III Respublika Xalq Teatrları Festivalı başa çatdı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında III Respublika Xalq Teatrları Festivalının bağlanışı və qalib kollektivlərin mükafatlandırılması mərasimi keçirildi.

Olaylar.az bildirir ki, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Rafiq Bayramov və teatr ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

İlk olaraq səhnəyə Bakı şəhərində və respublikanın bölgələrində keçirilmiş baxış-seçim mərhələsində uğur qazanaraq III Respublika Xalq Teatrları Festivalında iştirak edən kollektivlər və münsiflər heyətinin üzvləri çıxdı.

Sonra baxış-seçim mərhələsini əks etdirən videoçarx nümayiş olundu.

Münsiflər heyətinin sədri, Əməkdar artist Loğman Kərimov çıxış edərək festival haqqında söz açdı. Qeyd etdi ki, 23-24 iyun tarixində III Respublika Xalq Teatrları Festivalının final mərhələsi Bakı şəhərində keçirilib. Bu ilin aprel ayı ərzində festivalın Bakıda və respublikanın bölgələrində keçirilmiş baxış-seçim mərhələsində uğur nümayiş etdirmiş 13 kollektiv (İsmayıllı, Qəbələ, Beyləqan, Zaqatala, Şabran, Masallı, Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrları) həlledici mərhələdə iştirak imkanı qazanıb.

Festivalın final mərhələsində tamaşalar 23 iyunda Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında (doqquz tamaşa), iyunun 24-də Dövlət Gənc Tamaşaçılar Teatrında (4 tamaşa) nümayiş olunub.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan teatrının yarandığı dövrdən uğurlarla müşayiət olunan zəngin bir yol keçdiyini dedi: "Azərbaycan teatrları uzun illər ərzində xeyli uğurlu tamaşalar, layihələr həyata keçirib. Böyük səhnə xadimlərimiz yetişib. O insanlar Azərbaycan xalqının mədəni həyatının inkişafına böyük töhfələr verərək adlarını mədəniyyət tariximizə qızıl hərflərlə yazdırıblar. Bütün bunların əsasında xalqımızın istedadı və yaradıcılıq potensialı dayanır".

Daha sonra festivalın qaliblərinə mükafatlar təqdim olundu. III yerə Mərdəkan, Zaqatala, Yevlax xalq teatrları, II yerə Cəlilabad, Şərur xalq teatrları layiq görüldü. Şabran rayon Xalq teatrı isə festivalın birincisi elan olundu.

Həmçinin festivalın digər iştirakçı kollektivlərinə müxtəlif nominasiyalarda Mədəniyyət Nazirliyinin diplomları təqdim olundu.

Sonda Şabran rayon Xalq teatrının ifasında tamaşa nümayiş olundu.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR