Azərbaycan bir ölkə olaraq İslamın mahiyyətini dünyada tanıdacaq

Əkrəm Həsənov: "Həmçinin ölkəmizin necə tolerant, mulitukultural və həmrəy olduğunu dünyaya göstərəcək"

"İslama qarşı yönələn mənfi fikirlər müsbət yöndə dəyişəcək"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla 2017-ci il ölkədə "İslam Həmrəyliyi İli" elan edilib. Sərəncam əsasında Nazirlər Kabinetinə tapşırılıb ki, İslam Həmrəyliyi İli" elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Bu il ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsini nəzərə alsaq, dövlət başçısının imzalamış olduğu məlum sərəncamın nə dərəcədə əhəmiyyət kəsb etdiyini aydın görə bilərik. Bəs görəsən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsini ölkənin inanclı insanları necə qarşılayır və Azərbaycanın belə bir addım atması İslam aləminə, müsəlman dünyasına örnək ola bilərmi? Bu və ya digər suallarla Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi işçisi Əkrəm Həsənovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Əkrəm Həsənov 2017-ci ilin "İslam Həmrəyliyi İli"elan edilməsinin əhəmiyyətindən danışıb.

-Əkrəm müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etdi. Bir ilahiyyatçı kimi dövlət başçısının bu addımını necə dəyərləndirirsiniz?

--Həmrəylik, birlik, bərabərlik, tolerantlıq, multikulturalizm terminləri eyni mənanın müxtəlif formalarıdır. Hamısı birliyə, bərabərliyə, dözümlülüyə, müxtəlifliyə işarə edir. Bizim ölkəmiz tarix boyu bu terminləri özündə əhatə edən bir ölkə olub. Məhz tarixən dinimizin İslam olması da bizdə olan bu anlayışları daha da gücləndirib. Azərbaycan xalqı dözümlü, mübariz, iradəli, həmrəy bir xalqdır.

-2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi İslam dünyasının, müsəlman aləminin Azərbaycana olan diqqəti, marağını nə dərəcədə artıracaq?

- Biz tarix boyu insanlar, dinlər, məzhəblər, millətlər arasında fərq qoymamışıq. Heç zaman başqalarının nemətlərində, başqa torpaqlarda, qonşu ərazilərdə gözümüz olmayıb. Əksinə tarix boyu bizə qarşı dözümsüzlük, hücumlar, haqsızlıqlar olunub. Bütün bunlara baxmayaraq bu gün Azərbaycan güclü bir ölkə kimi dünyada tanınır. Əlbəttə bütün bunlar qurbansız, itkisiz olmayıb. Müasir Azərbaycanı qurub indiki dövrə çatmasında böyük, misilsiz əməyi olan ümummilli lider Heydər Əliyev (Allah ona rəhmət etsin) dövlətçilik ənənələrinin əsasını qoyaraq möhkəmlənməsinə zəmin yaradıb. Ölkəmizdə əmin-amanlığın əsasını qurub. Bir ölkənin inkişafı üçün ən vacib amil də ölkədə sabitliyin, əmin-amanlığın olmasıdır. Məhz cənab prezidentimiz İlham Əliyev də ölkəmizdə Heydər Əliyevin xalqla bərabər təşkil etdiyi bu sabitliyi və əmin-amanlığı qoruyub saxlayır. Burada əsas faktor xalqdır. Xalq, camaat, insanlar, həmvətənlərimiz dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq Azərbaycan adlı doğma vətənlərini sevirlər, bütün dünya azərbaycanlıları ölkəmizdə bu sabitliyin daimi olmasını ürəkdən istəyirlər və bunu əməli şəkildə də göstərirlər. Biz bu sabitliyin qorunması və davamı üçün var gücümüzlə çalışmalıyıq. Məhz cənab prezidentimiz İlham Əliyevin 2016-cı ili "Multikulturalizm ili" elan etməsi, ardınca da 2017-ci ili "Həmrəylik ili" elan etməsi bir daha bunu göstərir ki, biz özümüz də bir xalq olaraq bunu istəyirik.

-Bu il həm də Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Belə bir ərəfədə "İslam Həmrəyliyi İli"nin elan edilməsi bu oyunlara olan marağı da artırmış olacaqmı?

--Bu il həm də onunla yadda qalan bir il olacaqdır ki, ölkəmizdə İslam Hərməylik Oyunları keçiriləcək. Bu oyunlar nəticəsində ölkəmiz dünyada daha çox tanınacaqdır. Məhz bu baxımdan da cənab prezidentimizin bu ili həmrəylik ili elan etməsi bir çox yönlərdən bizə xeyir gətirəcəkdir. Bu eyni zamanda tək bizim ölkəmizdə İslamın yox, btün dünyada olan dinlərin İslama olan münasibətini dəyişəcəkdir. Başqa dinlərin nümayəndələri Azərbaycanda keçirilən İslam Oyunları zamanı bir daha bu dinin necə mükəmməl din olduğunu əyani şəkildə görəcəklər. Həmçinin ölkəmizin necə tolerant, mulitukultural və həmrəy olduğunu dünyaya göstərəcəkdir. İslama qarşı yönələn mənfi fikirlər müsbət yöndə dəyişəcəkdr. Azərbaycan bir ölkə olaraq İslamın mahiyyətini dünyada tanıdacaqdır.

-Bir ilahiyyatçı kimi necə düşünürsünüz, ölkənin dini kəsimi "İslam Hərmrəyliyi İli"nə hansı töhfələri verə bilər?

-Mən öz adımdan bu ilin həmrəylik ili olmasını çox müsbət qəbul edirəm və bu ili birlik, bərabərlik ili elan etməsinə görə cənab Prezidentimizə təşəkkür edirəm. Həmrəylik, birlik, bərabrlik anlayışı İslamda həmişə mövcud olubdur. Allah təala Peyğəmbərləri də bəşər tarixi boyu ona görə göndərib ki, insanlar birlik, bərabərlik içərisində, sülh şəraitində yaşasınlar. Biz əslində bununla öz dini dəyərlərimizi də qorumuş oluruq. Dinimizi sevir, öyrənir, öyrədir, yaşayırıq. Buna baxmayaraq digər dinlərə və inanclara da hörmətlə yanaşırıq.

-Belə demək mümkündürmü ki, Azərbaycan bu addımı ilə bir daha dünyaya, İslam coğrafiyasi, müsəlman aləminə örnək olacaq?

-Düşünürəm ki, bu məsələdə ölkə müəslmanları da cənab prezidentin ətrafında sıx birləşərək birlik və bərabərlik nümayiş etdirməlidirlər. Hər bir azərbaycanlı gücü, bacarığı çatan qədər dinimizin, ölkəmizin dünyada daha yaxşı tanınması üçün var gücü ilə çalışmalıdır. Bu məsələdə Azərbaycan bütün dünyada nümunə olmalıdır. Bunu da ümid edirik ki, hər kəs bacardığı qədər buna çalışacaqdır. Xüsusi ilə biz çalışmalyıq ki, bu illər ərzində məzhəblər arası münaqişələrə səbəb olacaq sözlərdən və əməllərdən uzaq qalaq. Vətəndaşlar arasında ayrıseçkilik salacaq müxtəlif inanc fərqliliklərinə əhəmiyyət verməməyə çalışaq. Doğru bildiklərimizi də qarşı tərəfin qəlbinə dəymədən, qarşılıqlı hörmət əsasında aramızda müzakirə edə bilərik. Bildiyimiz kimi İslam dinində məzhəblərə bölünmək bəyənilmir. Allah təala Qurani Kərimdə bildirmişdir ki, məzhəblərə və firqələrə bölünməyin. Hamılıqla Allahın ipindən möhkəm yapışaraq birlikdə mehriban olun. Biz də Allah təalanın bizdən istədiklərini etməli və böyüklərimizə qarşı hörmətli davranmalıyıq, balacalarımızla isə şəfqət və sevgi ilə keçinməliyik.

Süleyman İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR