“Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda seminar - Gəncədə

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi mütəmadi olaraq öz rəsmi tərəfdaşlıq əlaqələrini genişləndirir. Olaylar.az bildirir ki, "Mədəniyyət sahəsində könüllülük fəaliyyəti" mövzusunda keçirilən seminar çərçivəsində Mərkəz və Gəncə Dövlət Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır.

Tədbirin məqsədi mədəniyyət sahəsində çalışan əməkdaşlar arasında könüllülük fəaliyyətinin təşviqi, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması, müəssisələr arası əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.

Seminarda Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov çıxış edərək, qeyd etdi ki, universitetdə keçirilən mədəni-kütləvi tədbirlər, xüsusən tələbələr tərəfindən böyük maraqla qarşılanan könüllü qış və yay məktəbləri, çoxsaylı festivallar, milli və beynəlxalq bayramlar, fləşmoblar, sərgilər, müsabiqələr, təqdimatlar, eləcə də digər maarifləndirici tədbirlər universiteti zəngin ənənəyə malik mədəni mərkəzə çevirib.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyevin çıxışında universitet tələbələrinin və digər fəal gənclərin də gələcəkdə könüllülük hərəkatına qoşulacağına və Azərbaycan dövlətinin milli maraqları naminə ümumi işə töhfə verəcəklərinə əminlik ifadə olunub.

Mərkəzin elmi katibi Cavid Əliyev dövlətin idarə olunmasında gənclərin və könüllülük təsisatlarının rolundan, eləcə də tarixən aparıcı qüvvəyə malik gənclərin səmərəli fəaliyyətindən, müasir çağırışlardan bəhs edib.

Mərkəzin İnnovativ inkişaf və təbliğat şöbəsinin müdiri Nurəddin Babazadə çıxışında gəncləri mədəniyyət sahəsində könülllük fəaliyyətinə qoşulmağa dəvət edib.

Könüllülük fəaliyyəti və gənclər mövzusunda təqdimatla çıxış edən Gənc mədəniyyət işçiləri ilə iş sektorunun müdiri Ceyhun Əhmədov könüllülük fəaliyyəti, onun mənəvi üstünlükləri, hər bir fərdin bilik və bacarıqlarının, peşəkarlıq və peşə etikasının formalaşmasında könüllülüyün rolu haqqında məlumat verib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR