“Meyxana ancaq yeyib-içənlər üçün lazımdı” - MÖVQE

Folklorşünas Ayaz İmranoğlu: "Türkün yaddaşında belə bir şey yoxdu. Meyxana farsın tör-töküntüsüdü. Farslar özləri hazırda meyxanadan imtina ediblər. Vaxtı ilə bu janr Nizamül-mülk tərəfindən yaradılıb. Daha sonra onun ardıcılları tərəfindən Orta Asiayayadək yayılıb. Lakin sonradan bu janr İranda iflasa uğrayıb. İranın özündə belə hazırda meyxana yoxdu". Meyxananın 90-cı illərin sonlarından etibarən Azərbaycanda geniş yayıldığını deyən A.İmranoğlu ədəbiyyatımız və cəmiyyətimiz üçün janrın heç bir faydalı əhəmiyyət daşımadığını vurğulayıb: "Meyxananın Azərbaycan cəmiyyəti, fikir, düşüncə sahibləri üçün heç bir faydası yoxdu. Meyxana ilə yalnız millətin başını aldatmaq olar. Meyxanaçı qəzetində belə bir qafiyə var idi ki, "Səni əsgər göndərərəm orduya, oğlan gedib, qız qayıdarsan". Meyxanada səsləndirilən bu kimi fikirlər Azərbaycan cəmiyyəti üçün təhqirdi". A.İmranoğlu meyxana ilə yanaşı bədiyənin də farslara məxsus olduğunu söyləyir: "Türkün ədəbiyyatında belə bir janr yoxdu. 100, 200, 300 il bundan öncəyə baxın görün belə bir janr var ya yox? Dədə-Qorqud məgər meyxana deyib? Bu janrlar farsa aiddi, onların tör-töküntüsüdü. Qorxmaz Əlili Meyxanaçı qəzetində İrana səfərindən, yazıçılarla görüşündən yazır. Deyir ki, həmin yazıçılar meyxananın farsa məxsus olduğunu, lakin zaman keçdikcə unudulduğunu söyləyərək İrandan fərqli olaraq Azərbaycanda meyxananın inkişaf etdiyini vurğulayıblar". Söz ustadlarının davranışının, əxlaqının vacib amil olduğunu deyən A.İmranoğlu meyxanada söyüş və təhqirlərə üstünlük verilməsinin arzuolunmaz hal olduğunu qeyd edir: "Meyxana ancaq yeyib-içənlər üçün lazımdı. Meyxana Azərbaycandan rədd olub getməlidi".

Mövzu ilə bağlı meyxanaçı Ağamirzənin də münasibətini öyrəndik:

-Meyxananın tərbiyə əhəmiyyəti varmı?

-Belə də. Olmalıdır, əlbətdə ki. Tərbiyəvi sözlər deyərək dinləyiciləri maarifləndirmək lazımdı. Mənim belə bir meyxanam var "Maşını yavaş sür, gözləyənin var evdə". Bunu bacardığımız qədər təbliğ edir, cavanların milli ruhda böyüməsinə çalışırıq. Hər meyxanaçının repertuarında milli ruhda olan meyxanalar var.

-"Asaram", "kəsərəm", "öldürərəm səni" tipli sözlərin sizcə auditoriya üçün hansı tərbiyəvi əhəmiyyəti var?

-Belə şeylər həmişə olub. Tərəflər bir-birlərinə atmaca atarkən, cavab qaytararkən bu sözlərdən istifadə edib.

-Bəzən meyxanaçılar qafiyə xatirinə nə gəldi deyir, söyüş və təhqirlərə yer verir...

-Yüngülvari zarafat üçün deyilir. Bizdə də əvvəllər yüngülvari olub. Burda elə bir problem yoxdu.

-Qadınların bu sənətə gəlişinə necə baxırsınız?

-İlk olaraq Samirə xanımdan danışım. Samirə xanım bu sənətə indi gəlməyib, çoxdandır ki, bu sənətdədi. Xanım bunu bacarırsa pis baxmıram. Bir neçə il bundan öncə avtomobil idarə edən xanımlara birtəhər baxırdılar. İndi isə bu normaldı.

-Bədihə məsələsinə sizin münasibətinizi öyrənmək istəyirəm

-Xahiş edirəm bu haqda məndən soruşmayın da. Bu sənət meyxana adlanır.

-Ümumiləşdirərək necə deyə bilərik, meyxana bu gün tərbiyəvi əhəmiyyət daşıya bilir ya...

-Tərbiyəvi əhəmiyyət daşıyır.

Bakı və Kəndlər Birliyinin qurucusu və ilk sədri, tanınmış ziyalı Nəsir Ağayev də bu məsələyə öz münasibətini bildirib: "Ciddi məclislərdə heç vaxt meyxanaya yer verilməyib. Meyxana daha çox Abşeronda dinlənilib. Toydan sonra ağlı başında olan adamlar evlərinə qayıtdıqda meyxana xiridarları oturaraq məclis qurublar. Meyxanada heç vaxt ictimai-siyasi motiv olmayıb. Meyxana sırf şəxsi intriqa, münasibətlər zəminində qarşı tərəfə ünvanlanan ittiham tipli sözlərdən ibarət olub. Meyxaan ilə bədihə sözü ayrı mənaları daşıyır. Qarpıza balqabaq da demək olar. Əslində qarpızla balaqabaq arasında nə qədər fərq var bunu bilirik. Bədihə ərəb sözüdü. Bu janrın ustadlarını isə bədihəxan adlandırırlar. Meyxananın lüğəti mənası, etimologiyası şərab içilən yer deməkdi. Meyxana adlandırılan janrın adı bədihədi. Onun ustadı bədihəxan adlanır. Meyxanaxan hardadı? Deməli yoxdu, qəlib pozulur. Meyxanaçı, meyxana ustadı o deməkdir ki, şərab satılan yerin ustadı. Meyxana ümumiyyətlə, söz sənəti deyil. 20-ci əsrin sonunda bu adı meydana çıxardaraq dedilər ki, Nizami Rəmzi də meyxana deyib. Bu sənəti meyxana adlandıranlar özləri də bilmirlər ki, əslində bu janr bədihədi. Bədihə də ki,  Ərəbistandan türk xalqlarının yaşadığı əraziyədək yayılıb. Bədihə tarixən mövcud olub, ərəb kəlamıdı. Meyxana isə fars kəlamlarından ibarət, ifrat dərəcədə çirkaba bulaşmış, xalqdan ayılmış şeiriyyatdı. Meyxana cəmiyyəti ictimai məzmundan, şüurdan məhrum edir. Bədihə isə tam əksinə. Bu gün meyxanaya ictimai məzmun verməyə çalışırlar. Bu gün baxıb görək, İranda Maştağa və Bakı kəndlərində olduğu qədər meyxana var?". Bədihə ustadlarının Azərbaycanda hələ o zamanlar çox olduğunu deyən N.Ağayev qafiyənin necə tamamlanmasının da önəmli olduğunu vurğulayır: "Qafiyəni necə gəldi tamamlaqmaqla, rus, ərəb, fars sözləri daxil etməklə Azərbaycan dilini zibilləmək olmaz. Meyxanadan fərqli olaraq bədihənin tərbiyəvi əhəmiyyəti var. Ağamirzə özü də bilmədən meyxananı bədihə ilə səhv salır. Bu ona bənzəyir ki, qarpızı armud kimi təqdim edirsən".

Nigar Məhərrəm

P.S.Son zamanlar geniş müzakirələrə səbəb olan meyxana-bədihə məsələsi ilə əlaqədar söz ustadı Namiq Mənanın da fikirlərini öyrəndik. "Bizim Qonaq" layihəsinin növbəti sayında bu haqda daha ətraflı öyrənə biləcəksiniz.

 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR