“Mədəniyyət işçilərinin müasir peşə səriştələri” adlı beynəlxalq seminar-təlim keçirilib

Mədəniyyət Nazirliyinin sifarişi, Şəki və İsmayıllı Regional Mədəniyyət İdarələrinin təşkilati dəstəyi ilə bu günlərdə  Zaqatala rayonu Suvagil kənd folklor evində və Ağsu rayonu Çiyni kənd klubunda "Mədəniyyət işçilərinin müasir peşə səriştələri" adlı beynəlxalq təlim-seminar keçirilmişdir.

Zaqatala rayonu Suvagil kənd Folklor Evində baş tutan tədbirdə Asif Usubəliyev, Belarus Respublikası Xalq Sənətləri və Mədəni Maarifləndirmə İşləri üzrə Metoki Mərkəzin direktoru Oleq Xmelkov,  şöbə müdiri Valentina Volçkova, gənc mədəniyyət işçiləri və rayonun qabaqcıl gəncləri iştirak etdi.

Tədbirdən öncə Zaqatala rayonu İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə Asif Usubəliyevi və Belarusiya Respublikasından gələn qonaqları qəbul edərək mədəniyyət sahəsində beynəlxalq təcrübə mübadiləsinin vacibliyini vurğulamış tədbirin həyata keçirilməsinə uğurlar arzulamışdır.

Tədbiri giriş sözü ilə açan A.Usubəliyev Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən "Mədəniyyət işçilərinin müasir peşə səriştələri" adlı beynəlxalq seminar - təlimin müstəsna əhəmiyyətə malik olduğunu qeyd etmiş, seminarda mədəniyyət işçiləri arasında təşəbbüskarlıq və yaradıcı keyfiyyətlərin inkişafı, yeni peşə səriştələrinin,  qiraət vərdişlərinin formalaşdırılması, əhalinin mədəniyyət müəssisələrinə marağının artırılması və mədəniyyət müəssisələrinin rayonun sosial-siyasi həyatında oynadığı rolun gücləndirilməsi barədə aparılan fikir mübadiləsi və açıq müzakirələrin keçirilməsi bu sahədə çalışan mütəxəssislərin fəaliyyətində daha da böyük inkişafa səbəb olacağını vurğulamışdır.

Daha sonra Belarus Respublikası Xalq Sənətləri və Mədəni Maarifləndirmə İşləri üzrə Metoki Mərkəzin direktoru Oleq Xmelkov çıxış edərək bildirdi ki, dövlət siyasətinin bir çox istiqamətlərində müşahidə olunduğu kimi, mədəniyyət sahəsində də daim yeni və daha təkmil formatların axtarışı aparılır. Ölkənin və bütövlükdə millətin inkişaf prosesinin uğuru xeyli dərəcədə məhz mədəniyyət sahəsindəki uğurlardan asılıdır. Bildirmişdir ki, mədəniyyət yalnız ənənələrin dəstəklənməsi vasitəsi deyil, cəmiyyətin və dövlətin humanitar inkişafının effektiv alətlərindən biridir. Mədəniyyət sahəsi üzrə həyata keçirilən hər bir layihə gələcəyə xidmət edir və ölkədə yaşayan xalqların humanitar rifahını təmin edir.

Adıçəkilən  Mərkəzin şöbə müdiri Valentina Volçkova 2 ölkə arasındakı kənd klublarının fəaliyyəti haqqında danışaraq onların oxşar və fərqli   motivlərini təhlil  etdi.

Ağsu rayonu Çiyni kənd klubunda keçirilən  tədbirdə giriş sözü ilə  çıxış edən İsmayıllı Regional Mədəniyyət İdarəsinin Ağsu rayonu üzrə nümayəndəsi Cavanşir Şeydazadə tədbir iştirakçılarına uğurlar diləmiş və belə beynəlxalq tədbirlərin keçirilməsinin zəruriliyini vurğuladı.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR