Vilayət Quliyevin “Atatürk və Əhməd Ağaoğlu” kitabı

Vilayət Quliyevin "Atatürk və Əhməd Ağaoğlu" kitabı Mustafa Kamal Atatürkün öndərliyi ilə Qurtuluş Savaşının 100 illiyinə və Əhməd Ağaoğlunun anadan olmasının 150 illiyinə ithaf olunub. "Bir neçə söz"lə başlayan kitab on altı yarımbaşlıqla davam edərək "Epiloq əvəzi" ilə bitir. Redaktor və ön sözün müəllifi Nizami Cəfərovun da etiraf etdiyi kimi kitabda xronoloji ardıcıllıqla dramatik məqamlar, informativ zənginliklə təfsilat-təfərrüat miqyası bir-birini tamamlayır, münasibətlərin harmoniyasından bitkin simfoniya yaranır. Ön söz müəllifi tədqiqatçının bu peşəkarlığını belə dəyərləndirir: "Vilayət Quliyev tarixi şəxsiyyətlərin həyatına, eləcə də tarixi hadisə - münasibətlərə bir mənbəşünas - bioqraf kimi daxil olsa da, apardığı təhlillərdən çıxardığı nəticələr, verdiyi ümumiləşdirmələr "arxiv" üslubunun statistik neytrallığından tamamilə uzaq olub ümumən dövr, zaman, həmin dövrün, zamanın insan xarakterləri, hadisə - münasibətlərin mahiyyəti barədə olduqca canlı etik - fəlsəfi mühakimələrə qədər o dərəcədə şaxələnir ki, tarix müasirləşir, bu gün baş vermiş kimi isti təəssüratları ilə görünür". Ön sözdə Ağaoğlunu "ideoloji döyüşlər cəngavəri" adlandıran Nizami Cəfərov onun Atatürklə münasibətinin kitabdakı təsvirinə çox orjinal qiymət verir.

Kitab Əhməd Ağaoğlunun və onun övladlarının, eləcə də bir çox ziyalıların əsərlərinə xeyli sayda istinad əsasında yazılsa da, heç bir sözçülüyə yol verilməmiş, hər bir sitat məqamında və anında yerinə qoyulmuşdu. Hadisələr tarixlə bədii düşüncənin vəhdətində təsvir edilir, elmi və milli-fəlsəfi dünyagörüşün sintezində təqdim olunur. Hər nüansa, kitaba düşmək səbəbi olan hər bir fakta Vilayət Quliyevin son dərəcə obyektiv münasibəti diqqətdən yayınmır. "Addım-addım Atatürkə doğru" bölümündə reallıqlar bir ziyalı, dünyagörmüş politoloq təfəkkürünün süzgəcindən keçərək müasir insana təqdim olunur. Yeganə hürr türk məmləkətinə 1908-ci ildə gələn Ağaoğlunun on il sonra Atatürklə tanış olmasından başlayaraq ölümün öz sözünü deməsinə qədər ən əsas tarixi məqamlar müasir türkçülük təfəkkürü ilə təhlil olunaraq yazıya alınır. Qurtuluş Savaşını Britaniyanın girovu kimi Malta adasında əsir olarkən diqqətdə saxlayan Ağaoğlunun Atatürkə inamının qələbə ilə nəticələnməsi və bunu orada yazdığı "Mütareke və sürgün xatirələri" eləcə də, "Üç mədəniyyət" kitablarında etiraf etməsi Vilayət Quliyevin təqdimində yenidən elmi dəyər qazanır. Atatürklə Ağaoğlunun 1919-cu ilin yazında cəza evi olan Bəkirağa bölüyündə qısa görüşünü "ilk, ani və təsadüfü" sözləri ilə ehtiva etsə də, oraya həbsdə olan dostu Fəthi Okyara baş çəkməyə gəlmiş Atatürkün Ağaoğlunun həyatına daxil olması kimi də səciyyələndirir. Əsas hadisələr bu gözlənilməz tanışlıqdan başlayır və 1920-ci illərin axırına kimi bir məcrada, 30-cu illərdən sonra isə başqa məcrada davam etməsinə baxmayaraq bu iki zaman kəsiyini bir ortaq nöqtə birləşdirib: "Onun nəzərində ən mühüm fakt tarixin dönüş anında Atatürkün Türkiyəni və türklüyü xilas etməsi idi. Yalnız bunun xatirinə çox acıları udmaq olardı".

Tədqiqatçı bu ilk görüşün incəliklərini o qədər həssaslıq və ağlabatan şərhlərlə verir ki, insan sanki Ağaoğlu və Fəthi Okyarın həbs olunmasına və eyni cəzaçəkmə müəsisəsində olmaqlarına rəğbətlə yanaşır. Bildirilir ki, Ağaoğlunun "İttihat vətərəqqi" üzvü və "erməni soyqırımının" ideoloqlarından biri kimi həbs edilib Bəkirağa bölüyünə salınması nəinki özünün həyatının, eləcə də tarixin gedişinə təsirsiz ötüşməyib. Səbəbi nə qədər üzücü olsa da, nəticə etibarı ilə Atatürklə ilk dəfə orada qarşılaşıb. Amma Ağaoğlunun sürgün yolçuluğu 28 May Cümhuriyyətin birinci ildönümü günü başlayıb. Bu sürgündən qurtuluşu da iki ildən sonra, eyni gündə, artıq beşikdəcə boğulmuş Cümhuriyyətin üç yaşında gerçəkləşib. Malta sürgününün onun yollarını ittihadçılarla ayırmasına da münasibət bildirilib.

Müəllif sürgündən sonrakı durumu da hiss və ağlın müştərək iştirakı ilə qələmə alır. Qeyd edir ki, Ağaoğlu onu bu sürgündən xilas üçün çalışmış Nəriman Nərimanovun dəvətini qəbul edib sovet Azərbaycanına da dönə bilərdi. "Əslində burada məmləkətlər və şəxsiyyətlər intixabından daha çox ideya tərcihi vardı. Əhməd bəy bölünmə qəbul etməyən bütünə - türklüyə xidmət etmək istəyirdi" - sözləri ilə onun seçimini dəstəkləyir.

Kitabda Əhməd bəyin İstanbuldan Ankaraya vur-tut 50 lirə ilə yola çıxması, bu yolculuqda Bəyazidlə Teymurləngin qarşılaşdıqları Ankara düzündən keçərkən ziddiyyətli düşüncələrə dalması orta əsrlər türk cahangirliyi ilə XX əsrin əvvəllərindəki türk mücadiləsinin fonunda  şərh edilir. Əziyyətli yolcuğunun sonunda Ağaoğlunun Həmdüllah Sübhi ilə birgə Atatürkün yanına getməsi, ideallaşdırdığı Paşanı ikinci dəfə TBMM-də görməsi bir tale diqtəsi olaraq izah olunur. Müəllif bu gəlişin mahiyyətini belə açıqlayır: "Məqsəd Türkiyənin namuslu və vətənpərvər adamları ilə bir yerdə olmaq, təkcə hərbi-fiziki deyil, mənəvi-intellektual gücə də böyük ehtiyac duyulan Milli Mücadilədə iştirak etmək idi". Həmin dövrdə sözün həqiqi mənasında müharibədən çıxmış şəhərin vəziyyətini göz önündə canlandıran Vilayət Quliyev Əhməd bəyin Ankaranı olduğu kimi qəbul edib, sevməsini, burada yurd-yuva salmaq qərarına gəlməsini də yazır.

Söz və qələm vasitəsi ilə insanları inandırmaq, öz arxasınca aparmaq bacarığı olan Ağaoğlunun Ankaradan sonrakı taleyinin Qarsla bağlı məqamları da kitabda özünə yer tapmışdır. O, uğurlu Qars missiyasının töhfəsi olaraq iki dəfə Qarsdan millət vəkili seçilsə də, Qarabəkir Paşanın Ənvər Paşa əleyhinə yazı yazdırmaq istəyinin lazımınca yerinə yetirilməməsi səbəbindən Qarsdan geri çağırılır. Bu hadisələrin təfərrüatını və şərhini verən Vilayət Quliyev Atatürkün onu TBMM höküməti yanında Mətbuat və İstihbarat Müdiriyyəti-Ümumiyyəsinin rəhbəri təyin etməsinə də münasibət bildirir. Həmin vəzifədəki çətinliklər, ona qarşı edilmiş hücumlar, əməyinin millət vəkilləri və başqa vəzifəli şəxslər tərəfindən düzgün qiymətləndirilməməsi kitabda detallarına qədər şərh edilir. Göstərilir ki, əvvəlcə Mətbuat və İstihbarat Müdiriyyəti-Ümumiyyəsinin büdcəsi azaldılmış, sonra Ağaoğlunu işdən çıxarmağa nail olmuşdular. "Əhməd bəyin işsizliyi heç bir gün də sürməmişdi" - deyən müəllif onun 1923-cü ilin 11 avqustunda TBMM-ə ikinci dönəm millət vəkili seçildiyini qeyd edir.

Bu məsələ ilə bağlı Vilayət Quliyevin özünəməxsus yorumlarına nəzər salaq: "Sirr deyil ki, hakim partiyadan millət vəkillərinin namizədliyini Atatürk şəxsən özü müəyyənləşdirirdi. Ona görə də Ağaoğlunun Mətbuat Ümum müdiri vəzifəsindən uzaqlaşdırılması və dərhal da məclisə gətirilməsi Atatürkün qurduğu ssenarinin bir hissəsi sayıla bilər. Deməli, dövlət başçısı bu dəfə də Əhməd Ağaoğlunu daha çox lazım olduğu, daha çox fayda gətirə biləcəyi yerdə - TBMM üzvü statusunda görmüşdü". Bu dəfə isə Atatürk Qarabəkir Paşanın əleyhinə Ağaoğludan yazı istəsə də, o razı olmamışdı. Hadisələrin təsvirinin bu mərhələsindən sonra Atatürk və Ağaoğlu qarşılaşmalarının tez-tez şahidi oluruq. Əksər qarşıdurmaların yekununda Ağaoğlunun Mustafa Kamala olan sayğısı qalib gəlsə də, "lakin eyni zamanda yeni Türkiyənin qurucusuna bəslədiyi sonsuz hörmət və ehtirama baxmayaraq heç zaman onun önündə əyilməmiş, kor-koranə səcdə və pərəstiş yolunu tutmamışdı".

Vilayət Quliyev baş verən hadisələrə münasibət bildirərkən, həmin hadisələrə insan faktorunun təsiri və birinci şəxsin müdaxilə mexanizmini idarə etməsi kimi problemlərə də toxunmuşdur: "Zaman keçdikcə hakimiyyətlərinə xüsusi qətiyyətlə xitam verdiyi Osmanlı sultanları kimi o da bir sıra məsələlərdə özünü hakimi-mütləq və son söz sahibi saymağa başlamışdı". Belə olan anlarda əbədilik "yeganə" titulunu qoruyub saxlamağı bacaran şəxs olaraq ancaq Əhməd bəy nümunə gətirilir. "Atatürk yenə bu və ya digər məsələ ilə bağlı fərqli fikir eşitmək üçün Ağaoğlunun mövqeyi ilə maraqlanır, o da öz növbəsində xoşa gəlməyə, rəğbət qazanmağa deyil, həqiqəti söyləməyə çalışırdı".

Onun dolğun obrazını yaratmağa nail olmuş və oxucusunun inamına hakim kəslimiş Vilayət Quliyev elə tutarlı faktlara istinad edir ki, insan özünü hadisənin şahidi kimi hiss edir. İnandığı həqiqətlərin müdafiəsindən çəkindirmək asan olmayan Ağaoğlunun Atatürkə sui-qəsddə günahsızlığına inandığı insanları müdafiə etmə cəsarətini alqışladığının şahidid oluruq. "Lakin maraqlı haldır ki,  Atatürkü tənqid etmək fikrinə düşərkən Əhməd bəy ilk növbədə ... onun özünə güvənmişdi".

Ən müxtəlif situasiyalarda fikir toqquşmaları yaşamaqlarına baxmayaraq "Əhməd bəy Atatürkün böyüklüyünü, ölkə və millət qarşısında cahanşümul xidmətlərini minnətdarlıq hissi ilə etiraf etməklə bir sırada cumhur başqanını dilsiz-ağızsız, qul xislətli bir kütlənin deyil, haqlarından yararlanmağı bacaran, demokrarik dəyərlərə söykənən, öz gücünə inanan qürurlu millətin lideri kimi görmək istədiyini heç zaman gizlətməmişdi". Bu münasibət İrşad Heyəti ilə Qarsa yolculuqda da, "Mətbuat naziri" postunda da, "Atatürkə xüsusi məktub-məruzə"də də özünü göstərmişdi. Bu məktub hətta ona baha başa gəlmiş, əleyhdarlarını xeyli fəallaşdırmışdı.

Müəllif onun digər məsləkdaşları ilə müqayisəsində də tərəfsiz olmağa çalışır, sözünü həqiqətlə müdafiə etməyə üstünlük verir: "Üstəlik çar Rusiyası və Osmanlı imperiyasında ciddi mübarizə məktəbi keçdiyindən dostu Yusif Akçura kimi siyasi sadəlövhlük və təslimçi barışdırıcılıq hissindən çox uzaq idi". Belə bir xarakterin sahibi Türkiyə Şəkər Sindikatı İdarə Heyətinin üzvü təyin ediləndə etiraz etmiş, Atatürk isə idarəçiliklə bağlı təklif və mülahizələrini yazılı şəkildə təqdim etməsini istəmiş, o da yazıb vermişdi.

Verdiyi məsləhətlər, irəli sürdüyü təkliflər nə qədər birmənalı qarşılanmasa da, qalmaqallar yaratsa da, Ağaoğlu həmin üslubu əsərlərində də qoruyub saxlamışdır. Belə bir mövqeyə münasibət bildirən V.Quliyev yazır ki, "bu baxımdan demokratinanın dünya miqyasında böhran keçirdiyi dövrdə qələmə alınan, təkcə Şərqdə deyil, Qərbdə də sosial utopiyanın son nümunələrindən sayıla biləcək "Sərbəst insanlar ölkəsində" əsəri Əhməd Ağaoğlunun Türkiyənin, türk cəmiyyətinin gələcəyi ilə bağlı arzularının, xəyallarının ifadəsi idi. O, bəlkə də, ürəyinin dərinliklərində Atatürkün qurduğu  Cümhuriyyətin bu xəyalları nə zamansa gerçəkləşdirəcəyinə müəyyən inam bəsləyir,  prosesə öz töhfəsini verməyə çalışırdı".

Özünün çalışmaqları ilə mövcud gerçəkliklər arasındakı uçurumları görən Əhməd bəy belə problemləri daim mətbuatda işıqlandırır. Bütün bunlar və başqa nüasnlar da nəzərə alınaraq "Əhməd bəyə müxalifətçilik təklif olunur". Həmin bölümündən sonra hadisələrin gedişində kəskin dönüş yaranır. Demək olar  ki, 30-cu illərdə birinci şəxslə olan münasibəti dramatik axarla davam edir. Əli Fəthi Okyar, Mehmet Nuri Conker və Ağaoğlu üçlüyündən ibarət bir müxalifət partiyası təşkil olunur. Sərbəst Firqə adı ilə tarixə düşmüş bu partiyanın  100 gün də yaşaya bilməməsi ən maraqlı detallarına qədər izah olunur. Kitabda da göstərildiyi kimi Ağaoğlu formal səciyyə daşıyan bu işə qol qoymaq istəməyib. "Atatürkün "Sən gedərsən!" - hökmü qarşısında da subub geri çəkilməmişdi. Qazinin ideyalarına bütün varlığı ilə bağlı olduğunu, amma indiki şəraitdə əmr alsa belə bu ideyalardan üz çevirib saxta müxalifətçilik yolu tutmayacağını bildirmişdi".

Kitabın ən maraqlı bölümlərindən biri  "Qalmaqallı İzmir gəzisi"dir. "İzmir hadisələri mahiyyət etibarı ilə Sərbəst Firqənin həm başlanğıcının sonu, həm də sonunun başlanğıcı oldu". Bu proseslər zamanı Atatürkün keçirdiyi mənəvi böhranlar da tarix və həqiqət işığında təhlil edilir.

Kitabda Cankaya köşkünün, "gecə ədəbiyyatı"nın da bir sıra sirli məqamlarına aydınlıq gətirlir. "Sadəcə bu qəribə "janrın" yeganə məqsədi adamlara mənəvi əzab vermək, bəlli bir vaxta qədər onları xof, şübhə və peşimançılıq içində saxlamaq imiş..." Heç Ağaoğlu da bu ağlagəlməz sınaqdan sığortalanmır. İradəsinin ziddinə olaraq Atatürkün içkinin təsiri ilə diqtə etdiyi sözləri qələmə alır. Təbii ki, məsələnin mahiyyətini anlayanda pərt olsa da, özünə haqq verir.

Atatürkün təhriki ilə süni müxalifətçilik oyununda iştirak etməyə vadar edilməsinə baxmayaraq, o bu işin öhtəsindən vicdanla gəlir və bələdiyyə seçkilərində özünün əsl mövqeyini ortaya qoyur. "O, sadəcə türk millətini ürəkdən sevən, Cümhuriyyət ideallarına varlığı ilə bağlı olan həqiqi vətənpərvər kimi mövcud nöqsanlara laqeyd seyrçi qala bilmirdi". Bütün bunlara baxmayaraq partiya qapanır və müxalifətçilik yolunu təkbaşına sürdürəcəklərini bəyan edənlər isə az qala ertəsi gün fikirlərini dəyişirlər.

Sonra hadisələrin inkişafı "Axına qarşı "Axın" bölümündə davam etdirilir. "Hökümətin fəaliyyətindən bütün narazılığına baxmayaraq "Axın" Atatürkün adını həmişə yüksək hörmət və ehtiramla çəkirdi" - sözləri ilə müəllif bu iki şəxsiyyətin bütövlüyünə xələl gətirmədən həqiqətləri sadalayır. Həmin məsələ "Ailə dostu Atatürk" bölümündə daha qabarıq şəkildə verilir. Kitabın əvvəlindən başlayaraq bu bölümə qədər davam edən fikir çəkişmələri, bəzən küskün qalmaları təsvir edilsə də, bu bölümdən ilk tanışlıq anlarından hər iki dahinin ölümünə qədər aralarındakı kişi kimi bağlılıq daha təsirli formada diqqətə çatdırılır. Bir məsələ də qabardılır ki, "Ağaoğlu ailəsinin üzvləri heç vaxt birinci şəxsə yaxınlıqlarından yararlanıb hansısa güzəşt və üstünlüklər əldə etməyə can atmamışdılar".

Ümumiyyətlə, kitabda iki tarixi şəxsiyyət arasındakı münasibətlərə işıq salınarkən digər şəxslər də oyundan kənarlaşdırılmayıb. Hər bir ictimai-siyasi xadim öz siması ilə əks olunub. Onların proseslərə hansı mövqedən necə təsir etmələri öyrənilib. Gərginlik yaratmağa meylli insanların əksinə olaraq "Əhməd Ağaoğlu türk ziyalılarını cümhuriyyətin aparıcı qüvvəsinə çevirmək istəyirdi. Onun fikrincə, Atatürk dünya tarixindəki ən cəsarətli inqilablardan birini gerçəkləşdirmiş - Türkiyəni orta əsrlərdən çağdaş dünyaya gətirmişdi".

Gülnar Səma

 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR