Nadir şah Əfşara həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

İyunun 20-də  "Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Olaylar.az bildirir ki, Beynəlxalq konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Dünya Avşarlar Dərnəyinin Azərbaycan şöbəsidir. Əvvəlcə qonaqlar AMEA-nın Tarix İnstitutunun nəşrlərindən ibarət sərgi ilə tanışlıq olub.

Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, hazırda Azərbaycanın tarixi daha dərindən öyrənilir, yeni-yeni əsərlər, tarix irsimizə aid tərcümələr ortaya çıxır: "Bu istiqamətdə A.A.Bakıxanov adına Tarix İnstitutunun fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün keçirilən konfrans ötən əsrin 60-cı illərindən başlayan özünəqayıdış prosesinin daha geniş miqyasda ifadəsidir. Nadir şah Azərbaycan tarixində çox geniş yer tutmuş şəxsiyyətlərdəndir. Şah İsmayıl Xətai dövründə Türkiyə ilə Azərbaycan arasında yaranmış gərginliyi o, bütün varlığı ilə dəf etməyə çalışıb. Düzdür, Qərb ölkələri bunu istəmədiyinə görə Nadir şah bu yolda arzularını tam həyata keçirmədi. Amma bununla belə Azərbaycan tarixində böyük yer tutan, adı kimi nadir şəxsiyyətdir. Düşünürəm ki, gənc nəsil onun şəxsiyyətini daha yaxından öyrənməlidir".

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxışında deyib ki,Nadir şah tarixdə üç imperiyanı - çar Rusiyası, Osmanlı və Böyük Moğol imperiyalarını məğlub edən, əfqan müdaxiləçilərini ölkədən qovub çıxaran və çökmüş Səfəvi imperiyasının ərazisini daha da genişləndirərək Əfşarlar imperiyasını yaradan böyük hökmdardır: "Nadir şahı amansızlıqda, qırğınlar törətməkdə suçlayanlar yanılırlar. Bu həqiqət deyil! Onun kütləvi qırğınlar törətməsi barədə ilk mənbələrdə heç bir məlumata rast gəlinmir. O, fərariləri, satqınları, qiyamçıları, mərkəzi hakimiyyətə qarşı çıxanları cəzalandırırdı. Bunsuz böyük bir imperiyanı əldə saxlamaq mümkün idimi?!" Yaqub Mahmudov qeyd edib ki, akademik Ramiz Mehdiyevin əsərləri, o cümlədən Səfəvilər, Nadir şah haqqında tədqiqatları Azərbaycan tarix elmində ən mühüm nailiyyətlərdən biridir. Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı cənab prezident İlham Əliyevin Azərbaycan tarixinə olan qayğısını xüsusi qeyd edən Yaqub Mahmudov bildirdi ki, məhz onların sayəsində Azərbaycan müstəqillik əldə edəndən sonra dünyanın nəhəng kitabxanalarında, arxivlərində Azərbaycanla bağlı araşdırılmayan nadir sənədlər araşdırılaraq, mənfur düşmənlərimizə tarixi faktlarla cavab vermə imkanımız yaradılır.

Yaqub Mahmudov qeyd edib ki, akademik Ramiz Mehdiyevin əsərləri, o cümlədən Səfəvilər, Nadir şah haqqında tədqiqatları Azərbaycan tarix elmində ən mühüm nailiyyətlərdən biridir.

Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı cənab prezident İlham Əliyevin Azərbaycan tarixinə olan olan qayğısını xüsusi qeyd edən Yaqub Mahmudov bildirdi ki, məhz onların sayəsində Azərbaycan müstəqillik əldə edəndən sonra dünyanın nəhəng kitabxanalarında, arxivlərində  Azərbaycanla bağlı araşdırılmayan, nadir sənədlər araşdırılaraq,  mənfur düşmənlərimizə tarixi faktlarla cavab vermə imkanımız yaradılır.

Konfransda çıxış edən "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru, tarixi əsərlər müəllifi Yunus Oğuz başda Yaqub Mahmudov olmaqla təşkilatçılara təşəkkür etdi: "Tariximizə sahib olmalıyıq. Tariximiz, ədəbiyyatımız  farsca da yazılsa, bizim sərvətimizdi. Uzun müddət tariximizi, ədəbiyyatımızı əlimizdən aldılar. Bu gün və gələcəkdə təşkil olunacaq bu kimi beynəlxalq konfranslar və tədbirlər bizə milli kimliyimizi qaytarır. Millət olaraq keçmişdən gələcəyə dövlətçiliyimizi, etno-sosial psixologiyamızı gələcək nəsillərə qalib kimi daşıyaq".  

Konfransda AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Türkiyənin Dünya Avşarlar Dərnəyinin rəhbəri Şeref Kocakaya, Tarix İnstitutunun şöbə müdiri, professor Tofiq Mustafazadə, tarix elmləri doktoru Mehman Süleymanov, professor Ədalət Tahirzadə və Dünya Avşarlar Dərnəyinin Azərbaycan şöbəsinin rəhbəri Şöhlət Əfşar bildiriblər ki, Nadir şah təkcə Azərbaycanın deyil, ümumiyyətlə dünya tarixinin dahi şəxsiyyətlərindən biridir.

Elmi konfransda "Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə" adlı kitabın təqdimatı keçirilib. Kitabın müəllifləri akademik Yaqub Mahmudov və professor Tofiq Mustafazadədir. Kitab Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Nəşrin elmi redaktoru tarixçi alim Mehman Süleymanovdur.

İyunun 21-də yekunlaşacaq beynəlxalq konfransda "Nadir şah Əfşar imperiyasının tarixi ilkin qaynaqlarda və tarixşünaslıqda", "Nadir şah Əfşar: dahi sərkərdə və dövlət xadimi", "Nadir şah Əfşarın daxili siyasəti" və "Nadir şah Əfşarın xarici siyasəti" bölmələri üzrə məruzələr dinləniləcək. 

Konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna və başqa ölkələrin alimləri də qatılıblar. 

Nigar Adil
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR