UNESKO-nun 43-cü sessiyası başa çatdı

Şəki Xan sarayının UNESKO-nun Dünya irs siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin tarixi qələbəsidir

İyulun 10-da Bakı Konqres Mərkəzində UNESKO Dünya İrs Komitəsinin 43-cü sessiyasının baş çatması münasibətilə Təşkilat Komitəsinin sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev mətbuat konfransı keçirdi.

Olaylar.az bildirir ki, bütün media nümayəndələrinə minnətdarlığını bildirən Əbülfəs Qarayev tədbir müddətində qəbul edilmiş qərarlardan, keçirilən görüşlərdən, əldə edilən uğurlardan söz açdı.

Nazir dedi ki, ölkəmizin son illər sürətli inkişaf yoluna qədəm qoyması dünya birliyində yüksək qiymətləndirilir. Dünyanın mötəbər beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirmələri müstəqil dövlətimizin nüfuzundan xəbər verir.

Azərbaycan-UNESKO münasibətlərinə toxunan Əbülfəs Qarayev bu qurumla əlaqələrin inkişafında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğuladı. Qeyd etdi ki, Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli sərəncamı ilə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Komitədə nazirliklərin, dövlət komitələrinin, digər aidiyyəti qurumların rəhbər və məsul şəxsləri təmsil olunub.

Mədəniyyət naziri ölkəmizin 10 gün ərzində ev sahibliyi etdiyi möhtəşəm tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

Nazir daha sonra dedi: "UNESKO-nun Ümumdünya İrs Komitəsinin sessiyasının Bakıda keçirilməsi olduqca məsuliyyətli bir iş idi. Komitə üzvlərinin ölkəmizin belə nüfuzlu bir tədbirə ev sahibliyi etməsinə səs verməsi, sözsüz ki, ilk növbədə Azərbaycanın dünyadakı artan nüfuzundan xəbər verirdi. Qeyd etmək istəyirəm ki, Ümumdünya İrs Komitəsinin əvvəlcədən göndərilmiş şərtlər toplusu var idi və aidiyyəti dövlət orqanlarımız bu şərtlərlə tanış olmuşdular. Bu istiqamətdə bütün işlər həyata keçirildi".

Nazir qeyd edib ki, bu sessiya çərçivəsində Bakıya gələn insanlar öz ölkələrinin tanınmış şəxsləridir: "Onlar tanınmış mütəxəssislərdir. Qonaqlar şəhəri gəzdilər, tarixi yerləri ziyarət etdilər. Ölkədəki vəziyyət onlarda müsbət təəssürat yaratdı. Xarici media da bu sessiyanı işıqlandırdı. Sessiya ilk gündən son günə qədər UNESKO-nun saytında yayımlanırdı. Bu müddət ərzində kommisiya 166 məkana baxıb, onların mövcud vəziyyəti müzakirə olunub. Bunlardan 32-si yeni nominasiya idi. Biz Şəkinin Dünya İrs Siyahısına daxil edilməsinə nail olduq. Bundan arxayınlaşmamalıyıq, beynəlxalq qaydalara əməl edilməlidir. Gərək elə edək ki, gələcəkdə bu prosesə nəzarət edə bilək. Hər il ya planlı, ya da plansız şəkildə komissiya gəlir, vəziyyəti dəyərləndirir".

Ümumdünya İrs Komitəsinin təşkilatın əhəmiyyətli qurumlarından olduğunu söyləyən nazir bildirdi ki, bu komitənin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərdən hesab olunur: "Ümumdünya İrs Komitəsi dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən mədəni və təbii irs nümunələrinə, ən dəyərli abidələrə dair qərarlar qəbul edir. Bu tədbirə ev sahibliyi etmək və eyni zamanda komitəyə sədrlik etməklə Azərbaycan Respublikası dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoydu".

Gələn il Çində keçiriləcək  44-cü sessiya zamanı Azərbaycan UNESKO-nun Ümumdünya İrs Komitəsinin  bir neçə yerin qurumun Dünya İrs Siyahısına salınması üçün iddia qaldıracağı qeyd olundu.  Əbülfəz Qarayev Şəkinin UNESKO-nun Dünya İrs Siyahısına salınmasını ölkənin uğuru adlandırıb: "Fəxr etməliyik ki, siyahıya daxil edilən mədəni obyektlərin sayı artır".

Nazir xatırladıb ki, Şəkinin siyahıya daxil edilməsi iddiası 6 il öncə qaldırılıb: "Hökumət və ictimaiyyət UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının nəticələrini ciddi şəkildə təhlil etməlidirlər. Azərbaycanda 6 700 adda tarixi abidə var. Onların bərpasının tez bir zamanda aparılması imkanlar xaricindədir. Bu proses mərhələli şəkildə aparılır. Məsələn, Çıraqqala, Bərdədə yerləşən "Allah, Allah" türbəsi təhlükəli vəziyyətdə idi, onun bərpasına başladıq".

Vurğulandı ki, sessiya çərçivəsində səmərəli müzakirələr aparılıb, bir sıra vacib qərarlar qəbul olunub. Bakı sessiyasında UNESKO-nun Dünya irs siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş fayllar təhlil olunub və müvafiq qərarlar qəbul edilib. Nəticədə 29 irs nümunəsi UNESKO-nun siyahısına salınıb. Bunlardan 24-ü mədəni, 4-ü təbii və 1-i qarışıq nominasiyadır. Bununla da təşkilatın irs siyahısında qorunan nümunələrin sayı 1121-ə çatıb: "Bu tədbir təkcə Azərbaycan üçün deyil, həm də dünya ölkələri üçün əlamətdar hadisədir. 150-dən çox ölkənin nümayəndələrinin iştirak etdiyi sessiya dünya mətbuatında geniş işıqlandırılıb. Həmçinin sessiya UNESKO-nun saytında canlı yayımlanıb.

Nazir vurğuladı ki, Şəki Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Dünya irs siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin tarixi qələbəsidir. Bu prosesin asan başa gəlmədiyini qeyd edən Əbülfəs Qarayev bildirdi ki, altı ildir ölkəmizdən ekspertlər bu sənədi hazırlayaraq müvafiq beynəlxalq təşkilatlara təqdim etmişdilər: "İlk mərhələdə onların təhlili zamanı bir sıra məqamlar ortaya çıxmış, müəyyən tövsiyələr verilmişdi. Azərbaycanın gətirdiyi sübutlar və dövlətimizin başçısının "Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamının icrası bu qərarın verilməsində müsbət rol oynadı. Bununla da Azərbaycanın UNESKO-nun Dünya irs siyahısında yer alan mədəni irs nümunələrinin sayı üçə çatmış oldu".

Sonda Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev tarixi abidələrin qorunması ilə bağlı sahibkarlara və ictimaiyyət nümayəndələrinə müraciət edib: "Tarixi abidələr müqavilə əsasında istifadəyə verilərkən hər hansı dəyişiklik edilirsə, məsələn, pəncərə açılırsa, bu, mütləq dövlət qurumları ilə razılaşdırılmalıdır. Qədimliyi qorumaq lazımdır", - nazir əlavə edib. 

Ə.Qarayev bu istiqamətdə media nümayəndələrini də fəal olmağa çağırıb.

Nigar Adil

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR