“Musiqi insan orqanizminə dopinq kimi təsir edir”- Psixoloq

Almaz Əsgərova : "Sovet dönəmində insanları yönətmək üçün pop musiqi janrından istifadə olunurdu"

Musiqi insan psixologiyasına heç bir  incəsənət növünün bacarmadığı qədər təsir göstərmək gücünə malikdir. Bundan əlavə musiqinin fizioloji faydaları da var. London Universitetinin araşdırmalarından birində, tədqiqatçılar əməliyyata gedən xəstələrə musiqinin onların stress səviyyələrinə necə təsir etdiyini yoxladılar. Məlum oldu ki, əməliyyatdan öncə, əməliyyat əsnasında və sonrasında musiqi dinlənilməsi insanların ağrısını, narahatlığını və sakitləşdiricilərə qarşı olan ehtiyaclarını azaldır. Musiqi terapiyadır. Milli musiqimiz muğamla və klassik musiqi ilə insanların müalicə edilməsi faktları çoxdur.

Olaylar.az musiqinin insan psixologiyası üzərində böyük təsiri ilə bağlı psixoloq Almaz Əskərovanın fikirlərini öyrənib. Psixoloq Nitşenin statını xatırlatdı: "Musiqisiz həyat yəqinki səhv olardı".

"Musiqi - beyinə birbaşa təsir göstərən səs dalğalarından ibarət olub, neyronlar vasitəsilə bütün orqanizmin fizioloji və psixoloji durumuna təsir edir. Səs - eyni zamanda, vibrasiyaya səbəb olub, enerji sahəsi yaradan bir enerji axınıdır ki, bu da səsin yüksəkliyindən, tezliyindən, ritmikliyindən, harmonik kompozisiyasından asılı olaraq, müsbət və mənfi yüklənməni əmələ gətirir. Məhz musiqinin bu xüsusiyyətindən istifadə edərək, daha qədim zamanlardan ondan müalicə məqsədilə, xüsusən də insan psixikasını sakitləşdirmək və stabilləşdirmək məqsədilə istifadə olunurdu.

Hal-hazırda musiqinin 17 janrı və 107 janraltı növü var. Bu cür müxtəlifliyə baxmayaraq hər bir musiqi növünün öz izləyicisi, öz dinləyicisi var. Çoxsaylı tədqiqatlar göstərir ki, musiqi insan beyninə, intelektinə və bütünlükdə orqanizminə öz təsirini göstərir. Robert Monronun tərcüməsi göstərmişdir ki, təyin olunmuş musiqinin təsiri altında insan binural ritmləri hiss etmək qabiliyyətinə malikdir. Əgər qulaqlardan biri 150 hers terzlikli, digəri isə 157 hers səs dalğalarını eşidirsə, bu halda beyin yarımkürələrinin hər ikisi sinxron işləməyə başlayır və ritmlər real halda 7 hers tezlikdə səs əmələ gətirirlər. Belə ritmlər beyin yarımkürələrinin snapsları arasında lazımi tezlik yaradaraq beyin funksiyasının fəaliyyətini yaxşılaşdırır. Verilən dalğa amplitudları nə qədər yüksək olarsa, beyin yarımkürələri arasında sinxronluq o qədər artmış olur. Amma nəzərdə saxlamaq lazımdır ki, bütün ritmlər bizim beynimizə faydalı təsir göstərmir. Eyni tip, monoton, texno -musiqilərə qulaq asmaq beyinin fəallığını azaldır, hətta beyinin deqradasiyasına gətirib çıxarda bilər".

A.Əsgərova qeyd etdi ki, musiqi insan orqanizminə dopinq kimi təsir edir. Onun insan insan orqanizminə müsbət təsiri çoxsaylı tədqiqatlar nəticəsində təsdiq olunmuşdur: "2005 - ci ildə Böyük Britaniyanın tədqiqatçıları aydınlaşdırıblar ki, məşq zamanı idmançıların musiqiyə qulaq asmağı onların aktivliyini artırır, nəticəni 20% yüksəldir. Belə çıxır ki, musiqi insan orqanizminə, insan psixikasına dopinq kimi təsir göstərir, əlbəttə musiqinin növündən asılı olaraq. Amerikada alıcılar arasında keçirilmiş tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, mülayim melodiyalar sakit, rahat atmosfer yaradır ki, bu da alıcıların satış mərkəzlərində yubanmasına, hər şeyə daha diqqətlə baxıb, mal seçiminə daha çox vaxt sərf etməsinə səbəb olur. Və başqa bir effekt - daha cəld və enerji dolu, dinamik bir musiqi seçməklə, "dolu saat" zamanı alıcıların daha tez və aktiv hərəkət etməsinə nail olmaq mümkündür".

Psixoloq müxtəlif musiqi janrlarının insan orqanizminə təsiri ilə bağlı qeyd edib ki, xüsusilə caz, reqqi, hip - hop, metal, xard - rock, rep və s. musiqi janrlarının ritmi, tonallığı, səs gücü, yüksəl və aşağı tezlikli olması, qəfil oyanmaları və hansı alətlərdə   və ya kompyuter musiqisi olmasından asılıdır: "Rok musiqi zamanı həm pozitiv həm neqativ hallar müşahidə oluna bilər. Belə ki, rokun musiqi kompozisiyası insanda özünə  güvənlik yaratdığı halda, kəskin ağır rok orqanizm tərəfindən çətin qavranılır, xüsusən yüksək səs tonu olarsa. Belə musiqi psixikanı zədələyərək, insanı ətraf mühitə oriyentasiyasını pozur və yaddaşda unutqanlıqlar yarada bilər. Ona görə də ağır və metal rokdan çox istifadə etmək tövsiyyə edilmir.

Pop musiqi, xüsusən də əgər orda süjet xətti varsa, əhval - ruhiyyəni yüksəldir, emosional vəziyyəti stabilləşdirir. Maraqlıdır ki, sovet dönəmində insanları yönətmək üçün məhz belə musiqilərdən istifadə olunurdu.

Rep, hip - hop. Bu daha çox gənc nəsil arasında məşhurdur. İfa etmək asan olduğu üçün daha çox yayılmasına baxmayaraq, aqressiyanın artmasına səbəb olur, emosional tonusun və intellekt qabilliyyətinin enməsinə təsir göstərir. Əbəttə, burda ifa edəninin emosional vəziyyəti və dinləyicilərə nələr çatdırmaq istədiyinin əhəmiyəti böyükdür. Belə ki, hətta  belə musiqilər aktivliyi artıra bilir.

Caz, blyuz, reqqi - bu musiqilər melodik səslənib, pozitiv və müsbət enerji mənbəyidir. Alimlərin tədqiqatlarına görə, bu musiqilərə qulaq asılan zaman beyinin kreativliyə cavabdeh zonası aktivləşir. Caz depressiyadan çıxmaq üçün əla vasitədir, sinir gərginliyini götürür, əhval - ruhiyyəni qaldırır.

Elektron musiqi - gənclər arasında geniş yayılmışdır. Amma bu musiqi növündən sui-istifadə təhsilə, elmə həvəsi azaldır, intellektual fəaliyyətə mənfi təsir göstərir.

Xalq musiqisi - müəyyən bir tarixə və yaşam dövrünə malik olduğuna görə özündə bir çox "hssləri" birləşdirir. Eyni zamanda, xalq alətlərinin insan orqanizminə müsbət təsiri, oxunuşun isə stressi aradan götürmək kimi effekti, orqanizmin sinir sistemi xəstəlikləri ilə mübarizə aparmaq və immunitetin gücləndirilməsi kimi təsiri müəyyənləşdirilmişdir. 

A.Əsgərova vurğulayıb ki, qulaq asılan musiqiyə görə, insanın fizioloji və psixoloji vəziyyətini təyin etmək mümkündürSevdiyi musiqinin növündən asılı olaraq, hətta insanın xarakterini, də təyin etmək olar: "Klassik musiqi həvəskarları - adətən, interovert şəxsiyyət tipinə aid olmalarına baxmayaraq, yüksək ləyaqətə, qeyri-adi yaradıcılıq qabiliyyətinə malik insanlardır.

Opera həfəskarları -alicənab, təmkinli, yaradıcı şəxsiyyətlərdir.

Caz dinləyiciləri - əsasən, yaradıcı, özünü qiymətləndirməsi yüksək olan insanlardır.

Blyuz pərəstişkarları - ünsiyyətcil, alıcənab, kreativ və bir qədər özündən razı insanlardır.

Repə üstünlük verənlər - ünsiyyətçil, bir qədər özünü sevən insanlardır.

Reqqi həvəskarları - ünsiyyətcil, özlərindən razı, kreativ insanlar olmasına baxmayaraq, onların işsevər, işgüzar olması şübhə altındadır.

Ritmik oyun havalarını dinləyənlər - ekstravert şəxsiyyət tipinə malik olub, xüsusi yaradıcılıq xüsusiyyətlərinə malik olsalar da, yüksək əxlaqi keyfiyyətləri ilə seçilmirlər.

Ağır musiqi (xevi metal, xardkor və s.i.) - yüksək yaradıcılıq qabiliyyəti olmasına baxmayaraq, özünəgüvəni aşağı olan insanlardır".

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR