Asan Ədəbiyyat Xidməti yaradılsın! – Şərif Ağayar yazır...

 

Ölkəmizin müstəqillik dövründə həyata keçirdiyi ən uğurlu layihələrdən biri də Asan Xidmətdir.

Sovet dövründən qalan bürokratiyanın "ağır taxtalı" qurumlarından canımız xeyli qurtuldu. Əvvəl-əvvəl sadə vətəndaşlar "heç bir maraq güdmədən" onların xidmətində dayanmış bu gənc - yəni işləməyə həvəsi və enerjisi olan, şüvərək - yəni qarnı olmayan, mədəni - yəni söyüş söyməyən məmurlara heyranlıqla baxırdılar və gözlərinə inanmırdılar. Zaman keçdikcə hər şey yoluna düşdü. Məlum oldu ki, əslində bizim indi gördüyümüz yox, indiyə qədər gördüyümüz qeyri-adi imiş. Müasir dünyada xidmətdə asanlıq bir normaymış.

Sual olunur: belədirsə, biz bu sistemin yaradcılıq sahəsinə tətbiq olunmasına niyə səy göstərmirik? Bəlkə, belə bir addım atsaq, bu sahədə də əvvəlcə toplumun, sonra sivil dünyanın diqqətini çəkən, təqdirini qazanan nəticələr əldə edə bilərik? Nə deyirsiniz?

Balaca nazirlik funksiyasını yerinə yetirən sovetdənqalma yaradıcı təşkilatların bağlanmasını istəyəndə bir dəstə adam əlibaltalı üstünə gəlir. Ay bu qədər adam burdan evinə çörək aparır, ay siz yaşlı yazıçılarımızın düşmənisiniz, ay özünüz gəlmək istəyirsiniz və s. Dəhşət orasıdır ki, çağdaş dünyanın tələblərinə uyğun düşünən, söhbəti bilən beş-üç nəfərdirsə, bu qafada olanlar minlərlədir. Ona görə, səsin qara-qışqırığın içində itib-batır, lazım olan yerə gedib çatmır.

Tamam, yaradıcı təşkilatlara toxunmayaq. Qoy onlar yenə də "heç nə" müqabilində öz ianələrini alsınlar, evlərinə çörək aparsınlar. Bir şərtlə - yaradıcılığın müasir prinsiplər üzərində inkişafı işini bu təşkilatlardan ummayaq! Çünkibu, bir fəlakətdir!

O dərəcədə ki, son 30 ildə yüz minlərlə vəsait sərf olunduğu halda heç bir ciddi nəticə əldə edə bilməmişik.

Söhbət dünyanın nüfuzlu festivallarında iştirak etməkdən, mükafat almaqdan, müsabiqələrə qatılmaqdan, yarmarkalarda üst düzəydə təmsil olunmaqdan - bir sözlə ciddi dairələrdə "Azərbaycan ədəbiyyatı"ifadəsini duyurmaqdan gedir.

Niyə ədəbiyyatı ayırdım? Çünki digər yaradıcılıq sahələrindən daha bərbaddır. İndiyədək filmlərimizin də, musiqimizin də, rəssamlığımızın da balaca da olsa beynəlxalq uğuru olub, kitabımız isə burax dünyanı, heç Gəncəyə gedib çıxmayıb.

Ətalətlə işləyən sovetdənqalma yaradıcı qurumlara dəyməyək, lakin onların yanı sıra yeni tendensiyalara qapılar açılsın. Dövlətimiz şəxslərə, təşkilatlara deyil, layihələrə, yəni konkret işə dəstək versin.

Özüm şahidəm, hardasa on-on beş il əvvəl kino sahəsində "Asan Xidmət" sistemi bərqərar olmağa başlamışdı: qeydiyyatdan keçən müstəqil prodüser mərkəzləri dövlətə layihələr verirdi və qəbul olunurdu. Bu sivil addımın nəticəsi kimi xeyli maraqlı film çəkildi.

Ədəbiyyat sahəsində də belə olsun, bəlkə. Əsərlərin yazılması, təbliği, tərcümə olunub dünyanın nüfuzlu müsabiqələrinə təqdim edilməsi, regionlarda ilk, paytaxtda yeni müstəqil nəşriyyatların və kitab mağazalarının açılması, yazarların xaricdə təhsil alması, universitetlərin nəzdində və ya ayrıca yazarlıq kurslarının təşkili və s. və s. kimi məsələlər konkret layihə halında aidiyyatı qurumlara təqdim olunsun, ağıllı, perspektivli, mütərəqqi olduğu halda qəbul edilsin, dəstək alsın.

Belə bir industriyanı yarada bilsək, sizi əmin edirəm, son 30 ildə edə bilmədiklərimizi beşcə ildə edərik. Buna bütün varlığımla əminəm.

Lakin başqa bir sual da eynimdən keçməmiş deyil: biz bütün bunları doğrudan da istəyirikmi?

Bəli deməyə tərəddüd etsəm də, inamım ölməyib.

Biz nəhayət, "Bizə kömək edin yaşayaq" deyənlərin əvəzinə, "Bizə kömək edin işləyək" söyləyənləri qabağa verək!

İlin-günün bu vaxtı gənc və ağrılı Azərbaycana bir filmimizin Kann mükafatına layiq görülməsi, bir əsərimizin Buker alması qədər heç nə beynəlxalq nüfuz qazandıra bilməz. Bizi kobud, mədəniyyətdən uzaq, yolagedilməz adlandıranlara bundan daha tutarlı cavab düşünə bilmirəm.

Bu, həm də mədəni zamanımızın tarix qarşısında ən möhtəşəm hesabatı olardı. /kulis.az/

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR