Gəncədə 15 İyun – Milli Qurtuluş Günü qeyd olundu

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında 15 İyun Milli Qurtuluş Gününə həsr edilən konsert proqramı keçirildi. Konsert proqramını  Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkilləri Pərvin Kərimzadə və Naqif Həmzəyev, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki vitse-konsulu Teymuraz Saladze, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimayyətinin nümayəndələri izlədilər.

Olaylar.az bildirir ki, tədbirdə həmçinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə  keçirilən "Mədəniyyət həftəsi"nin təşkilatçıları - Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin bir qrup əməkdaşı, şəhərə gələn bir qrup xarici qonaqlar iştirak etdilər.

Bayram konsertində xalq artistləri Şahnaz Haşımova, Sevinc İbrahimova, əməkdar mədəniyyət işçisi, müğənni Mehparə Cəfərova, əməkdar artist Tural Abdullayev, Gəncə Dövlət Filarmoniyasının solistləri Vasif Bayramov, Əli Məmmədov, Elmir Pişnamazzadə və digərləri çıxış etdilər. Həmçinin konsertdə, Gəncə Dövlət Dram Teatrının aktyorlarının ifasında şair dramaturq Aydın Murovdağlının "Alın yazısı" poemasından bir parça tamaşaçılara təqdim olundu. Baletmeyster Sənan Cavadovun rəhbərliyi ilə nümayiş olunan  "İgidlər" rəqsi isə tamaşaçılar tərəfindən  böyük coşqu ilə qarşılandı. Konsert proqramı əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova və Rövşən Məmmədovun ifasında səslənən Kamalın "Xalq Heydər söyləyəcək" mahnısı ilə yekunlaşdı.

Tədbirin sonunda 15 İyun Milli Qurtuluş günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və I Vitse Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın simasında Azərbaycan xalqının ünvanına təbriklər söylənildi və bir daha vurğulandı ki, müstəqilliyimiz əbədi və dönməzdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR