“Muğam ifa edəndə özümü səmada hiss edirəm”

Kamilə Nəbiyeva: "Bizlər hələki ustadlarımızdan bəhrələnirik. Onlardan öyrənəcəyimiz çox şeylər var"

Onu xüsusi tanıtmağa fikrimizcə ehtiyac yoxdu. Səhnəmizin düyməcik gözəlini, məlahətli səs sahibini, özünəməxsus səhnə hərəkətləri olan bu bəstəboy gözəli. 2011 - ci il keçirilən Televiziya Muğam Müsabiqəsinin qalibi Kamilə Nəbiyevanı. Onunla müsahibəyə bir az uzaqdan başladıq.

- Kamilə xanım, əgər Muğam müsabiqəsi olmasaydı, biz Kamilə Nəbiyeva adlı istedadlı ifaçı  ilə tanış ola bilərdikmi?

-Təbii ki, yenə tanış olardınız. Amma Muğam müsabiqəsi biz gənclər  üçün işıqlı qapı oldu və biz çox asanlıqla o qapını açıb, içəri daxil olduq.   Amma düşünürəm ki, Muğam müsabiqəsi olmasaydı, mən bu zirvəyə çətinliklə gələrdim. Bəlkə, bu sənətə gəlişim 5 il, 10 il zaman alardı.

Muğam müsabiqəsini təşkil etdiyiniə görə, Azərbaycanın dəyərli irsinə sahib çıxdığına görə Birinci xanım Mehriban Əliyevaya öz adımdan dərin təşəkkürümü bildirirəm. Mehriban xanım və müsabiqədə əməyi olan hər kəs çox sağ olsun ki, bizlər üçün belə bir işıqlı yol açdılar. Biz də o yolda uğurla addımlamalıyıq. Hal - hazırda Ana televiziyamızda  - AZtv - də solist kimi fəaliyyət göstərirəm. Bundan da çox qürur duyuram.

- Çox zaman valideynlər qız övladlarının sənətə gəlmələrinə mane olurlar. Sizdə bu mane nə dərəcə oldu?

- Mənə ən böyük dəstək ailəmdən gəldi. Atam Tahir Nəbiyev xanəndədi. İlk addımlarımı atamla atmışam. Anamın da gözəl səsi var. Segahı ilk dəfə anam öyrədib mənə. Ana babam gözəl tar ifaçısı olub. Nəsildən gəlir bu sevgi. Qardaşım babamın yolunu davam etdirir. Tarzəndi. İstedad da, dəstək də ailədən gəlib. Atam el şənliklərinə gedəndə, ağlayırdım ki, mən də oxumaq istəyirəm. Çox vaxt atamla duet oxuyurdum. Bacım da xanəndədi.  Ailə qurub və bu səbəblə də sənətinə bir az fasilə verib. Həyat yoldaşı və özü - hər ikisi xanəndədi.  Müəyyən müddətdən sonra yenidən səhnəyə qayıdacaq. Bacımın da gözəl səsi var.  Onun da sənətdə uğurlarının olmasını arzulayıram.

- Əvvəlki çıxışlarınızla indiki çıxışlarınız arasında   hansı fərqləri görürsünüz?

-İnanın, bu günə qədər 1 - 2 ifam bəlkə xoşuma gəlib. Heç bir ifamı bəyənmirəm. Əvvəlki ifalarıma qulaq asanda istəmişəm ki, sosial şəbəkələrdən bütün ifalarımı silim. Özümə qulaq asanda hər zaman özümü danlayıram. Hamı deyir ki, sən öz gücünə bələdsən. Ona görə heç bir ifandan razı deyilsən.

- Müsabiqə zamanı ustadınızın dəstəyini hər kəs, hətta efir qarşısında izləyənlər belə açıq - aydın hiss edirdi. Münsiflər demək olar ki, sizin ifanızdan sonra hər dəfə Gülyaz xanıma təşəkkür edirdilər. Müsabiqə bitdikdən  sonra da onun hər zaman sizə olan dəstəyini, sevgisini hiss edirik. Bu bağlılığın bu qədər səmimi olması nədən qaynaqlanır?

-2003 - 2004 - cü illərdə Astara rayonunda uşaq muğam müsabiqəsində hər zaman bacımla birgə çıxış edirdik. İki il o müsabiqəyə bacımla birgə qatıldıq. Hər dəfə biz səhnəyə çıxanda Gülyaz xanım çox həyəcan keçirirdi. Və zarafatla deyirdi ki, gəlin yeri bacılara verək.

Gülyaz xanım atamın nömrəsini götürdü. İki - üç ildən sonra atamın telefonuna zəng gəldi. Zəng edənin Gülyaz xanım olduğunu biləndə çox sevindim və o qədər ağladım ki... Deməli o bizi unutmamışdı...

Gülyaz xanım atama mənim sənədlərimi təcili hazırlayıb Asəf Zeynallı adına musiqi kollecinə, ya da  Bakı humanitar kollecinə verməyi məsləhət gördü.. Hər iki kollecdə dərs deyirdi və istəyirdi ki, mən onun tələbəsi olum. Həmin il sənədlərimi hazırladım və Bakı Humanitar kollecinə Gülyaz xanımın sinfinə daxil oldum. Üçüncü kursda oxuyanda Muğam müsabiqəsinin olacağını eşitdim və növbəti dəfə sənədlərimi hazırladım. Gülyaz xanım müsabiqə boyu və elə indi də mənə çox böyük dəstək verir. Bu tək müəllim, ustad dəstəyi deyil. Bu həm də bir ANA dəstəyidi. Beş ay müsabiqə boyu o məni öz evində saxladı. Hətta evində belə məni, səsimi qoruyurdu. Çox şadam ki, tanrı məni  gözəl ustad, gözəl ana, rəfiqə ilə rastlaşdırdı. Hələ də Gülyaz xanımdan bəhrələnirəm. Təhsil aldığım İncəsənət Universitetində də  Gülyanaq xanımın sinfindəyəm.  Gülyaz və Gülyanaq xanım mənim  həyatımın ən böyük şanslarıdı. Hər iki sənətkar mənim ustadımdı, mənə dayaqdı. Ömrüm boyu onlara minnətdaram.

- On, iyirmi ildən sonra muğamımızı müsabiqədə qalib, laureat olan xanəndələrə etibar edə bilərik? İndiki ustadları əvəz edərək sizlər də Muğam müsabiqəsində münsif kimi əyləşə bilərsiniz?

- Təbii ki, bu proses hər bir insanın həyatında  pillə - pillə olur. Hər kəs o zirvəyə ucalmaq istəyər. Eləcə də mən. Əminəm ki, digər sənət dostlarımda o cür xoşbəxt anları yaşamaq istəyirlər.  Bizlər hələki ustadlarımızdan bəhrələnirik. Onlardan öyrənəcəyimiz çox şeylər var.

- "Qəribəm" mahnısı fikrimcə ən uğurlu ifalarınızdan biridi. Qəribəm deyə - deyə bütün qərib elləri gəzirsiniz. Amerika səfəriniz haqqında məlumat verərdiniz, zəhmət olamasa...

- Amerika səfəri çox dəyərli, dünya şöhrətli  sənətkarımız Alim Qasımov və Fərqanə Qasımovanın dəstəyi ilə reallaşdı. O məşhur rəqqası Mark Morrisin qrupu ilə birgə "Leyli Məcnun" layihəsi var. Çox gözəl, möcuzəvi bir quruluş verilmişdi. Sentyabr, oktyabr aylarında  həmin qrupun Azərbaycana gəlməsi gözlənilir. İnşallah, hər kəsə o gözəl quruluşu canlı görmək qismət olar. Bu səfərdə mənimlə birgə digər gənc xanəndə - Mirələm Mirələmov da iştirak edirdi. Bizi bu layihəyə Alim Qasımov seçib. Çox xoşbəxtik ki, Alim müəllim, dəyərli sənətkarımız məhz bizi layiq bildi. Bu bizim üçün çox sevindirici haldı. Bu layihədə muğamımızla bağlı bir yenilik də oldu. İfa etdiyimiz qəzəllərdə bir, iki  misra ingilis dilinə tərcümə olunmuşdu. Muğamımızın beynəlxalaq səhnələrdə daim zirvədə qalması üçün bu çox gözəl təşəbbüsdü.  Bu layihə ilə bağlı iki dəfə Amerikada olduq. Birinci dəfə sentyabr, oktyabr aylarında, beş ştatda 12 konsertlə çıxış etdik. Konsertlərimiz çox uğurlu oldu. Sonuncu Amerika səfərimiz isə yanvar ayının ilk günlərinə təsadüf etdi. Nyu - Yorkda məşq etdik, konsert isə Honovarda oldu. İnşallah,  bu layihə hələ davam edəcək. Yenidən Amerikaya səfərimiz gözlənilir.

- Alim müəllim və Fərqanə xanımla bir səhnəni bölüşmək necə bir hissdi?

- Alim Qasımov kimi sənətkarla bir dövrdə yaşamağın özü böyük xoşbəxlikdi. Hələ üstəlik onunla bir səhnəni bölüşmək tamam başqa, sözlə ifadəsi mümkün olmayan gözəl hissdi, duyğudu.  Bizim üçün Alim müəllim və Fərqanə xanımla bir layihədə olmaq şərəfdi. Düşünürəm ki, sənətçi dostum Mirələm Mirələmov da mənimlə eyni fikirdədi.

- Qərb ölkələrində gənc muğam ifaçılarına qarşı münasibət necədi?  Yəqin ki, onlar üçün də gəncləri görmək və eşitmək yenilikdi. Düşünüəm ki, onlar da hər dəfə eyni səsi və simaları görməkdən məmnun deyillər.

- İnandırım sizi bizim muğamı o qədər diqqətlə dinləyirlər ki... və hədsiz çox sevirlər. Olduğum ölkələr içərisində mənim fikrimcə muğamımız ən çox Fransada sevilir. Onlar sadəcə musiqini eşidirlər. Oxuduğumuz qəzəllərdən heç nə başa düşmürlər. Hətta qəzəllərdəki mənanı anlamasalar belə, dəfələrlə bizim ifamız zamanı  ağladıqlarının  şahidi olmuşam.

Azərbaycanımızı, mədəniyyətimizi qərib ölkələrdə təqdim eləməkdən qurur duyuram. Bu günə qədər İtaliya, Fransa, Avstraliya, Amerikada 3 dəfə olmuşam, İsveçdə, Makedoniya, Ukraynada, Səudiyyə Ərəbistanında, Almaniya, Hollandiya və digər ölkələrdə  muğamımızı sevdirə bilmişəmsə özümü çox xoşbəxt hiss edərəm. Olduğum hər bir ölkədə gənclərə qarşı həmişə səmimi münasibət his etmişəm.

- Bəzi professional sənətkarlara nisbətən sizin  orkestrlə yetərincə ifanız var. Səsinizin və sənətinizin gücünü göstərə bilirsiniz?

- Hər xanəndə orkestrlə oxuya bilməz. Çox dəyərli sənətkarlarımız - Şövkət xanım, Rübabə xanım, Sara xanım hamısının orkestrlə ifaları var. Səid Rüstəmov adına Xalq şalğı orkestrı və Əhsən Dadaşov adına "Xatirə" ansamblında Dövlət televiziyası ilə birgə çox layihələrimiz var. Bir müddət hamı elə düşündü ki, biz artıq muğam ifa etmirik. Əslində bu bizim üçün yenilik oldu. Orkestrlə ifa asan deyil. Dövlət televiziyasının solisti olduqdan sonra biz orkestrlə ifa etməyə başladıq. Bu mənim üçündə bir sınaq oldu.

- Orkestrlə ifa zamanı yaşanan hisslərlə üçlüklə ifa zamanı yaşanan hisslər arasında nə kimi fərq var?

- O hisslər tamam başqa hisslərdi. Onu sözlə ifadə eləmək çətindi. Hər müşaiyətlə ifanın özünə görə çətinliyi var. Bizim əsas işimiz bildiyiniz kimi üçlükdən ibarətdi.Üçluklə ifa etdikdən sonra orkestrlə ifa etməyin özü də böyük cəsarətdi.

- Geyimləriniz hər zaman diqqət çəkir. Bu diqqət qapalı və eyni zamanda dəbi bir arada təqdim etməyinizlə bağlıdı.  Təbii ki, geyimlərinizdəki gözəlliyi, uğurlu rəng seçimini gizlətmək olmaz. Səhnə geyimlərinizlə məşğul olan modelyeriniz varmı?

- Geyimlərim üzərində  gənc və gözəl əl qabiliyyəti olan Gülşən xanım çalışır. Çox istedadlı modelyerdi. Bir çox sənətkarlar da onunla işləyir. Rəngləri özüm seçirəm. Təbii ki, Gülşən xanımla da məsləhətləşirəm. Geyimlərimdə ən çox qırmızı rəngdən, ən az isə qara rəngdən  istifadə edirəm. Mən hər zaman səhnədə və eləcə də gündəlik həyatımda  əsasən dəbdə olanı deyil, mənə yaraşan geyimlərdən istifadə edirəm. Mənim üçün dəb mənə yaraşan geyimdi.

- Muğam sizin üçün hansı rəngdədi?

- Muğam ifa eləyəndə gözümü yumuram. Özümü səmada, ulduzların arasında hiss edirəm. Bu hal məndə dəfələrlə olub. Birdən ayılııb özümü konsert salonunda görürəm (gülür). Muğamımızı yaşıl, qırmızı rəngə bənzədirəm.

- Sizin ifanızda türk musiqiləri var.  Bu ifalarınız necə qarşılanır?

- Əslində birmənalı qarşılanmadı.Çoxları yaxşı baxmadı. Amma mən bunu bacarıramsa və özümdə o ifanı görürəmsə niyə də etməyim? Uşaqlıqdan ən çox Türk mahnıları ilə böyümüşəm. İbrahim Tatlısəs ən  sevdiyim sənətkarlardandı. Heç kim mənim içimdəki bu istəyi boğa bilməz. Heç vaxt bacarmadığım işin qulpundan yapışmamışam. Bacardığım bütün ifaları edəcəm.

-Duet ifalarınız yetərincədi. Ən çox hansı mahnınız sevilir?

-Daha çox Mirələm Mirələmovla duet ifa etmişəm. Bizim ifamızda ən çox sevilən "Ay qız" musiqisidi.

-Bir az da konsertdən danışaq...

- İnsanı həyatıboyu arzuları müşaiyət edir. Bir neçə arzum var həyatda. Onlardan biri bu yaxınlarda həyata keçdi. Konsertə gələn ustad qonaqlarım, tamaşaçılarım hamısı konsertdən razı qaldılar. Şükürlər olsun ki, uğurlu konsert oldu. Konsert "Vətəni sevməyən insan olmaz" adlı solo  və Əliağa Sədiyevin rəhbərliyi ilə həyata keçdi. Ürəyim istəyən ifalarımı etdim. Hətta türk ifalarım da oldu. Hamı təəccüblə yanaşdı. Növbəti hədəfim isə artıq Heydər Əliyev adına möhtəşəm sarayda solo konsert verməkdi. Çalışacam ki, o arzumu da reallaşdırım. Daha bir arzum isə "Leyli və Məcnun" operasında Leyli obrazını yaratmaqdı. Bu arzumun da reallacağını hiss edirəm. Bu obraza özümü hazır hiss edirəm.

- Məcnun  kimi görmək istərdiniz?

- Çox vaxt Mirələm Mirələmovla "Leyli və Məcnun"dan parçalar ifa etmişik. Onunla və ya operamızda çalışan digər dəyərli Məcnunlarla - İlkin Əhmədov,  Səbuhi müəllim və başqaları da mənim sevdiyim xanəndələrdi.

-Sosial şəbəkələrlə aranız necədi, səhifələrinizi özünüz idarə edirsiniz?

- Facebookda iki fan səhifəm var. Onları tanıdığım dostlarım idarə edir. İnstagram səhifəmi isə özüm idarə edirəm. Youtube - a bütün ifalarımı Almaniyada yaşayan rəfiqəm Gülnar xanım yerləşdirir. Çalışıram ki, sosial şəbəkələrdən uzaq olum. Tamaşaçılarımdan çox razıyam. İfalarımın, şəkillərimin altından heç vaxt məni incidəcək sözlər yazmayıblar. Buna görə özümə və tamaşaçılarıma minnətdaram.

Nigar

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR