jurnalistika və ictimai fikir tariximizlə bağlı kitab və vəsaitlərin təqdimatı, jurnalistikamızın inkişafında xidmətləri olan şəxslərin yubileyləri ilə bağlı 6, həmçinin 10 tematik toplantı təşkil olunub. Şuranın Ahıl Jurnalistlər Məclisinin xətti ilə 8 ahıl jurnalist evində ziyarət olunub, MŞ İdarə Heyətinin üzvlərinin 6 xarici səfəri gerçəkləşib. Xeyli xarici qonaq qəbul olunub. İl ərzində Mətbuat Şurası media məkanımızdakı müxtəlif tendensiyalarla bağlı dəfələrlə bəyanatlar yayıb. Azərbaycan Mətbuat Şurası sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində - Referendumda jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparıb. Bu məqsədlə Şuranın İdarə Heyətinin üzvləri istər paytaxtda, istərsə də ölkəmizin müxtəlif bölgələrindəki seçki məntəqələrində peşə vəzifəsini yerinə yetirən jurnalistlərə yaradılmış şəraitlə tanış olublar.

2016-cı ildə Mətbuat Şurası Avropa Şurasının Azərbaycan Nümayəndəliyi ilə birgə "İfadə azadlığı və media azadlığı" layihəsini icra edib. Layihə çərçivəsində jurnalist peşəkarlığının müxtəlif istiqamətlərinə, diffamasiya məsələlərinə diqqət yetirilib. Azərbaycan jurnalistlərinin bir qrupunun Strasburqa səfəri gerçəkləşdirildi. Onlar Avropa Şurasının institutlarında təlimlər keçmək imkanı əldə etdilər, öz bilik və bacarıqlarını təkmilləşdirdilər. Layihə çərçivəsində eyni zamanda ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən jurnalistlər üçün təlimlər təşkil edilib.

Xüsusən ötən il MŞ üçün vacib olan hadisələrdən birinin üzərində dayanmaq istərdim. Məlum olduğu kimi, 2016-cı ilin noyabr ayının əvvəllərində Tehranda Mətbuat Şurası ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin Mətbuat və İnformasiya Departamenti arasında anlaşma memorandumu imzalanıb. 10 maddədən ibarət olan memorandum media orqanlarımızı qarşılıqlı əməkdaşlıq qurmağa və onu möhkəmləndirməyə, xəbərlər, şəkillər, hesabatlar və s. daxil olmaqla öz məhsullarının qarşılıqlı mübadiləsini həyata keçirməyə təşviq edir. Sənəddə informasiya nümayəndəliklərinin fəaliyyətə başlamasına və idarə edilməsinə dəstək göstərilməsi, bunun üçün ən yüksək səviyyəli hüquqi və texniki əməkdaşlıq məsələlərininin reallaşdırılması, kütləvi informasiya vasitələrinin proqramlar, xəbərlər, müsahibələr kimi birgə media layihələrinin gerçəkləşməsi üçün nəzərdə tutulan tədbir və təşəbbüslərinə kömək edilməsi, qarşılıqlı jurnalist səfərlərinin təşkili və digər məsələlər əksini tapıb.

Azərbaycan Mətbuat Şurası 2016-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Saatlı və Tərtər Rayon İcra hakimiyyətləri ilə birgə jurnalistlər üçün yaradıcılıq müsabiqələri təşkil edib. Müsabiqələrdə ümumilikdə 50-dək jurnalist mükafatlandırılıb. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR