Ən çox kitab oxuyan sakinlər mükafatlandırıldı - Qusarda

Qusarda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar təşkil olunan "Oxu bayramı"nda rayondakı kitabxanaların daha çox kitab oxuyan üzvləri mükafatlandırılıb. Olaylar.az bildirir ki, müsabiqə çərçivəsində 9 fəal oxucu pul mükafatı qazanıb.

Birinci yerə layiq görülən 3 nəfərin hər biri 300 manat, ikinci və üçüncü yerin sahibləri isə müvafiq olaraq 200 və 100 manatla mükafatlandırılıb. Bundan əlavə, 10 nəfərə həvəsləndirici mükafat və hədiyyələr təqdim olunub.

Nəriman Nərimanov adına parkda açıq havada təşkil olunan mərasimdə 3 mindən çox kitab nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər "Oxu bayramı"nın əhəmiyyətindən danışaraq bildiriblər ki, müsabiqənin keçirilməsində məqsəd texnologiyaların və informasiyanın geniş yayıldığı müasir dövrdə mütaliəyə marağı artırmaq, insanları maarifləndirməkdir.

Müsabiqənin şərtlərinə əsasən oxucu tərəfindən oxunmuş kitabların sayı və iştirakçıların mütaliə etdiyi nəşrlər barədə informasiyalılıq səviyyəsi əsas qiymətləndirmə meyarı sayılıb.

Bayram tədbirində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr edilən bədii kompozisiya təqdim olunub.

"Oxu bayramı"nda tamaşaçılara yerli incəsənət ustalarının ifasında konsert proqramı təqdim edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR