“Qartal yuvası” filminin təqdimatı keçirildi

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Seymur Məmmədovun xatirəsinə həsr olunmuş "Qartal yuvası" filminin təqdimatı keçirildi.

Olaylar.az bildirir ki, "Milli Qəhrəmanlar" silsiləsindən "Salnaməfilm" studiyasında çəkilən filmin rejissoru Çingiz Həsənovdur.

Mərasimdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək ötən əsrin 90-cı illərin əvvəllərində erməni qəsbkarlarının xalqımız başına gətirdiyi müsibətlərdən söhbət açdı. 

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxışında vurğuladı ki,həqiqətən də şəhidlər varsa, demək vətən də var. Şəhidlər xalqımızın qürur və inam yeridir.

Filmin rejissoru Çingiz Həsənov çıxış edərək bildirdi ki, bu cür ekran əsərlərinin məqsədi respublikamızın  ərazi bütövlüyü uğrunda canından keçən və şəhidlik zirvəsinə ucalan mərd oğul və qızlarımızın vətənpərvərliyini, onların nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etməkdir.

Milli Qəhrəman Seymur Məmmədovun anası Xurşid Babayeva çıxış edərək şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, tədbirin təşkilatçı və iştirakçılarına  təşəkkür etdi.

Çıxışlardan sonra Milli Qəhrəman Seymur Məmmədovun xatirəsinə həsr olunmuş "Qartal yuvası" filmi nümayiş olundu.

Seymur Məmmədov 1971-ci ildə Füzuli şəhərində dünyaya göz açıb. 1991-ci ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Almaniya və Ukraynada keçib. Ordudan tərxis edilən kimi könüllü olaraq özünümüdafiə batalyonuna yazılıb. Seymur bir neçə kəndin azad edilməsində qəhrəmanlıq göstərib. 1992-ci il aprelin 1-i Seymurun son döyüşü olub. Məlikcanlı kəndi uğrunda gedən döyüşlərdə hər birində igidlik göstərən Seymur 21 yaşında qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR