“Nizami Gəncəvinin yaradıcılığında da bədihələr vardı” - BİZİM QONAQ

"Bizim Qonaq" rubrikasının həmsöhbəti bədihə ustası Namiq Mənadı.

-Bir çox folklorşünaslar belə iddia edir ki, meyxananın kökü İrandan gəlir. Siz necə düşünürsünüz?

-Bu fikirlə razı deyiləm. Azərbaycanın da əruz vəznində olan özünəməxsus şeirləri var. Əsrlər öncə, dördüncü əsrdən etibarən bədahətən şeir ənənəmiz formalaşmağa başlayıb. "Məclisi üns", "məclisi şüara" kimi şeir məclisləri hələ o dövrdə şairlər tərəfindən təşkil edilirdi. Xurşudbanu Natəvanın qeydlərində bu cür məclislər haqda yazılıb. Məndə olan faktlara görə, Nizami Gəncəvinin də yaradıcılığında bədihələr olub. Şairin bir kitabında bu fikirlər təsdiqini tapır:  

"Hər bədihəm, hər müəmmam yüz-yüz qəlbi fəth eləyir,..." Mən deyərdim ki, Nizamidən də öncə bədihə olub, bədahətən şeir söylənilib. "Poetik Məclislər" adlanan kitabda fikirlərim təsdiqini tapır. Bu kitabda Mirzə Bağır haqda məlumat verilərək qeyd edilir ki, M.Bağırın ötən əsrdə Bakı toy və şənliklərində bədihə deyən şairlər sırasında ən görkəmlisi olub. Kitabda qeyd edilir ki, M.Bağırın bədihələri bir sıra mənasız şeirlərdən seçilirdi.

-Bədihənin kökü hansı xalqa bağlıdı?

-Ümumiyyətlə, bədahətən şeir demək bir sıra xalqlara xas cəhətdi.  Amma sırf bu janrdan söhbət gedirsə, deyərdim  ki, bədihə Azərbaycana aid janrdı. Bədahətən şeirdə həm də bir axıcılıq olur. "Özümüz və sözümüz" kitabında qeyd edilir ki, iki bədihəçinin bir-biri ilə deyişməsi öncədən razılaşdırılmış mövzu əsasında olur. Bu fikirləri konkret faktlara istinadən söyləyirəm. Aşıq ədəbiyyatında, aşıq Ələsgərin sözü var ki, haqq meyi islama aparan buyurub, dərd tüğyan eləsə mey içmək olar. Mey, meyxana sözünü simvolik olaraq bir sıra mənalarda işlətmək olar. Məsələn, yarın ləbindən busə aldım mey kimi məni məst elədi. Burda mey məcazi, simvolik mənada işlənir. Şeirlərdə məcazlara tez-tez təsadüf edilir. Məsələn, məni candan usanırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahımdan..., və ya ah çəkərəm, dağ oynayar yerindən. Şeirə poetiklik vermək  üçün mübaliğələrdən geniş istifadə edilir. Buna görə mey sözünü müxtəlif mənalarada işlətmək olar. Amma bu sözün kökündə meyxana dayanır.

-Bu sənət niyə uzun müddət, hətta indinin özündə də meyxana adlanır?

-Bədihə bədahətən şeir növüdü. Bədii söz nə deməkdi? Estetik zövqə oxşayan incəsənət əsəri deməkdi. Bədii sözündən də bədihə yaranır. Bunun meyxanalarla heç bir əlaqəsi yoxdu. Sovet dövründə səhnələrdə insanlara sənətlərini nümayiş etdirməyə imkan verilmədiyi üçün onlar meyxanalara sürükləniblər, içki içiblər. "Onu bağışlamaq olarmı" filmində primus düzəldən pənəcərənin qarşısına yaxınlaşaraq deyir "usta tapım mən gərək, üz-gözümü sildirəm..." Primus düzəldənin bu istedadını görən Ətayə xanım ona baxaraq: "Sənin bədihə deməyin də var imiş ki" deyir. "Uzaq Sahillərdə" filmində belə bir ifadə var ki, meyxana sahibi də etiraf etdi ki, bu Mixaylo deyil. "Dəli Kür" filmində Cahandar ağanın bacısını sulara qərq etməsinin səbəbi onun meyxanalara getməsidi. "Yenilməz Batolyon" filmində xanım meyxanada işləyir. Sadəcə olarq müəyyən sənət yoldaşlarımızla müzakirələr qısqanclığa söykənir.

Məndən öncəki şairlərimiz, alimlər  bu janrı bədihə adlandırıb. Hələ universitetdə oxuyarkən bəzi yoldaşlar bu janrı küçə folkloru adlandırırdı. Onlar nəyə, hansı fakta istinadən bu janrı küçə folkloru adlandırırlar? Janrın küçə folkloruna  heç bir aidiyyatı yoxdu. Sadəcə olaraq zaman-zaman janrın daşıyıcıları ətrafda belə fikir formalaşdırıb. Sovet dövründə ciddi məkanlarda sənət üçün şərait yaradılmayıb deyə sənət xiridarları küçə, tinlərdə, meyxanalarda qafiyə deməyə başlayıb. Əliağa Vahid haqda deyilir ki, guya o spirtli içki aludəçisi olub, buna görə bədahətən şeir deyib. Rusiyada böyük əksəriyyət spirtli içki qəbul edir, o zaman onlar da bədahətən şeir desinlər. Sözün dəyərini, qiymətini bilməyənlər belə deyir. Janr haqda bilən adamlar danışmalıdı. Bəzi hallarda sənətə aidiyyatı olmayan insanlar da fikir söyləyir. Azərbaycanda ilk dəfə bədihəni kim deyib? Bu sualı, versək əksər insanlar Vahidin üzərində dayanacaq. Hələ 1810-cu ildə Mirzə Bağır bədihə deyib. Əsədulla, Əlizaman Biqələm, Nəcəfqulu, Məmmədkazım Şövqi kimi hələ o dövlərdə bədihə ustadları var idi. Məmmədkazım hacı olanadək bədihələr deyir, şeirlər qələmə alırdı. Bu janrın tarixi haqda yetərincə əlimizdə faktlar var. "Oğul mənimdi əgər, oxutmuram əl çəkin" bədahətən deyilən şeir janrdı deyə bunu sırf bədihə də adlandıra bilmərik. Görkəmli alimimiz Əzizə Cəfərzadənin bir yazısı var, məqalədə bədihə haqda ətraflı məlumat verilir. Burda Seyid Əzim Şirvaninin bədihə deməsindən söz açılaraq bildirilir ki, rus pristavı məktəbi yoxlayıb gedəndən sonra, dostları ondan sorşur ki, pristavla işiniz necə oldu. Seyid Əzim də bədahətən qafiyə tutur. Söz ehtiyatımızı zənginləşdirmək üçün onlardan görüb-götürmüşük.

-Təhqir-söyüş dolu ifadələrin işlədilməsi düşünürəm ki, sənəti gözdən salır...

-Efir məkanında təşkil olunan yarışmalar, el şənliklərindən bir-birinə təhqir dolu ifadələrlə yanaşma tərzi sənəti uçuruma apara bilər. Elə tərəf müqabillərimiz var ki, sənətdəki bu çaxnaşmaları görərək özünü kənara çəkib başqa bir sahə ilə məşğul olur. Onlardan biri də Namiq Qaraçuxurludu, mahnı oxumağa başladı. Bəziləri onu qınayır ki, bu janrla gəlib indi mahnı oxuyur. Namiq heç el şənliklərində də meyxana demir. Mən onu qınamıram. Sənətin sevilməyində Namiqin də rolu danılmazdı. Zamanında sənət yoldaşları tərəfindən qısqanclıqla qarşılandığı, el şənliklərində tərəfərin bir-birlərinə söyüş-təhqir dolu ifadələrini eşitdikdən sonra sənətdən uzaqlaşdı. Bir də görürsən ki, təsadüfi bir adam sənətə gəlib səni söyüş, təhqir atəşinə tutaraq özündən çıxardır. Sən ya ona cavab verib səviyyəvi aşağılamalısan, ya da ki susmalısan. Maştağalı Vüqar da buna görə, meyaxanadan uzaqlaşaraq teatra getdi. Mən çalışıram ki, xoşagəlməz hallar aradan qalxsın. Belələrini dinləyənləri də qınayıram. Yanımda kimsə bir-birini təhqir etdikdə daxilən vicdan əzabı çəkirəm. Məqsədim sənət yoldaşlarımı aşağılamaq deyil.

-Müsabiqələrə qatılan gənclərin intellektual səviyyəsi necə, ürəkaçandırmı?

-Keçirtdiyimiz müsabiqəyə 500 gənc qatılmışdı. Onların arasında elələri var idi ki, heç Əliağa Vahidi tanımırdı. Vahidin nə qəzəlini, nə də ki təvəllüdünü bilirdi. Ümumiyyətlə bir çoxlarının janrın tarixi haqda heç bir məlumatı yox idi. Sənətin daşıyıcıları arasında da belələri az deyil. Bu nüanslar insana toxunur. İnandırım sizi ki, sual verəsən ki, isimin neçə halı var, bilməyəcəklər. Öz halından danışacaq, isim qalacaq qıraqda. Bunun üçün sənətin daşıyıcıları üzərlərində işləməlidi.

-Bədihəyə həftəbecər adı qoyanlar da var...

-Müəyyən sənətin daşıyıcıları bu sənətə həftəbecər adını qoyublar. Məgər bilmirsiz ki, həftəbecər  yemək adıdı. Hansı əsasla janrı həftəbecər adlandımaq olar? Sual verirsən ki janr nədi, çoxu bilmir. Hər bir şeyin elmi əsası verilməlidi. Elmi əsas olmadan hər hansı izah vermək olmaz. 1900-cü ilədək olan şairlərdə meyxana sözünü şeir adı kimi kim istifadə edib? Bunu aşkarlayana avtomobil bağışlayacağam. Həqiqətən də biliyi ilə kiminsə məni üstləməsi çox sevindirici olar. Çox istəyərdim ki, bu sənətin daşıyıcılarının intelektual səviyyəsi yüksək olsun, ali təhsil alsın, zəngin mütaliə etsinlər.

-Bir də görürsən ki, filan vaxtda meyxanaçı daha yaxşı deyir, qəşəng qafiyə tutur. Amma bu hər zaman belə uğurlu alınmır. Bunu nə ilə izah etmək olar?

-Məclisdə görürəm ki, on nəfər deyişir və bunlardan səkkizinin psixoloji durumu yerində deyil. Baxıram auditoriyaya. Onlar arasında spirtli içki qəbul eləyən də var, digər xoşagəlməz işlərlə məşğul olan, qərəzli  və qərəzsiz yanaşan da var. Çalışıram ki, sakit tərzdə məclisi yola verim. Müəyyən qonarar əldə edirəm ki, hansı ki onların əldə etdikləri məvacibdən 2-3 dəfə artıq olur. Bu cür məclislərdə çalışıram ki, imicimə xələl gəlməsin. Söyüş-təhqirdən uzaq oluram. Bu sənət elədir ki, birini sən, birini mən dedikdə sonu təhqirə gəlib çıxa bilir. Söz cəlladdı. Elə bir söz deyər ki, səni depressiyaya salar.

-Yaxşı bədihə demək yaşdan, hafizədən nə dərəcədə asılıdır?

-Yaddaş, hafizə məsələsinin də rolu böyükdü. 40-yaşı keçdikdən sonra hafizə problemi olur. 20 yaşlı gənclə 40 yaşlı birisinin arasında fərq olmalıdı.

-Etiraf edək ki, yaxşı meyxana demək üçün dopinq qəbul edənlər də var...

-Dopinq qəbul edənlər var. Amma mən heç bir köməkedici dopinqdən istifadə etmirəm. Spirtli içki qəbul eləyənlə eləməyənin ovqatı fərqli olur. 50 qram kimə versən şirə dönəcək də. Bir gün yazını daha böyük coşqu və səylə yazarsan,  o biri gün yazdığın yazıdan həmin effekti ala bilməzsən. Ovqatın rolu mühümdür.

-Tamaşaçılar bədihəyə daha çox nəyə görə qiymət verir?

-Tamaşaçıların da zövqü fərqlidi. Biri sənin geyiminə, biri davranışına, digəri oturuşuna, duruşuna, nitq mədəniyyətinə, bir başqası intellektual səviyyənə fikir verir. Elə olub ki, mən bir mənalı söz işlətmişəm görmüşəm ki, auditoriya bunu qəbul edə bilməyib. Amma loru dildə bir söz işlətmişəm, görmüşəm ki, auditoriya bunu razılıqla qəbul edib.

- Bunun səbəbi nədi?

-Hər məkanının öz adəmi, hər adəmin öz yeri var. Mövlanənin belə bir kəlamı var ki, söz, qarşındakı insanın başa düşəcəyi dəyərdədi.

-Bədihənin yaradıcı janr kimi tədris olunmasına necə, ehtiyac varmı?

-Əlbətdə ki, var. Hələ universitet illərində mən bu haqda düşünmüşəm. Janr haqda ideyalarım çoxdu, hələ ki açıqlamaq istəmirəm. Ola bilər ki, açıqlasam başqaları məndən öncə bu ideyanı gerçəkləşdirər. Universitetlərə cığır aça bilsək şəxsən mən bu işlə məşğul oub, təhsil verərdim. Balaca qığılcımı belə böyüdərdik.

-Toy biznesində vəziyyət necədi?

- İstəmərəm bədihəni sırf toy biznesi kimi tanısınlar. Bu janr çox ciddi bir janrdı. Təəssüf ki, bir çoxları üçün bu sənət sırf pul qazanmaqdan, toydan ibarətdi.

-Azyaşlıların necə, sənətə marağı varmı?

-Var. Yanıma 11 yaşlı uşaq gəlirdi, Rusiyada yaşayırdı, Azərbaycan dilində güclə danışırdı. Adil Astaralı. Sadəcə olaraq bizim sənətə o qədər marağı var idi ki, çalışmaq istəyirdi. Bir həftə ona tapşırıqlar verdim, onu yoxladım. Sınaq müddətindən çox uğurla keçdi...

Nigar Məhərrəm

P.S. Ardı var...

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR