Moskvada təhsil alan azərbaycanlı tələbələr sənət hesabatı verdilər

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Moskvadakı B.Şukin adına Teatr İnstitutunda təhsil alan azərbaycanlı tələbələrin hesabat çıxışları başlandı.

Olaylar.az bildirir ki, teatr sahəsi üzrə gənc istedadların dəstəklənməsi, kadr hazırlığı və əlavə təhsil sisteminin təkmilləşdirilməsi, bu sahədə xarici ölkələrlə müştərək layihələrin keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi və Rusiyanın Y.Vaxtanqov adına  Dövlət Akademik Teatrının nəzdində B.Şukin adına Teatr İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Həmin sənədə əsasən 2016-cı ildə B.Şukin adına Teatr İnstitutunda azərbaycanlı tələbələr üçün xüsusi aktyor-rejissor kursu yaradılıb. Azərbaycana gələn pedaqoji qrup istedadlı gənclərdən ibarət heyəti toplayaraq onlara incəsənətin müxtəlif istiqamətləri, xüsusilə də teatr sənətinin çoxşaxəli istiqamətlərini tədris ediblər. Tədris prosesi zamanı tələbələrimizin ifasında bir neçə tamaşa səhnələşdirilib. İndi isə azərbaycanlı tələbələr sənət hesabatı üçün doğma şəhərdədirlər.

İlk olaraq tələbələrimiz bir növ sinif konsertini təqdim etdilər. Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi konsertdən öncə səhnəyə çıxan Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti Azər Paşa Nemət və Boris Şukin adına Teatr İnstitutunun Rejissorluq kafedrasının müdiri, professor, Rusiyanın Xalq artisti Mixail Borisov gənclərə uğurlar arzuladılar.

İkihissəli konsertdə tələbələr Ramail Bayramov, Abdulla İsmayılov, Bəhruz Əliyev, Mikayıl Əliyev və başqaları müxtəlif səhnəciklər, tamaşalardan hissələr, mahnı və romansların pantomima nümayişi və s. təqdim etdilər. Tələbələrin ifaları tamaşaçılar tərəfindən maraqla qarşılandı. Ramail Bayramovun "Sarı gəlin", Abdulla İsmayılovun mono ifaları xüsusilə alqışa səbəb oldu. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR