“Dəli yığıncağı” tamaşası

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli Azərbaycan ədibi Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibəti ilə "Dəli yığıncağı" tamaşası səhnəyə qoyulub. Olaylar.az-a verilən məlumata görə, tamaşadan öncə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli  giriş nitqi söyləyib.

Tamaşanın elmi məsləhətçisi İsa Həbibbəyli çıxışı zamanı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə və onun hüdudlarından kənarda böyük demokrat Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif elmi tədqiqat institutlarında bu münasibətlə elmi sessiyalar, seminarlar, konfranslar təşkil edilir. Mirzə Cəlilin 150 illiyinə akademiya və ona bağlı olan qurumlar sanballı nəşrlər hazırlayırlar. Bu gün isə Ədəbiyyat İnstitutu Akademik Teatrla bir yerdə Cəlil Məmmədquluzadənin 150 illiyini onun "Dəli yığıncağı" tamaşasına kollektiv baxışla qeyd edir. Akademik çıxışında Cəlil Məmmədquluzadənin digər əsərlərinin də bədii dəyəri və milli mövqeyi haqqında fikirlərini bölüşüb.

Qeyd edək ki, iki hissəli satirik pamfletin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhrəm Osmanov, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Xalq artisti Siyavuş Kərimidir. Bundan başqa tamaşanın rejissoru Mehman Fətullayev, işıq üzrə rəssamı Rəfael Həsənov, səhnə hərəkəti və plastikası Ceyhun Dadaşova məxsusdur. Teatrın bədii rəhbəri isə Azər Paşa Zəfər oğludur.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR