Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım Tağıyeva xatirəsi yad edildi

Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım Tağıyevanın anadan olmasının  120 illiyinə (1899-1991) həsr olunmuş xatirə tədbiri keçirilib. Olaylar.az bildirir ki, tədbirdə tarixçi alimlər, muzey əməkdaşları, Sara Tağıyevanın ailə üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Muzeyin Elmi katibi, t.ü.f.d. dos. Fərhad Cabbarov açaraq, Sara xanım Tağıyevanın həyat yolu, çəkdiyi məhrumiyyətlər və muzeyin fondlarında ona aid qorunan zəngin sənədli materiallar haqqında danışıb.

Çıxış edən Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Sara xanımın görkəmli akademik Ziya Bünyadovla görüşlərindən, bu mövzudakı xatirələrindən bəhs etdi. Bildirdi ki, Sara xanım atasının milli, mədəni inkişafımızdakı rolunu üzə çıxartmaq istəyirdi."Kaspi" qəzetinin baş redaktoru Sona Vəliyeva çıxış edib qeyd etdi ki, XIX əsrin sonunda rusdilli "Kaspi" qəzetinin milliləşməsində H.Z.Tağıyevin böyük rolu olub. Görkəmli xeyriyyəçinin "Kaspi" qəzetinin mətbəəsini almasından sonra Əlimərdan bəy Topçubaşovun naşirliyi ilə bu qəzet Qafqaz, hətta Rusiya müsəlmanlarının carçısına çevrilmişdi. Sara xanım atasının məhz bu kimi bu milli, mədəni fəaliyyətlərini ortaya çıxarmaq istəyirdi. S.Vəliyeva Sara xanımın bədii obrazının yaradılmasının vacibliyini də bildirdi.
Tədbirdə tarixçi alim, t.ü.f.d. Firdovsiyyə Əhmədova da çıxış edərək, Sara Tağıyevanın həyatından və onun sovet hakimiyyəti dövründə atası H.Z.Tağıyevə qarşı qeyri-obyektiv fikirlərə, onun ictimai və xeyriyyəçilik fəaliyyətinin təhrif olunmasına qarşı mübarizəsindən 
danışdı.

Daha sonra AMEA Tarix İnstitutunun şöbə müdiri, t.ü.f.d. Hacı Həsənov çıxış edərək, 1980-ci illərdə Sara xanımla olan xatirələrindən, onun öz atasının adını təmizləmək üçün göstərdiyi xidmətlərdən bəhs etdi. Tədbirdə iştitak edən kinorejissor Ayaz Salayev Sara xanımla olan görüşlərindən, 1988-ci ildə çəkdiyi "Ata" filmindən bəhs etdi. Daha sonra tarixçi-tədqiqatçı Fuad Axundov çıxış etdi. Sara xanımın atasının irsini yaşatmaq üçün yazdığı əlyazmalardan, onun elmi-fəlsəfi biliyinin dərinliyindən bəhs etdi.
Sonda S.Tağıyeva haqqında çəkilmiş televiziya filmindən fraqmentlər nümayiş olundu. Muzey nəzdindəki "H.Z.Tağıyev klubu"nun üzvlərinin ifasında Teyyub Qurbanlının "SARA" poeması əsasında səhnəciklər göstərildi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR