III Respublika Xalq Teatrları Festivalının final mərhələsi keçirilir

23-25 iyun tarixində Bakı şəhərində III Respublika Xalq Teatrları Festivalının final mərhələsi keçirilir. "Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı"na müvafiq olaraq gerçəkləşən festivalın baxış-seçim mərhələsi bu ilin aprelində paytaxtda və respublikanın bölgələri regionları üzrə şəhər və rayonlarda təşkil olunub.

Olaylar.az bildirir ki, ölkəmizdə ümumilikdə 37 xalq teatrı kollektivi fəaliyyət göstərir. Onların arasından 13 kollektiv həlledici mərhələyə dəvət qazanıb. Bunlar İsmayıllı, Qəbələ, Beyləqan, Zaqatala, Şabran, Masallı, Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrlarıdır.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında doqquz kollektiv hazırladıqları səhnə əsərlərini təqdim etdi. Yekun mərhələdə Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə müəyyən edilmiş münsiflər heyəti tərəfindən mükafatçılar, o cümlədən müxtəlif həvəsləndirici nominasiyalar üzrə qaliblər seçiləcək. Qeyd edək ki, Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru Loğman Kərimovun rəhbərlik etdiyi münsiflər heyətinə Əməkdar artist, aktyor və bədii qiraətçi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Azad Şükürov, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Gülnar Hacıyeva, tənqidçi, sənətşünas Atababa İsmayıloğlu və başqaları daxildir. Münsiflərlə bərabər teatrsevərlərin də izlədikləri tamaşalar maraqla qarşılandı.

Qeyd edək ki, III Respublika Xalq Teatrları Festivalının final mərhələsinin ikinci günü - iyunun 24-də daha 4 kollektiv - Mərdəkan, Qax, Bərdə və Cəlilabad xalq teatrları öz tamaşalarını təqdim edir. Səhnə əsərləri Dövlət Gənc Tamaşaçılar Teatrı səhnəsində nümayiş olunur. Saat 17-də Gənc Tamaşaçılar Teatrında festival qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək.

İyunun 25-də isə Muzey Mərkəzində festival çərçivəsində I Respublika Xalq Teatrları Konfransı keçiriləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR