Rusiya-Türkiyə əməkdaşlığı Suriyaya sülh gətirəcəkmi?

Arzu Nağıyev: "Problemin həlli tək Rusiya və Türkiyənin razllığa gəlməsindən asılı olmadlğı üçün, Astana görüşündə tam şəkildə müsbət qərar qəbul ediləcəyi inandırıcı görünmür"

Bir neçə ildir ki, davam edən və minlərlə insanın həyatı bahasına başa gələn Suriya problemi çözümə yazınlaşmaq mərhələsindədir. Xarici kütləvi informasiya vasitələrinin yaydığı xəbərlərə görə, yaxın günlərdə Qazaxıstanın paytaxtı Astana şəhərində Suriya probleminin həlli ilə bağlı mühüm görüş keçiriləcək. Lakin Astana görüşünün formatının bir qədər məhdud olması probıemin qısa zamanda həll ediləcəyinə şübhələr yaradır. Belə ki, ilkin məlumatlara görə, Astana görüşü yalnız üçtərəfli formatda, Rusiya, Türkiyə və Suriya formatında olacaq. Yəni, Qərbin həmin görüşə qatılacağı barədə hələlik heç bir xəbər yoxdur. Elə məhz bu prizmadan çıxış edən bir sıra ekspertlər Suriya probleminin həlli məqsədilə keçiriləcək Astana görüşünün uğurlu nəticələnəcəyinə şübhə edirlər. İddia olunur ki, Qazaxıstanda hər hansı razılıq əldə olunsa belə, Qərb ciddi cəhdlə onun reallaşmasına əngəl yaradacaq. Bəs görəsən Astanada Suriya probleminin həlli istiqamətində ümumi bir razılığın əldə olunması nə dərəcədə mümkündür? Və Qərb həmin anlaşmanı normal qarşılayacaqmı? Bu və  digər suallarla siyasi ekspert Arzu Nağıyevlə söhbətləşdik.

-Arzu müəllim, məlum olduğu kimi yaxın günlərdə Türkiyə və Rusiya Qazaxıstan paytaxtında Suriya probleminin həlli ilə bağlı bir araya gələcək. Sizcə, tərəflər Suriya probleminin həllində ümumi razılıq əldə edə biləcəklərmi?

-Problemin həlli tək Rusiya və Türkiyənin razllığa gəlməsindən asılı olmadlğı üçün, Astana görüşündə tam şəkildə müsbət qərar qəbul ediləcəyi inandırıcı görünmür. Məlumdur ki, Suriya məsələsində hər bir dövlətin özəl maraqları var. Türkiyə Kürd dövlətinin yaranması və burada PKK -nın ən qəddar qanadı olan PYD-nin orada iştirakından narahatdır. Rusiya isə öz nüfuzunu qorumaqla yanaşı, eyni zamanda Hələb kimi iqtisadi cəhətdən vacib bir məntəqənin ələ keçməsinə çalışır. Bundan başqa Qərbin nəzarətində olan bir sıra terror təşkilatları bu danışıqlarda iştirak etmirlər. Bu isə o deməkdir ki, tam şəkildə nəzarət mümkün olmayacaq. Yəni Suriya tək Hələb və ya Dəməşq demək deyil.

-Ankara və Moskvanın əldə etdiyi razılaşma Əsəd hakimiyyətini nə dərəcədə qane edəcək və Bəşər Əsədin bundan qazanıb və ya itirəcəkləri nə olacaq?

-Məlumdur ki, Bəşər Əsədin hakimiyyətdə qalıb-qalmaması danışıqlar predmetində vacib məsələdir. Əsədin son bəyanatlarında hətta onun müxalif qüvvələrlə danışığa hazır olduğu da bildirilir. Türkiyə əvvəlcədən Əsədin hakimiyyətdən getməsini istəyir və bunu nail olmaq üçün bütün imkanlarından istifadə edirdi. Bundan başqa İran isə Əsədin hakimiyyətdə qalmasına çalışır və bununla Səudiyyə Ərəbistanı və bir sıra ərəb dövlətlərinə qarşı balans yaratmağa çalışır. Yəni bu gün Əsəd üçün qazanc və ya itki məhz onun hakimiyyətdə qalıb -qalmaması məsələsidir. Hətta o hakimityyətdə qalsa belə törətdiyi cinayətlərə görə cavab verəcəyini bilir. Hakimiyyətdən getsə də məlum məsələdir ki, sonluq heç də yaxşı nəticələnməyəcək.

-Sizcə, hər hansı bir razılaşmanın əldə olunması Qərb tərəfindən ciddi təpki ilə qarşılaşmayacaq?

-Təbii ki, qarşılaşacaqdır. Yuxarıda qeyd edildiyi kimi, bu regionda və konkret olaraq Suriyada Qərbin də öz özəl maraqları var. Bu həm nüfuz, həm Latakiyadakı Rusiya Hərbi bazasına qarşı yaratmaq istədikləri hərbi balans, eləcə də iqtisadi məsələlərdir. Bundan başqa ortada İŞİD və Cəbhat -ət Nusra kimi terrror təşkilatları var. Məlumdur ki, Qərb Əsəd rejiminə qarşı bu qurumlardan hərtərəfli istifadə edir. Onları həm silah, həm də maliyyə cəhətdən təchiz edir. Buna görə də təpkilər qaçılmazdır.

-Bu planı əngəlləmək üçün Astana görüşünə qədər Suriyada vəziyyət daha da gərginləşdirilə bilərmi?

-Suriyada onsuz da vəziyyət gərgindir. Bu gün sülh az-çox Hələbdəddir. Ərazinin yarısından çoxu isə müxtəlif qruplaşmalar və terrror təşkilatları tərəfindən nəzarətdədir. Bildiyiniz kimi Hələbə hücumdam sonra Palmira İŞİD tərəfindən ələ keçirildi. Həmçinin, Rəkkada vəziyyət tam şəkildə İŞİD-dədir. Astana görüşünün də təxirə salınması və ya vaxtının dəyişməsi də müəyyən mətləblərdən xəbər verir. Düşünürəm ki, Birləşmiş Ştatların xarici siyasətdə edəcəyi gözlənilən korrektələr də öz işini görməlidir və bundan da bəzi məqamlar asılıdır.

-Əgər Suriya problemi Ankara və Moskvanın birgə səyi ilə həll olunsa, bu gələcəkdə digər münaqişələr, eləcə də Qarabağ probleminin həllində də keçərli ola bilərmi?

-Dağlıq Qarabağ münaqişəsi və Suriya problemində oxşarlıq azdır. Separatizm və ərazi bütövlüyü baxımından müəyyən oxşarlıq olsa da, Siruyadakı kimi dövlətin bir neçə qruplaşmalar tərfindən bölgüsündən söhbət getmir. Bundan başqa Dağlıq Qarabağ münaqişəsinin həlli BMT-nin patronajı ilə ATƏT-in Minsk qrupuna həvalə edilib və Azərbaycan özü də bu problemi həll etmək iqtidarındadır. Məlumdur ki, Dağlıq Qarabağla bağlı BMT-nin dörd qətnaməsi var və təəssüf ki, həmin qətnamələr Ermənistan tərəfindən yerinə yetirilmir. Düşünürəm ki, Suriya ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə müxtəlif aspektlərdən yanaşmaq lazımdır.

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR