Kukla Teatrında premyera -  “Bizim Don Kixot”

İyunun ortalarında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında mərhum dramaturq Rəhman Əlizadənin "Don Kixot Abşeronski" pyesi əsasında hazırlanan "Bizim Don Kixot" tamaşasının premyerası keçiriləcək.

Olaylar.az bildirir ki, müzkl kimi hazırlanan tragikomik tamaşanın səhnələşdirəni Rəhman Əlizadə, quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir.

Tamaşada baş rolu (Əhmədağa, Don Kixot) Azərbaycanın Xalq artisti, "Şöhrət" ordenli İlham Namiq Kamal oynayır. Sənətkarın 70 illik yubileyi münasibətilə ərsəyə gələn səhnə işində digər obrazları Kukla Teatrının aparıcı aktyorları Cavid Telman, Aygül Ağayeva, Araz Həsənli, Adil Dəmirov ifa edirlər.

Birhissəli müzklın rejissoru Qurban Məsimov əsəri müasir gün ilə səsləşən tamaşa kimi hazırlamağa çalışdığını deyib: "Özünütəsdiq problemi yaşayan, gerçəkliyin burulğanında faciəsini dərk etməyə qorxan Əhmədağanın Don Kixotlaşması özlüyündə maraqlıdır. Səhnə materialı alt qatdakı ideyaya impuls üçün əvəzsizdir. Bununla Əhmədağa həqiqəti demək, cəmiyyətdəki əyriliklərə öz münasibətini bildirmək istəyir. Amma ətrafındakı xoşagəlməzliklərə etirazını özü kimi yox, Don Kixot olaraq bildirir. Düşünür ki, Əhmədağa olduğu halda onu kimsə qəbul etməz, dinləməz. Ona görə də maska taxmaq, obraza girmək istəyir və Don Kixota çevrilir. Axı o da yalana, ədalətsizliyə, haqsızlığa qarşı vuruşurdu. Bu mənada tamaşa Əhmədağanın mübarizəsidir. Təbii ki, Donkixot maskası ilə...

Onu da qeyd edək ki, böyük yaş qrupu tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərində kukla oyunu ilə canlı planda aktyor ifasının maraqlı sintezinə nail olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR