Mədəniyyət könüllülüyünə ADMİU-nun tələbələri də qoşuldu

Mayın 22-də  Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılğı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "Mədəniyyət sahəsində könüllülük fəaliyyəti" mövzusunda seminar keçirilmişdir. Olaylar.az bildirir ki, tədbirin təşkilində əsas məqsəd mədəniyyət və incəsənət sahələrində çalışanlar arasında könüllülük fəaliyyətinin təşviqi, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması, müəssisələrarası əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsidir.

Tədbiri giriş sözü ilə açan ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə qeyd etdi ki, universitetdə keçirilən mədəni-kütləvi tədbirlərdə, festivallarda, milli və beynəlxalq bayramlarda, sərgilərdə, müsabiqələrdə, təqdimatlarda, eləcə də digər maarifləndirici tədbirlərdə tələbələr könüllü olaraq iştirak edirlər və universiteti zəngin ənənəyə malik mədəni mərkəzə çevirirlər.

Mərkəzin elmi katibi Cavid Əliyev "Mədəniyyət fədailəri könüllülük kontekstində" adlı məruzəsində dövlətin idarə olunmasında gənclərin və könüllülük təsisatlarının rolundan, eləcə də tarixən aparıcı qüvvəyə malik gənclərin səmərəli fəaliyyətindən, müasir çağırışlardan bəhs etdi.

"Könüllülük: yerli və beynəlxalq təcrübə" adlı təqdimatla çıxış edən Mərkəzin sektor müdiri Ceyhun Əhmədov yerli və beynəlxalq könüllülük fəaliyyətini müqayisəli təhlil etdi, nöqsan və üstünlüklər, peşəkarlıq və peşə etikasının formalaşmasında könüllülüyün rolu haqqında məlumat verdi.

Mərkəzin İnnovativ inkişaf və təbliğat şöbəsinin müdiri Nurəddin Babazadə "Mədəniyyətdə könüllülük" adlı çıxışında mədəniyyət və incəsənət sahələrində çalışan gəncləri könüllülük fəaliyyətinə qoşulmağa çağırdı.

Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Əliyeva qeyd etdi ki, könüllülük fəaliyyəti tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Öz tarixini, mədəniyyətini, mənəviyyatını tədqiq və təbliğ edən hər bir şəxsi könüllü adlandırmaq olar.

Tədbir çərçivəsində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin nəzdində yaradılmış "Bölgə" teatr truppasının təqdimatı keçirilib. Təqdimatı Mərkəzin əməkdaşı, truppanın bədii rəhbəri Hüseyn Məmmədov aparıb.

Tədbirin sonunda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev çıxış edərək universitet tələbələrinin və digər fəal gənclərin də gələcəkdə könüllülük hərəkatına qoşulacağına və Azərbaycan dövlətinin milli maraqları naminə ümumi işə töhfə verəcəklərinə əminliyini ifadə etdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR