Yeni kitabda köhnə şeirlər – Ramiz Rövşənin imza günündən REPORTAJ

"Kitab oxuyan yoxdu. İndi cavanlar ancaq telefonla məşğuldurlar. Gələcəyimiz , gənclərimiz uçuruma doğru gedir"... bu sözlər kitabdan və gənclərdən xəbərsiz olan, ağzına  mikrofon, diktofon tutulan bəzi orta yaşlı insanlardan eşitməyə alışdığımız şablon ifadələrdir. Bu gün kitab təqdimatlarındakı gənclərin izdihamı insanın üzünü güldürür. Amma mən bura yaxın zamanlarda paytaxta imza günündə oxucularla görüşən İlber Ortaylını daxil etmirəm. Fikrimcə, müəllif və iştirakçıların izdihamı səmimi deyildi. İştirakçılar mənə türk ərkək müğənnilərin konsertində özlərini "həlak" edən qızları xatırladırdı. Bir də hər kəsin şəkil çəkdirmək, sosial şəbəkələrdə yerli deyil, əcnəbi müəllifləri oxuyacaq qədər böyüdüklərini isbat etmə cabaları daha çox hiss olunurdu. Kitab sevgisi layk sevgisindən önə çıxmışdı.

Dünən isə fərqli idi. "Elmlər Akademiyası" metrosunun yaxınlığında yerləşən Libraff Akademiyaya gənclik axını, üsyanı var idi. Bunu görmək sevindirici idi. Təyin olunan vaxtdan 30 dəqiqə əvvəl izdihamı görəndə gecikdiyimi düşünüb, təəssüf etdim. Amma nə mən, nə də şair görüşə gecikmişdi. Oxucular səbirsizlənib tez gəlmişdilər. Təşkilatçılar mümkün qədər səliqə-səhman yaratmaq istəsələr də, nafilə...

Media üçün xüsusi yer ayrılmışdı. Ayrılan yerdə əyləşəndə özümü avtobusda uşaqlı qadına yer verməyən qulaqçıqlı gənc kimi hiss etdim. Hələ ayaqüstə dayanan xalaların baxışı rəsmən insana bütün günahlarını xatırladırdı. Dostlar təşkilatçıların ayırdıqları hədiyyələrə nəzər saldılar. Məlum oldu ki, hər kəsə "Sevgi açarı" qismət olmuşdu. Bir tək mənim payıma "Gizlənmişəm tap məni" çıxdı. Bu yerdə Aqşin Yeniseyin

Bu sevgim də daşa dəydi

Bəxtəvər daşın başına...

misralarını pıçıldayıb, kassaya doğru yan aldım...

Gözlənilən məqam yetişdi və şair ağır addımlarla zala daxil oldu. Alqış səslərini duymaq, hər gün qaraqabaq, ümidsiz gördüyümüz gənclərin üzündəki səbəbsiz təbəssümü görmək ayrı bir xoşbəxtlik idi. Hər kəsə ilk olaraq özünü sevməyi məsləhət görən şair görüşdə sevgini təbliğ edirdi. Gənclik illərindəki xatirələrini oxucuları ilə bölüşərək, zalın oksigen havasını səmimiyyət havası ilə əvəz edirdi.

Təqdimat başlasa da insanlar bir ucdan gəlməyə davam edirdilər. Elə ki, şair çıxışını bitirdi, tədbirin sual -cavab hissəsinə keçid aldıq ki... almaz olaydıq. Avtobusda yerimizə göz tikən, məclislərdə əyləncəmizə qısqanan xalalar burada da gəncləri qısqandılar, danışmağa imkan vermədilər. Bir xalanın 4 mənasız sualını eşitməyimizin səbəbkarları bir az da təşkilatçılar idi. Arxa sıralarda əlləri göylərdə qalıb, mikrofon istəyən cavanların arzuları bu dəfə də gözlərində qaldı. Təşkilatçılıq ələ mikrofon alıb kitab imzalatmaq istəyənləri ancaq sağdan gəlməyə dəvət etmək, zalı sonsuza qədər səliqəsiz halda doldurmaq deyil. Təşkilatçılıq həm də bəlli zamana qədər giriş saatını təyin etməkdir. Hər kəs Ramiş Rövşəni dinləməyə gəlsə də tədbirdə hamı danışırdı, heç kim özünə şairi dinləmək "əziyyəti"ni rəva görmürdü. Unutmadan deyim ki, tədbir zamanı uşaqlar üçün ayrılan yer təqdirə layiq idi.

İndi də "Sevgi açarı"ndan danışım. Təqdimat zamanı kitabla ətraflı tanış ola bilmədim. Gecə kitabın hansı vərəqini açdımsa, tanış şeirlərlə qarşılaşdım. Yeni kitab və köhnə şeirlər. (Yeni şeirlər çox az sayda idi). Biz zatən o şeirləri "Nəfəs" də oxumuşuq. Yaxşı olardı ki, şair bu kitabda gənclik illərində yazdığı, dərc olunmayan şeirlərinə üstünlük verərdi. Ramiz Rövşən imzası elə bir imzadır ki, oxucu zatən ondan 2019 -cu ildə yazdığı şeiri gözləmir, amma yeni söz, yeni şeir istəyir. Hər dəfə yeni kitab adı ilə üstünlüyü köhnə şeirlərə vermək insanda bir az şübhə, bir az da narahatçılıq yaradır. Şübhə: Ramiz Rövşəndəmi "onsuz oxucuya nəyi təqdim etsəm, qəbul edəcək", deyə düşünür? Narahatçılıq: Şair tükənmişlik sindromu yaşayır? Ki, bu sindrom ilə hər bir yaradıcı şəxs yaradıcılığının müəyyən məqamlarında qarşılaşır. Bir daha xatırladım ki, oxucu şairdən kitabın nəşrə təqdim olunan gecə şeir yazıb, dərc etməsini istəmir. Şairin də etiraf etdiyi kimi 1980-1990 -ci illərdə yazdığı və bir zamanlar tərcümə şeir kimi təqdim etdiyi şeirlərini indi rahatlıqla öz imzası və heç yerdə dərc olunmayan şeir kimi kitaba daxil edə bilərdi. Məsələn, könül istərdi ki, şair dünən təqdimatda səsləndirdiyi və dönə-dönə qeyd etdiyi, heç yerdə dərc olunmayan "Azadlıq" şeirini "Sevgi açarı"nda sevə-sevə oxuya. Açığı şairin davamlı olaraq,  "heç yerdə dərc olunmayıb" sözləri məni qorxutdu. Və düşündüm ki, 3-4 aydan sonra da "Sevgi açarı" nda olan şeirlərə 2-3 şeir əlavə edib yeni kitab adı ilə bir daha təqdimat düzənlənəcək.

Düşünürəm ki, nəşriyyatlar şair və yazıçıların qarşısına şərt qoymalıdır: oxuculara dəfələrlə yayımlanan şeirləri, hekayələri deyil, yeni yazılan, dərc olunmayan əsərlərinizi təqdim edin. Belə olduğu təqdirdə yazıçı da, şair də oxucularına qarşı daha məsuliyyətli olar və oxucu da yeni söz eşitmək üçün kitabın baha qiymətinə əhəmiyyət vermədən onu əldə edəcək.

Nigar Adil

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR