Elman Rəfiyev: “Aktyor seriallardan qazandığı məbləği teatrdan əldə edə bilməz” – MÜSAHİBƏ

"Cəmiyyətdən seçilmiş, fərqli insanlarıq"

"Pantomimanın siması, reklam üzüyəm. Bu mənim üçün ən böyük qiymətdir"

O, çalışdığı teatrın yalnız direktoru və aktyoru deyil, həm də inzibatçısı və musiqi tərtibatçısıdır. Bir gün Dövlət Pantomima Teatrından bilet əldə etmək istəsəniz, nikbin siması ilə sizi kassada da qarşılaya bilər.

Olaylar.az Azərbaycanda monumental pantomimanın özülünü qoyan aktyorlardan biri, əməkdar artist Elman Rəfiyevlə müsahibəni təqdim edir.

- Elman müəllim, Pantomimada vəziyyət necədir? Teatra daxil olan andan etibarən gərgin iş rejimi hiss olunur.

- Pantomima teatrı yaranan gündən belə bir ad qoydular - "Xüsusi təyinatlı teatr". Elə həmin gündən yüksək templə işləyirik. Uğur qazanmağımızı da məhz bu cür gərgin iş rejiminə borcluyuq. Əgər belə  çalışmasaq hər hansı bir uğur haqqında söhbət gedə bilməz. Bəxtiyar Xanızadənin də istəyi məhz belədir ki, onun aktyorları operativ olsunlar. Bütün teatrlar kimi bizim də vəziyyət yaxşıdır. Bir teatrın fəaliyyəti üçün lazım olan hər şeylə təmin olunmuşuq. Bundan əlavə, tamaşalar, tamaşaçı, aktyorlar da öz yerində. Gərgin iş prosesində məşqlər gedir. Əsas odur ki, tamaşaçı ortaya çıxardığımız işdən məmnun qalır, biz də bu məmnuniyyətdən zövq alırıq.

- Teatra tamaşaçı marağında ötən illərə nəzərən irəliləmə var?

- Bir ara kinoteatrlar məşhurlaşdığı üçün teatra maraq azaldı. İnsanlar popkornlar, sərinləşdirici içkilərlə film izləyir, sonra isə artıqları orada qoyub çıxırdılar. Teatr isə tamaşaçıya bu şəraiti yaratmır. Nəhayət ki, bir müddət sonra onlar videoda, elektron variantda tamaşalara baxmaqdan bezdilər və teatrlara gəlməyə başladılar. Çünki tamaşaçı canlı aktyor ifası görmək istəyir.

- Pantomimada uşaq tamaşaları da nümayiş olunur. Teatrın yetərli qədər uşaq tamaşaçısı var?

- Həftə sonları uşaq tamaşalarına yer ayırmışıq. Bu tamaşaları izləmək üçün valideynlər uşaqlarını teatra gətirir. Lakin təəssüflər olsun ki, uşaq tamaşaçı sayının kifayət qədər olduğunu deyə bilmərəm. Məktəbdə oxuduğum illəri xatırlayıram, yoldaşlarımla tez-tez tamaşalara gedərdik. Həmin illər valideynlər də uşaqlarını müxtəlif teatrlara aparırdılar. İndi isə onlar teatrdan daha çox övladlarını əyləncə və alış-veriş mərkəzlərinə, bəzi hallarda isə kinoteatrlara aparırlar. Mən uşaqların bu cür əyləncələrdən məhrum edilməsinin tərəfdarı deyiləm. Bunlar, labüddür. Lakin valideynlər övladlarını teatrlarda canlı aktyor ifası ilə tanış etməlidir. Bura elə bir məkandır ki,  aktyor və tamaşaçı bir-birilə vəhdət içində olur. Lakin ekran qarşısında bu vəhdəti duymaq çətindir. Aktyor və tamaşaçı arasında olan xüsusi enerji ekran vasitəsilə ötürülə bilməz. Aktyor səhnədə qaçanda tamaşaçı onun küləyini hiss edir. Onun keçirdiyi emosiyaları yaxından görür. Soyuq monitorda isə bu canlılığı hiss etmirsən.

- Uşaqlarda teatra marağı yalnız valideynlər yaratmalıdır, yoxsa...

- Bu işdə təhsil müəssisələrinin üzərinə çox iş düşür. Məktəblərdən teatrımıza müraciətlər  olduğu vaxt sevinirəm. Bu müraciətlərin sayının çox olmasını istərdim, çünki, uşaqların teatrdan nə isə öyrənərək çıxdığını görmək bir aktyor kimi məni qürurlandırır.

O günlərdə "Kaspi"məktəbinin rus bölməsi "Fəlakət və insan" maarifləndirici tamaşasını izlədilər. Tamaşada təbii fəlakət hadisəsi olan zəlzələ və daşqın zamanı uşaqlara nə etmək, necə qorunmaq lazım olduğu aktyorların ifasında əyani şəkildə nümayiş etdirildi. Uşaqlar hətta tamaşaya qoşulmuşdular. Onlar həm öyrənir, həm də əylənirdilər. Aktyor üçün tamaşadan çıxan uşaqların simasındakı məmnunluq və təşəkkür hissini görməkdən daha dəyərli nə ola bilər?

Hərdən direktorlar şagirdlər üçün tamaşanın məktəbdə keçirilməsini istəyir. Etiraf edirəm ki, bu mənə sərf edir. Çünki məktəbdə tamaşanı bir dəfə oynayıram və ona 200 nəfər baxır. Teatrda həmin göstəricini almaq üçün isə tamaşanı bir neçə dəfə oynamalıyam. Lakin mən bunu fürsət olaraq dəyərləndirmirəm. Məktəbdə nümayiş olunan tamaşa uşaqlara heç nə qazandırmayacaq. Şagirdin psixologiyasında sadəcə bir düşüncə yer alacaq: "Bura tədris aldığım müəssisədir". Məhz bu ab-havanı qəbul etmədiyimdən şagirdlər üçün tamaşaları teatrda təşkil edirəm. Çünki onlar birdən-birə teatr binasını, səhnə işıqlarını, zalı görərək sehirli aləmə düşürlər, daha çox öyrənir və əylənirlər. Teatda alqışları qəbul edib hiss edirsən, başqa məkanda isə onu sadəcə eşidirsən.

Tamaşaçının aktyora verdiyi ən böyük dəyər, ona diqqət verməsi əl çalmasıdır. Aktyor qəribə məxluqdur. Əgər səhnəyə çıxıb tamaşa oynayırıqsa, deməli cəmiyyətdən seçilmiş, fərqli insanlarıq.

- Aktyor kimi tamaşaçıya ötürdüyünüz enerjini hər zaman geri ala bilirsiz? İncə nöqtəyə toxundunuz. Elə vaxtlar olub ki, tamaşanı oynayıb, müsbət enerjini ötürmüşük, lakin, qarşı tərəfdən o enerjini geri ala bilməmişik. Bu isə öz enerjimizi tükəndirib. Əks halda aktyorda öz işinə qarşı daha da həvəs yaranır. Pantomima teatrı 25 ildir fəaliyyət göstərir və kifayət qədər tamaşaçısı var. Enerjini ötürən tamaşaçılar da var, hələki öyrənməyə çalışan yeni tamaşaçılar da.

- Pantomimanın həm direktoru, həm də aktyorusuz, bu sizə rollarınıza hazırlanmaqda və idarəetmədə çətinlik yaradır?

- Teatrın yalnız aktyoru və direktoru yox, həmçinin inzibatçısı və musiqi tərtibatçısıyam. Hətta hərdən elə olur ki, kassadan biletləri də özüm satıram. Bunlar heç biri mənə çətinlik yaratmır, çünki sevdiyim işi görürəm. İnsan gərək sevdiyi işlə məşğul olsun. Bu zaman heçnə dən yorulmursan.

- Bütün bunlarla bərabər 13 il nitq mədəniyyətindən dərs demisiz. Səssiz teatrın natiq aktyoru...

-1996-cı ildə Azərbaycan Televiziyasında dublaj redaksiyası var idi. Həmin redaksiyada  "Ördəklərin macəraları" adlı cizgi filmi səsləndi. Film bitdiyi zaman sonda belə bir söz yazılmışdı - Filmi səsləndirdilər: Pantomima tearının aktyorları.

Bəxtiyar Xanızadə hər zaman söyləyir ki, mənim aktyorum tək pantomimlə kifayətlənməməli, hər şeyi bacarmalıdır. Aktyor həm gözəl rəqs etməyi, həm gözəl aktyorluğu, həm gözəl rejissorluğu, həm də oxumağı bilməlidir.

Xəzər Universitetinin "Dünya məktəbi"ndə nitq mədəniyyətindən dərs dediyim illərdə tələbələrin böyük rəğbətini qazandım. Mənim müəllimlik təhsilim yoxdur. Sinfə girəndə uşaqlara dedim ki, mən müəllim deyiləm, sadəcə gördüyüm müəllimlərin rolunu oynayacam. Görün xoşunuza gəlir? 13 il orada pedaqoq kimi böyük bir məktəb keçdim.

Onu da qeyd edim ki, bərbərliyi də bacarıram. Biz 1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxuyanda indi işğal altında olan Laçına, tələbə inşaat dəstəsinə getdik. Orada bərbər yox idi və hər gün 4-5 nəfərin saçlarını düzəldirdim. Atam 89-cu ildən bu yana bərbərə getmir, öz saçlarını yalnız mənə etibar edir. (gülür)

- Pantomimada ssenarini aktyorlar yazır, hətta öz hazırladıqları tamaşalar da var. Bu isə əlavə məsuliyyət deməkdir.

Pantomimanı 3d teatrı kimi xarakterizə edirəm. Bura yığılan aktyorlar seçilmiş insanlardır. Teatrımız laboratoriyadır və burada daim iş prosesi gedir. Onu da deyim ki, hər aktyor bu prosesə davam gətirə bilmir. Dünyada pantomima üçün əsər yazan yoxdur.  Buradakı aktyorlar isə yazdıqlarından və oynadıqlarından zövq alırlar. Daim axtarış içindəyik. Tamaşaçı bizdən yeni mövzular istəyir. Biz də bu mövzuları tapıb tamaşaya qoyuruq.

- Pantomima tamaşaları üçün dəyişməyən mövzu nədir?

-Nəzərə alsaq ki, kişi və qadın arasında heç vaxt daimi sülh olmayacaq, deməli bu mövzu illər keçsə də hər zaman insanların maraq dairəsində yer alacaq. Müasir cəmiyyəti narahat edən mövzular üzərində tamaşalar hazırlayırıq. Teatr olaraq tamaşaçını narahat edən problemləri üzə çıxarırıq.

- Monumental pantomimanın özülünü qoyan bir qrup aktyor artıq bu sahədə yoxdur. Onların teatrdan gedişi hansı problemlərə yol açdı?

-Problem deməzdim, onların gedişi bir müddət teatrda işi axsadıb və biz yeni aktyorlar çağırmışıq. Dünyanın bütün ölkələrində xırda pantomim truppalarında belə hadisələr labüddür. Aktyor gəlir, peşəkarlıq qazanır və gedir. Teatrımızın qapısı gələnin də, gedənin də üzünə daim açıqdır.

- Yeni aktyorlarda əvvəlki truppalarda olan potensialı görürsüz?

-Hər aktyorun öz potensialı var. Hər aktyorun öz dövrünə görə baxış tərzi fərqlidir. Zəif, güclü olaraq ayırd edə bilmərəm. Təkcə onu deyə bilərəm ki, yüksək potensialları olmasaydı Pantomima teatrının aktyorları ola bilməzdilər. Bəxtiyar Xanızadə aktyorun potensialına bələd olmadan onu teatra götürmür.

- Məşq prosesi necə gedir, rollara hazırlanmağa nə qədər vaxt sərf edirsiz?

Məşqlər minimum altı saat davam edir. Məşqdən sonra isə müzakirələr başlayır. Aktyor daima formada olmalıdır. Bunun üçün isə daimi məşq şərtdir.

- Pantomimanı anlamaq üçün dil biliklərinə ehtiyac yoxdur. Yəqinki kifayət qədər xarici qonağınız olar.

- Bəli, yetərincə əcnəbi tamaşaçılarımız olur. Qonaqlarımız pantomima deyilən zaman adətən klassik ağ-qara pantomima düşünürlər. Lakin biz bunun əksini göstərərək onları təccübləndirməyi bacarırıq. Əcnəbilərin tamaşa və aktyorlara qarşı hər zaman qəribə enerjisi olur. Bəzi əcnəbi tamaşaçılar sadəcə izləyib gedirlər, bəziləri isə tamaşadan sonra qalaraq bzimlə fikirlərini bölüşüb müzakirələr aparırlar.

- Aktyor özünün rejissoru olmasa rejissorun kuklasına çevriləcək demisiz.

-Bu fikri bizə Bəxtiyar Xanızadə aşılayıb. Aktyor marionetka deyil, canlı insandı, rejissor yalnız onu yönləndirə bilər. Pantomimada aktyorların hər birinə rejissorluq aşılanıb ki, aktyor özünü kənardan görməyi bacarsın. Əgər aktyor rejissora inanmırsa, vay o aktyorun halına. Peşəkar aktyor dərk etməlidir ki, əgər rejissor aktyoru səhnəyə çıxarıb təqdim edirsə, o ilk növbədə özünü təqdim etmiş olur. Aktyorun nüfuzu, həm də rejissorun nüfuzudur.

- Bu müsahibədə olduğu kimi digər müsahiblərinizdə də tez-tez  Bəxtiyar Xanızadənin adını çəkirsiz.

-Bəxtiyar Xanızadə mənim ustadımdır. Elman Rəfiyev olmağımda onun böyük rolu var. Bugünki gündə ustadımla birlikdə Pantomima üçün çiyin-çiyinə vuruşuruq. 31 ildir onun yanında sadiq bir dostu kimi qalmışam.

- Elman müəllim, "Ata ocağı" serialında maraqlı obraz yaratmısınız. Seriallarda rol almaq teatr aktyoruna nə qazandırır?

-Bir il "Ata ocağı"na çəkilmişəm və hələ də o bir ilin uğurunu yaşayıram. Aktyor seriallara çəkilərək aldığı məbləği teatrdan əldə edə bilməz. Televiziya aktyoru teatra nisbətən daha tez məşhurlaşdırır. "Ata ocağı" serialında 197 bölüm çəkildim. Heç bir serialda bu qədər uzun müddət rol almamışdım. Kameranın xofu var və mən o xofu özümdə öldürdüm.

Vaxtaşırı serialları izləyirəm. Çəkilən serialların inkişafı məni sevindirir. İlk Pantomima teatrı məhz Rövşən İsax, Siyavuş Hüseynli, Əsəd İsmayılov və Elman Rəfiyevlə yaranıb.

Rövşən İsax, Siyavuş Hüseynli bir çox uğurlu serialların altına imza atıb. Əsəd İsmayılov "3 bacı" serialında maraqlı obrazı ilə yadda qalıb. Azərbaycanda kifayət qədər uğur qazanmış aktyorlar var ki, onlar məhz Pantomima teatrında Bəxtiyar Xanızadə məktəbi keçiblər. İndi isə ondan qazandıqlarımızı simicliklə xərcləyirik.

- Yeni serial təklifləri alırsız?

- Bu yaxınlarda yeni bir serial təklif oldu, razılaşmadım. Dəvət alsam da qonorarı bəyənmədim. Özünə qiymət verən, illərini sənətə sərf etmiş bir aktyor kimi az qonorarlı çəkilişlərə getməyi düşünmürəm. "Aramızda qalsın"dan sonra 5 il seriallara fasilə verdim.

Hər zaman arzum olub ki, kiçik bir rol olsa belə rus və türk serial sektoruna daxil olum. İnsan gərək nəyisə arzulasın. Çox arzulayanda ona nail olursan.

Rusiyanın birinci kanalının çəkdiyi Müslüm Maqomeyev adına 8 hissəli bədii filmdə kiçik bir rolum olub. Orada Müslüm Maqomoyevin əmisi oğlu Kamal rolunu canlandırırdım. Aktyor kimi Azərbaycan film sektoru çərçivəsindən kənara çıxmaq istəyirəm.

- "Ata ocağı" serialında dramatik rol canlandırmısız. Bəs hansı janrda olan filmlərdə çəkilmək istərdiz?

-Nağıl və fantaziya filmlərini izləməyi sevməsəm də böyük arzumdur ki, belə filmlərdə qeyri-adi bir personajı canlandırım. Bundan əlavə dedektiv filmlərində də rol almaq istərdim. Özümü dramatik janrda sınadım və uğur qazandım. O roldan sonra ilk zəng xalq artisti Ramiz Novruzdan gəldi. Dedi ki, Elman, sən haralarda idin, nə üçün sənin bu janrda da istedadlı olduğunu bilmirdik. Dedim gözləyirdim özümü göstərmək üçün vaxt gəlsin. Çünki universiteti bitirdiyim illərdə kino sahəsində durğunluq dövrü yaşanırdı, bu gun isə bu sahə inkişaf etməkdədir.

- Yəqin ki, siz də bütün aktyorlar kimi Hollivud filmlərində rol almaq istəyərsiz.

-Qızım Los- Ancelesdə yaşayır. Hərdən qızımla zarafat edib deyirəm ki, ingilis dilində CV-mi düzəldib, Hollivuddan keçəndə qapıdan içəri atsın. Bəlkə hansısa rejissorun ayağına yapışar. Rejissorlar şəklə baxıb, desinlər ki, baxaq görək bu kimdir? Təbii ki zarafat edirəm. Amma kim istəməz ki, Hollivud filmlərində rol almasın? Niyə də olmasın?

İnsanın nəyəsə nail olmaq üçün bir məqsədi olmalıdır. Mən o məqsəd arxasından getdiyim üçün uğur qazanmışam. Küçəyə çıxanda adımı bilməyənlər mənə pantomima deyirlər. Mən pantomimanın siması, reklam üzüyəm. Bu mənim üçün ən böyük qiymətdir.  Bu adı qazanmaq üçün illərimi sərf etdim.  Bu teatrda mən şöhrət qazandım. Qazandığım şöhrətdən isə zövq alıram.

- Hərdən şöhrətdən bezib öz köşənizə çəkilmək istəmirsiz?

-Mən bu sənətə tanınmaq, seçilmək, şöhrət üçün gəlmişəm. Şəxsi avtomobilim olmasına rəğmən məni metroda da, küçədə cəmiyyət arasında gəzən yerdə də görə bilərsiz. Çünki avtomobillə gəzdiyim vaxt öz şöhrətimi təkcə onunla  daşımış oluram, cəmiyyət içində olduğum zaman isə insanların xoş münasibəti mənə gözəl təsir edir.

Hər şeylə seçilməyi sevirəm . Hətta geyimimlə də. Pozitiv insanam, rəngarəng geyinirəm. Metroda isə baxıram hər kəs qara rəngdə geyinib. Boz-qara geyimləri görmək insanda ruh düşkünlüyü yaradır. Doğrudur, bəzən "bunun yaşına bax, geyiminə bax" kimi ifadələr eşidirəm, lakin belə ifadələrin mənim üçün əhəmiyyəti yoxdur. Biz sənət adamları seçilməyi bacarmalıyıq.

- Dediniz ki, qızınız Los Ancelesdə yaşayır. Övladlarınızdan bu sənəti davam edən var?

- İki övladım bir nəvəm var. Övladlarımdan heç biri peşəmi davam etdirmir. Qızım Amerikanın Miçiqan ştatında magistraturanı qırmızı diplomla bitirən yeganə azərbaycanlıdır. "Four Seasons" otelinin meneceridir. Hər kəs elə bilir ki, qızım əcnəbi ilə ailə həyatı qurub. Bu həqiqəti əks etdirmir. Kürəkənim də qızımla birlikdə Xəzər Universitetini fərqlənmə diplomu ilə bitirib.

Oğlum uşaq vaxtı bir sıra reklamlarda rol alıb, lakin o da turizm və otelçiliyə yönəldi. Baxmayaraq ki, ona aktyor və aparıcı olması üçün təkliflər gəldi, lakin heç birini qəbul etmədi. Çünki özünü bu sahəyə aid hiss etmir.  Ümumiyyətlə gənclərdə maraq otel və tuzim sahəsinədir.

- Gənclərin turizm və otelçilik kimi sahələrə yönəlməsinin səbəbi taetrda az gəlirin olmasıdır, yoxsa...

-Teatr elə sənətdir ki, onu məvacib üçün seçmirsən. Mən 10 yaşından teatrla məşğulam. Aktyor daim öz üzərində işləməli və hərəkətdə olmalıdır. Bundan əlavə dublyaj və başqa işlərlə məşğul oluram. Sən kamil sənətçisənsə, sənin ruzin var. Əgər aktyor dolana bilmirsə deməli, o zəif aktyordur.

- Sosial şəbəkələrdə aktiv istifadəçisiz

- Bəli, facebook və instagram sosial şəbəkələrinin aktiv istifadəçisiyəm. Bugünki gündə instagramda 8344 izləyicim var. Bu qədər insanın məni izləmək istəməsi çox dəyərlidir. Xaricdə hər bir aktyorun prodüsseri, meneceri onun piari ilə məşğul olur. Mən isə özümün həm meneceri, həm də piarçısıyam. Bu piarı sosial şəbəkələrdə artırmağa çalışıram.

- Bu şəbəkələrdə hansı paylaşımların olmamasını istərdiniz?

Heç bir maraq daşımayan paylaşımları görəndə qıcıqlanıram. Bir də görürsüz yediyi- içdiyi bütün təamları paylaşırlar. Yuxudan oyananda da, yatanda da şəkil çəkib yayımlayırlar. Axı bu kimə lazımdır? Çəkdikləri şəkillərə "foto by..." sözlərini yazan istifadəçilər də var. Bir vətənpərvər insan kimi xarici dildə yazılmış ifadələri qəbul etmirəm. Hər sözün dilimizdə qarşılığı olmasına rəğmən xarici dildən yerli-yersiz istifadə edilməsinə qarşıyam.

- Şəhərin müxtəlif yerlərində yerləşən restoran adları da həmçinin...

-Bəli. Təkcə sosial şəbəkə deyil, restoranların əksəriyyətinin adı ingilis dilindədi. Öz dilimizdə bir restoran var idi, keçən dəfə yanından keçirəm və baxıram ki, dəyişib xarici ad qoyublar. Bunun nəyə gərək olduğunu anlamıram. Halbuki Azərbaycan dilində olduğu zaman əcnəbidə maraq yaranacaq ki, görəsən bu adın mənası nədir. Gəlin özümüz olaq. Çox vaxt deyirlər ki, qızın Amerikada yaşayır. Sən niyə getmirsən? Bu mümkün deyil. Mən adımı, həyatımı Azərbaycanla qazanmışam. Niyə gedim ki? Heç bir ölkədə hər şey mükəmməl deyil. Onu qeyd edim ki, Amerika və Türkiyədən fərqli olaraq Azərbaycanda bir çoxlarının öz şəxsi mənzili var.

- Elman müəllim, masanızın üstündə çoxlu qəzet və kitablar görürəm.

-Bəli, insanlar daha çox saytlardan məlumat, xəbər toplamağı sevirlər, mən isə qəzet oxumağı. Qəzet oxumaq vərdişi mənə yəqinki atamdan keçib. Bir neçə ay əvvəl çap mediasının ləğv olunub-olunmaması ilə bağlı xəbərlər eşitdim. Heç vaxt çap mediasının ləğv olunmasının tərəfdarı olmaram. Qəzet mədəniyyətdir. Telefonla nə isə oxumaqdan zövq ala bilmərəm. Məktəbdə oxuyanda müəllimlərimiz bizə təlqin edirdilər ki, dünya xəbərlərini qəzetlərdən tapın, öyrənin və dərs kimi danışın.

Teatrda müxtəlif janrlarda tamaşa oynadığım kimi, kitablarda da müxtəlif janrlara müraciət edirəm. Dedektiv janrı həm aktyor, həm də oxucu kimi hər zaman diqqətimi çəkib. Dünya ədəbiyyatı ilə yanaşı yerli ədəbiyyatı da oxuyuram. Bu yaxınlarda Kamal Abdullaın "Yarımçıq qalmış əlyazma"sını oxudum, mənə böyük təsir etdi. Davamlı olaraq Cəlil Məmmədquluzadənin əsərlərinə nəzər yetirirəm. Cəfər Cabbarlı, Mikayıl Müşfiqi xatırlayın. Cavan yaşlarında Azərbaycan ədəbiyyatında silinməz iz qoydular. Bugünki gündə də bizim istedadlı yazarlarımız var. Sevindirici haldır ki, inkişaf gedir, amma cəmiyyətin qəzet və kitab oxumağa marağı itib.

- Sizcə oxuma vərdişinin azalmasında sosial şəbəkələrin nə dərəcədə rolu var? Əvvəlki illərdə metroda qəzetlər oxunurdu, sonra bu, yerini kitablara buraxdı, indi isə smartfonlara. Bu gün cəmiyyət içində olduğun zaman baxırsan ki, hər kəsin gözü əlində tutduğu smartfondadır. Mən  də bunun aludəçisiyəm. Lakin daha çox işlərim üçün istifadə edirəm. Düzgün istifadə etdiyin müddətdə bunun yalnız xeyrini görəcəksən.

- Elman müəllim, son olaraq Pantomima sevənlərə və oxuyuculara nə demək istərdiz?

-Həyatda bir şüarım var daim irəli. Həyatda hər zaman pozitiv olun və pozitiv qalın. Özümə aid olan iki aforizmi qeyd etmək istərdim. "Çalış bu günü layiqli yaşa, sabah bu gün olmayacaq". İkinci aforizmim isə ustadına kəc baxanlara aiddir. "Səni mən eliyən biz olmuşuq. Bizə hörmət elə". Nə qədər ki varam, məni mən edən tamaşaçıya minnətdar olacam.

Nigar Orucova

P.S Elman Rəfiyev müsahibənin sonunda dedi ki, mən aktyor kimi rolumu oynadım, indi isə rejissorum sizsiz. Məni təqdim edin.

Ümidvaram ki, aktyoru olduğu kimi təqdim etməyi bacardıq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR