Füzuli ilə Əliağa Vahidin fərqi nə idi?

Zəngin Şərq ədəbiyyatının ən qədim və kütləvi janrlarından biri də qəzəldir. Klassik Şərq ədəbiyyatında bu janra müraciət etməyən məşhur şair tapmaq çox çətindir. S.Şirazi, Əbu Nəvas, Nizami, Nəsimi, Nəvai və s. kimi klassik şairlər bu janrın ən gözəl nümunələrini yaratmışlar. Qəzəl janrı dünya ədəbiyyatına Hafiz və Füzuli kimi dahi söz sənətkarları bəxş etmişdir. Şərq və dünya ədəbiyyatının zəngin bir qolunu təşkil edən Azərbaycan ədəbiyyatında da qəzəl janrı qədim bir tarixə malikdir. O, bizim ədəbiyyatımıza başqa xalqların ədəbiyyatından keçmiş olsa da, getdikcə doğmalaşan və sevilən bir janr olmuşdur. Xəqaninin, Nizaminin, Nəsiminin, Həbibinin və başqalarının ümumi bədii irsində qəzəl yaradıcılığı müəyyən əhəmiyyətə malik yer tutur. Klassik Azərbaycan şerində inkişaf edə-edə yaşayan qəzəl janrı Füzulinin yaradıcılığı ilə yeni bir zirvəyə çatmışdır.

Azərbaycan ədəbiyyatında qəzəlin təntənəsi Füzulidən sonra daha da artmış, təsir gücü daha da davamlı olmuşdur. Saib Təbrizi, Qövsi Təbrizi, M.P.Vaqif, M.V.Vidadi, S.Ə.Şirvani, Natəvan, Heyran xanım kimi görkəmli Azərbaycan şairləri Füzuli zirvəsini fəth etməsələr də, bu sahə də qiymətli əsərlər yaratmışlar.

S.Vurğun, S.Rüstəm, M.Seyidzadə, B.Vahabzadə, Z.Cabbarzadə və b. Azərbaycan şairlərinin lirikasında qəzəllərə də az-çox dərəcədə rast gəlirik. Lakin Azərbaycan ədəbiyyatında qəzəl janrı ilə ardıcıl məşğul olan, onun təxminən 800 illiyinə tam bir ömür həsr edən şairimiz yalnız Əliağa Vahiddir. Bizim məqsədimiz Vahidin lirikasını ətraflı təhlil etmək deyil, bu lirikanı məhz ənənəvilik baxımdan nəzərdən keçirməkdir.

Məlumdur ki, Füzulidən sonra qəzəl yazan Azərbaycan şairləri böyük sənətkarın təsirindən qurtara bilməyiblər. Daha doğrusu, onlar öz qəzəllərini məhz Füzuli üslubunda yazmağa, Füzuli ədəbi məktəbinin layiqli nümayəndəsi olmağa çalışıblar və məqsədlərinə az-çox dərəcədə nail olduqda bununla fəxr ediblər. Ölməz ədibimiz C.Cabbarlı "M.F.Axundov haqqında"  məqaləsində yazır: "Şairlər, ədiblər, Füzulini ötməyə deyil, bəlkə ona yetişməyə və var qüvvələri ilə öz əsərlərini Füzulinin əsərlərinə bənzətməyə və beləliklə, ədəbiyyatı qırıldığı nöqtəyə vardırmağa və orada bərkitməyə çalışırdılar. "Füzuliyanə" qəzəllər yazmaq şairlərin idealı olmuşdur" (C. Cabbarlı. Əsərləri. III cild. Azərnəşr, Bakı, 1969, səh. 382).

Bu sözlərdə müəyyən həqiqət olduğunu qeyd edib onu deməliyik ki, Füzuli qəzəl məktəbinə daxil olub bu məktəbin ənənələrini yeni tarixi-ictimai-ədəbi şəraitə uyğun sürətdə davam etdirə bilən, dahi şairimizin ümman kimi geniş və dərin yaradıcılığından öz üslubuna müvafiq incilər seçib lirikasını zinətləndirə bilən qəzəlxanımız məhz Əliağa Vahiddir. Vahidin orijinal ədəbi şəxsiyyəti, Füzulidən fərqli xüsusiyyətləri ideya-məzmun sahədə deyil, üslub, bədii dil, təsvir vasitələri, xarakter yaratmaq sahəsində özünü daha qabarıq göstərir. Vahidin qəzəl dili Füzulinin dilindən sadə, anlaşıqlı, aydın bir dildir. Onun qəzəllərində mənası çətin anlaşılan ərəb-fars sözlərinə, tərkiblərinə, ibarələrinə çox az rast gəlmək olar. Lakin bu, hələ Vahidin xidməti deyildir. Məsələ Azərbaycan dilinin Füzuli dövründəki və müasir dövrdəki vəziyyətindədir. Əgər Füzuli dövrünün ədəbi dilində ərəb-fars sözləri, tərkibləri hakim mövqeyə malik idisə və buna görə də geniş xalq kütlələrinin malı olacaq gözəl bədii nümunələr yaratmaq "düşvar" idisə, müasir ədəbi dilimiz həmin hökmranlığı devirmiş, o "düşvarı" asan etmiş, Azərbaycan xalqının öz danışıq dili - milli dili əsasında formalaşan bir dildir. Vahidin bədii dil sahəsində rolu məhz bundan ibarətdir ki, o, əsrlər boyunca qəzəl yaradıcılığı ilə "bağrı-badaş" olan bir sıra ərəb-fars sözlərini, tərkiblərini atmış, bədiilik cəhətdən onları əvəz edə biləcək Azərbaycan sözləri, tərkibləri tapıb işlətmişdir. O, müasir Azərbaycan ədəbi dilində, ərəb vəzni olan əruz vəznində qiymətli qəzəl nümunələri yaratmışdır. Vahid təkcə ərəb-fars kəlmələrini Azərbaycan kəlmələri ilə əvəz etməklə kifayətlənməmiş, izafət tərkiblərinin milliləşməsində - onların təyini söz birləşmələrinə çevrilməsində də xeyli iş görmüşdür. Məsələn:

1. Münəvvər eyləyən afaqı ahım atəşidir.

2. Hicran gecəsi mən çəkəni çəkməsin əğyar

Zənnimcə qiyamət günü bundan betər olmaz.

3. Məcnun nə bərabər mənə, səhralara qaçdı.          

Eşq əhli odur ərsədə mərdanə dolansın.

5. Daim o qarə zülfü göz üstündə yan görüm.

Birinci misaldakı "ahım atəşi" təyini söz birləşməsinə biz Füzulinin qəzəllərində "bərqi-ah", "suzi-ah", "tişeyi-ah" və s. kimi izafət tərkibləri formasında rast gəlirik:

Binasın tişeyi-ahimlə viran etdiyimdəndir.

İkinci misaldakı "hicran gecəsi" təyini söz birləşməsi, məlumdur ki, Füzulidə "şəbi-hicran" tərkibi kimi işlənmişdir. İkinci misalın ikinci misrasındakı "qiyamət günü" birləşməsinə biz Füzulidə "ruzi-qiyamət" formasında - izafət tərkibi şəklində təsadüf edirik:

Var imiş ruzi-qiyamət, qılma inkar, ey həkim.

Üçüncü misalın ikinci misrasındakı "eşq əhli" təyini söz birləşməsinə Füzulidə "əhli-eşq" kimi - izafət tərkibi kimi rast gəlirik. Ümumiyyətlə, Vahid Füzuli qəzəllərində geniş işlənən "aləmi-eşq", "dərdi-eşq", "pərvanəyi-eşq", "əsiri-eşq" kimi izafət tərkiblərini çox vaxt "eşq aləmi", "eşq dərdi", "eşq pərvanəsi", "eşq əsiri" kimi - ikinci növ təyini söz birləşməsi kimi işlətmişdir. "Zulfi-siyah" izafət tərkibini isə Vahid, beşinci misaldan göründüyü kimi, "qarə zülf" kimi təyini söz birləşməsinə çevirmişdir. İzafət tərkiblərinin təyini söz birləşməsinə çevrilməsi Vahidin bir neçə qəzəli ilə deyil, bütün yaradıcılığı ilə bağlı olan ən əhəmiyyətli hadisədir. Lakin Vahid təkcə klassik izafət tərkiblərinin təyini söz birləşməsi şəklində işlətməklə də kifayətlənməmişdir. Onun zəngin qəzəl dilində biz artıq vətəndaşlıq hüququ qazanmış "gül üzlü", "qızıl çiçək", "nazlı yar", "sevgi aləmi", "süzgün baxış", "xoş gün", "çəmən çiçəkləri", "fərəhli yurd", "Vətən gözəlləri", "sevgili dildar", "ahu gözlü" və s. kimi milli formalı, aydın və lirik mənalı təyini söz birləşmələrinə geniş şəkildə rast gəlirik. Bunlarla yanaşı, Vahidin qəzəllərində az da olsa, klassik izafət tərkiblərinə də təsadüf edirik. Lakin bunlar  müasir oxucu üçün asan başa düşülən tərkiblərdir. Məsələn: "Bülbüli-şeyda", "güli-rəna", "məclisi-meyxanə", "zülfi-yar", "həvəsi-badə" və s. Bu izafət tərkibləri həm də Vahid qəzəllərinin bədiiliyini artırır, klassikliyə məxsus qədimi gözəlliyi, ənənəvi bəlağəti saxlamış olur. Füzulinin dilində işlənən mərtəbə sözlərə - bir neçə kəlmədən ibarət olan izafət tərkiblərinə Vahidin dilində tək-tək hallarda rast gəlmək mümkündür. Əgər Vahidin bir qəzəlində ən çoxu üç-dörd izafət tərkibi vardırsa, Füzulinin bir qəzəlində ən azı dörd-beş izafət tərkibi vardır. Vahidin qəzəllərində saitlərin uzanması hadisəsi də azlıq təşkil edir.

Bizə Hicran günü zülmət gecə-gündüz kimidir.

Bu misrasında vəznin tələbinə görə misranı bölgülərə - fasilələrə ayıran vurğular heç bir vaxt saitin üzərinə düşüb onu uzatmır. Birinci fasilə "Hicran" sözünü, ikinci fasilə "zülmət" sözünü ikiyə böldüyü kimi, üçüncü vurğu "gündüz" sözünün "nd" samitlərinin üzərinə düşüb onu iki yerə ayırır. Və yaxud:

Bilməsəy/di ləbinin /zövqünü mey/xanəçilər.

Göründüyü kimi, bu misrada da heç bir sait uzanmır. Vahidin qəzəllərində, əsasən, qalın saitlər uzanır:

Fələk büküb belimi intiqam alır məndən.

                                                             ***                            

                                      Küyində mənə zülm eləyəndən biri qalmıb.

Birinci misrada "intiqam" sözünün "a" saiti, ikinci misrada "küyində" sözünün "ü" saiti uzanma hadisəsinə məruz qalmışdır. Füzulinin qəzəllərində isə qalın saitlərdən əlavə, incə saitlərin də uzanmasına tez-tez rast gəlirik:

                                      Bir-birilə çəkişir gərdi-rəhinçün müjələr,

                                      Gərinə qanlar düşəcəkdir oların arəsinə.

Bu beytin birinci misrasındakı "bir-birilə" ifadəsinin üçüncü "i" saiti , ikinci misrasının "arəsinə" sözündə isə "a" saiti tələffüz zamanı uzanmalıdır. Ümumiyyətlə, Vahid misranın fasilə edilən yerlərində çox vaxt bir sait əvəzinə iki sait işlədir ki, bu da onun qəzəllərində uzanma hadisəsinin qarşısını alır. Və bu "tədbir" nəticəsində qəzəl heca vəznində yazılmış kimi görünür.

Vahidin qəzəl dili aydın və sadə olmasından başqa, səlis və axıcıdır. Bu cəhətdən onun dili aşıq şeirimizin rəvan dili yaxınlıq təşkil edir. Vahid Füzulidən fərqli olaraq öz qəzəllərini, əsasən, əruz vəzninin oynaq, sürətli bəhrlərində yazmışdır. Həm də xalqımızın danışıq sözləri, ifadələri, idiomları bu bəhrlərə ustalıqla tabe edilmişdir. O öz qəzəllərini elə sadə və səmimi söyləyir ki, oxucu sanki bir sənət xadimini deyil, öz yaxın müsahibini dinləyir, öz dostunun ürək sözlərinə qulaq asır.

                                      Mənim istəklim o üç nazlı gözəldən biridir,

                                      Həmi göyçək, həmi on yeddi yaşından iridir.

                                      Belə bir dilbər üçün can verən aşiq ölməz,

                                      Bəxtəvərdir o, bu dünya ayaşadıqca diridir.

                                      El yığıldı yarımın başına pərvanə kimi,

                                      Elə bildim gözəlim eşq-məhəbbət piridir.

                                      Sadə dildə bu qədər incə qəzəllər ki, yazır

                                      Bu yetər Vahidin haqqındakı: "el şairidir".

Bu qəzəlin axırıncı beytindən aydın olur ki, Vahid qəzəllərinin dili üzərində şüurlu, yaradıcı surətdə işləmiş, onun sadə, obrazlı və xəlqi olmasına həmişə diqqət yetirmişdir.

Vahidin qəzəllərində real müaşiqə münasibətini şərtləndirən hərəkət, fəaliyyət daha çoxdur. Sanki Füzuli öz qəzəllərini hər hansı bir gözələ (çox vaxt sevgilisinə) "baxa-baxa" yazmışsa, Vahid,  əksərən, öz qəzəllərində gözəli ayrıca deyil, lirik qəhrəmanla onun arasında olan müaşiqəni, sevgi əlaqəsini tərənnüm etmişdir.

Heyrət ey büt, sürətin gördükdə lal eylər məni,

                                      Sürəti-halım görən surət xəyal eylər məni.

Göründüyü kimi, Füzuli bu beytdə önündə dayanmış şəkil misallı bir gözəldən bəhs edib onun gözəlliyi qarşısında özünün də lal, cansız şəklə düşdüyünü söyləyir. Vahidin qəzəllərində isə, adətən, aşiqlə-məşuqənin sevgi münasibəti tərənnüm olunur:

Ey gül, səni axır, bilirəm, öyrədən oldu,

                                      Saldın məni hicranə, bu bilməm nədən oldu.

                                      Sən böylə vəfasız da deyildin, bilirəm mən,

                                      Zənnimcə səni bu işə təhrik edən oldu.

Göründüyü kimi, Vahid bu beytlərdə sevgililər arasında baş vermiş real münasibəti əks etdirmişdir. Belə "əks etdirmə" Vahidin qəzəllərinə həmişə bir hərəkətlilik, dinamiklik gətirir. Bu məhz onun üslub xüsusiyyətlərindən biridir. Əlbəttə, Vahid də öz qəzəllərində gözəli, onun zahiri və daxili keyfiyyətlərini mədh eləyir. Lakin bu "mədh" məhz sevgi münasibətinin tərənnüm fonunda verilir:

Mən istəyən gözəlin saçları ipək kimidir,

                                      Üzü çəməndə açılmış qızıl çiçək kimidir.

                                      Göyün gözəlləri, aləm deyir mələkdir,

                                      Mənim isə istədiyim, yerdə bir mələk kimidir.

                                      Gahi rəqibə salır meylini, gah aşiqinə,

                          Hayan gəlir-əsir, o bivəfa külək kimidir.

                          Bu hüsnə bir də bəzək verməyin nə mənası,

                          Gözəlliyin sənə, ey gül, elə bəzək kimidir!

Bu beytlərdə mədhi verilən gözəl məhz lirik aşiqin sevgilisidir. Mədh və ya tərif aşiqlə məşuqənin münasibəti (məşuqənin bivəfalığı və ya biganəliyi) fonunda qələmə alınmışdır. 

Öz hiss-həyəcanlarını, fikir və düşüncələrini tərənnüm etməkdə Füzuli dahi, Vahid isə ustad sənətkardır. Lakin Füzulinin təsvir və tərənnümü mahiyyət, məzmun etibarilə lirik-fəlsəfidirsə,  Vahidin təsvir və tərənnümü lirik-fəlsəfi deyil, yalnız lirikdir. Məlumdur ki, Füzuli həm lirik şair, həm də filosof şairdir, mütəfəkkirdir:

Bu qəmlər kim, mənim vardır, bəyirin başına qoysan,

                          Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar.

                                                             və ya:

                          Degil bihudə gər yağsa fələkdən başıma daşlar,

                          Binasın tişeyi-ahimlə viran etdiyimdəndir.

Bu beytlərdə Füzuli kədər hissini dərin fəlsəfi düşüncə ilə yoğurub öz oxucusuna təqdim edir. Bu beytlərdə ifadə olunan fikir mübaliğədir, həm də elə mübaliğədir ki, bu, məhz dahi və mütəfəkkir şairlərin qələmindən çıxa bilər... Vahid isə özünün qəm, həsrət hissini lirik-realistik üslubda belə tərənnüm edir:

Sənsiz ey şux, mənim xoş güzaranım yoxdur,

                          Sən ki, yoxsan elə bil cismdə canım yoxdur.

                          Bu yaman gündə mənim bircə ümidim sənsən,

                          Sənsiz heç bir kəsə aləmdə gümanım yoxdur.

Füzulinin fəlsəfi tərənnümünün mayası kədərdir. Füzulinin kədəri bədbinlik deyil, fəlsəfi kədərdir, "fəqrlərin" kədəridir. "Füzuli aləmi-insaniyyətdə bütün qəmzadələrin və möhnətkeşlərin yüklərini götürmək üçün xəlq olunubdur" ( Firudin bəy Köçərli).

Bu kədərlə bağlı olaraq, Füzuli qəzəlləri ağır, təmkinli, ciddi ruha maliksə, Vahidin lirikasına şuxluq və xəfiflik hakimdir. Əgər Füzulinin qəzəllərində yüklü dəvə karvanlarının ləngərli, ağır və təmkinli gedişinin ahəngi varsa, Vahid qəzəllərində dağ çayına məxsus itilik və həzin bir musiqilik vardır. Siz dağ çayının öz sahilində duran sal bir qayanı yaladığını görmüsünüzmü? Dağ çayı aşiq isə, sal qaya məşuqədir. Sanki dağ çayı öz sevgilisinin - qayanın ayaqlarına yıxılıb onu yalayır, onu mədh edir, pıçıltılarla ona öz eşqini izah edir. Fəqət qaya isə məğrurdur. O, dağ çayına əyilmir, ona etina belə etməyir. Vahidin qəlbindən süzülüb gələn beyt və misralarda dağ çayına məxsus fədakarlıq, kövrəklik və ahəngdarlıq vardır:

Sənin gözəlliyinin mübtəlasıyam, gözəlim,

                                      O qara gözlərinin can fədasıyam, gözəlim.

                                      Bəlalı aşiqinəm, baxma qeyrilər sözünə,

                          Məhəbbət aləminin binəvasıyam, gözəlim.

                          Yolunda müntəzirəm, can verim görəndə üzün,

                          Cəfa çəkənlərin əhli-vəfasıyam, gözəlim.

                          Elə nə zülüm varındır, əgər dilim yansın,

                          Desəm cəfalarının narizasıyam, gözəlim.

Vahid öz hiss və duyğularını, dediyimiz kimi, sadə dillə, səmimi ruhla tərənnüm edir. Dil sadəliyi və ruh səmimiliyi daha çox qaynayıb qarışanda qəzəl təbiiliyin və sadədilliyin nümunəsinə çevrilir. Qəzəllərin bədii təsirini artıran bu sadədillik Vahidin özünəməxsus sənətkarlıq məziyyətidir:

                                      Sənin hüsnündür mənim eşqimi əfsun eləyən,

                                      Böylə rüsvalığa bais həmi sənsən, həmi mən.

                                      Mən sən olsaydım əgər qeyrə könül verməzdim,

                                      Qoymaz idim yetişə vəslimə naməhrəmi mən.

Əfsanəvi aşiq surətləri olan Məcnunun, Fərhadın adına Füzulinin qəzəllərində tez-tez rast gəlirik. Füzuli öz eşqinin şiddət və mahiyyətini ifadə etmək üçün bu əfsanəvi aşiqlərin adından böyük sənətkarlıqla istifadə etmişdir:

                                      Olsaydı məndəki qəm Fərhadi-mübtəladə,

                                      Bir ah ilə verərdi min Bisütuni badə.

                                      Versəydi ahi-Məcnun fəryadımın sədasın,

                                      Quşmu qərar edərdi başındakı yuvadə.

Bu ənənəvi vasitəni qəbul edən Vahid də orijinal və dolğun ifadələr yaratmaq üçün ondan tez-tez istifadə etmişdir:

                                      Mən indi ki, varam, aləmdə ölməyib Məcnun,

                                      O yaxsa da deməyin öğrəbası yoxdur onun.

Ümumiyyətlə, Füzuli lirikasının qəhrəmanı kimi, Vahidin lirik qəhrəmanı da eşqdə sabitqədəmdir, fədakardır, təvazökardır, təmizdir. Onların hər ikisi hicran möhnətindən "əl əman" edir, vüsal həsrəti ilə yanır və eyni zamanda, sevgililərin cövr və sitəmindən zövq alırlar. Hər ikisi üçün yarın "səri-kuyi" cənnətdən - dinin vəd etdiyi behiştdən üstündülər. Onlar öz məşuqələrini hurilər, mələklərə dəyişməzlər. Lakin bütün bu bənzəmələr heç də Vahidin Füzulini təkrar etməsi, onun epiqonçu şair olması demək deyildir. Məsələ eşqin özünün bir sıra ənənəvi xüsusiyyətləri ilə bağlıdır. Şeirimizdə, ədəbiyyatımızda əsrlərdən bəri tərənnüm olunan, çoxdan formalaşan kamil aşiq surəti və bu aşiqin eşqi vardır ki, onun bir sıra ölməz keyfiyyətləri müasir şeirimizdə də mütləq öz əksini tapmalıdır. Yoxsa, həmin ənənədən uzaqlaşmaq şeiri (qəzəli) müvəffəqiyyətsizliyə gətirib çıxarardı. Məsələn; Vahidin belə bir beyti vardır:

Vahid, var olmasa səni heç kimsə istəməz,

Canan sevər o aşiqi pullu-paralıdır.

Bu ifadənin qeyri-poetikliyi göz qabağındadır. Əlbəttə, "canan" a belə qeyri-nəcib münasibət bəsləmək ilk növbədə Vahidin ənənədən uzaqlaşmasının, eşqin Füzuli zirvəsindən xırda məişət dedi-qodularına endirməsinin nəticəsidir. Heç "aşiq"lə "pullu-paralı" sözü bir araya sığarmı? Bundan başqa, Vahid qəzəllərində tərənnüm etdiyi gözələ "can" deyə müraciət edir ki, bizcə, bu söz də qəzəl kimi incə ruha malik bir janra uyğun söz deyildir:

              Mən sevdiyimi görsən əgər, sən də sevərsən,

              Aləm onu hər yerdə deyir: "sevməli candır".

Bu beytdəki "can" sözü bədii sifət deyil, gözəlin zahiri cəlbedici əlamətini təyin edən təyini sifətdir. Təsadüf deyildir ki, şair "tanısan" yox "görsən" deyir. Bizcə, sevgilisi haqqında aləmin "sevməli candır" deməsi ilə fəxr eləyən aşiq də əsil aşiq deyildir. İdeya-bədii cəhətdən qüsurlu olan bu beyt də heç şübhəsiz, Vahidin ənənəyə riayət etməməsinin nəticəsidir. Xoşbəxtlikdən, Füzuli ənənəsinin işıqlandırdığı yolla gedən Vahidin belə "büdrəmələri" çox azdır, dənizdə damla kimi bir şeydir. Vahidin ustad qəzəlxan səviyyəsinə yüksələ bilməsi, özünün lirik-realistik üslubunu yaratması məhz Füzulidən dərs alması, dahi şairin ənənələrini bacarıqla mənimsəməsi nəticəsində mümkün olmuşdur. Vahid hələ yaradıcılığının lap əvvəllərindən anlamışdır ki, Füzuli ədəbi məktəbinin layiqli davamçısı olmaq üçün ilk növbədə zəmanəsinin, dövrünün oğlu olmalıdır. Füzuli dövründə baş verən bütün ictimai-siyasi hadisələri öz lirikasında parlaq şəkildə əks etdirmişdir. Dahi şair müharibələrə, müharibə törədən padşahlara, sultanalara, xalqı acınacaqlı vəziyyətə salan feodallara, riyakar ruhanilərə, mənfəətpərəst tacirlərə qarşı mənfi münasibətini, "füqəra" təbəqəsinə isə hüsn-rəğbətini dönə-dönə qələmə almışdır.

                          Fəqr imiş, fəqr Füzuli, şərəfi-əhli-vücud,

                          Özünə eyləmə həmdəm füqəradan qeyri.

Vahidin məhz Füzuli lirikasının ictimai motivlərində daha çox qidalanmış, Füzuli yaradıcılığındakı realistik ünsürləri inkişaf etdirərək, gücləndirərək onu bir üslub halına salmışdır. Lakin Füzulinin ictimai motivli qəzəlləri ilə Vahidin eyni motivli qəzəlləri məzmunca, ideyaca bir-birindən tamamilə fərqlənir. Füzulinin ictimai məzmunlu qəzəllərinə üsyan, kədər və şikayət hakimdirsə, Vahidin belə qəzəllərinə nikbinlik, fərəh və bəxtiyarlıq hakimdir. Çünki hər iki şairin şerlərini şərtləndirən ideya-məzmun həyatdan mövcud cəmiyyətdən gəlir. Füzuli sənətkarın başlıca amalına sadiq olaraq feodalizm cəmiyyətinin ictimai-siyasi eyiblərini göstərdiyi kimi, Vahid də müəlliminin yolu ilə gedərək lirik şer janrı - qəzəl janrında öz cəmiyyətinin xoşbəxt və şən həyatından "bülbüli-şeyda" kimi nəğmələr qoşmuşdur. Onun Bakıya, müasir həyatımıza, sülhə, xalqımızın səadətinə, müharibə əleyhinə qəzəllər həsr etməsi öz yaradıcılığında Füzuli qəzəl məktəbinin əsas ənənəsini yaşatması ilə bağlıdır. Əgər: 

                           Dust bipərva, fələk birəhm, dövran bisükun,

                           Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun

beyti ilə başlayan qəzəlində Füzuli idbarların rütbəsi ali olan, biliyə yüksək qiymət verilməyən bir cəmiyyətdə yaşadığını söyləyirsə, Vahid də ustadının yaradıcılığındakı bu gözəl xüsusiyyəti - ictimai motivi davam etdirərək öz dövrünün xarakteristikasını verir:

                          Vahid, elə bir dövrdə gəldi ki, cəhana,

                          Bir gözdə göründü bütün insan, əcəb oldu.

Vahidin ictimai məzmunlu qəzəllərində yaxşı cəhət məhz bundan ibarətdir ki, o, xalqımızın xoşbəxt həyatı haqqında ümumi, şüarvari şəkildə danışmır, bu məzmunu da qəzəlin bədii tələbləri səviyyəsində işləməyi bacarır. İctimai motivli qəzəllərində də Vahid gözəl bədii lövhələr çəkir, dolğun ifadələr yaradır:

                          Biz neyləyirik cənnəti, ya bağı-behişti,

                          Öz bağımız, öz solmayacaq cənnətimiz var.

Bu bədii lövhə predmetlə hissin uyğunluğu ilə çəkilmişdir. Füzulinin ictimai motivli qəzəllərində isə şairin ictimai gözəllik idealı, istəyi həyatın eybəcərlikləri və çirkinlikləri ilə üzləşir və beləliklə də, bədii təzad yaranır. Hisslə hadisənin, əhvali-ruhiyyə ilə predmetin paralel, uyğun ifadəsinə biz Füzulinin yalnız məhəbbət mövzulu qəzəllərində rast gəlirik. Həm də bunu təkcə vüsal çağlarının deyil, Hicran gününün tərənnümündən ibarət olan beytlərdə də görürük:

                        Yüksəlir göylərə bil ahi-fəğanım sənsiz,

                                     Nəyə lazımdı keçir ömrü zəmanım sənsiz.

Bu bədii üsulu mənimsəyən Vahid də "Yoxdur" rədifli gözəl bir qəzəl yazmışdır:

                          Sənsiz ey şux, mənim xoş güzəranım yoxdur,

                          Sən ki yoxsan elə bil cismdə canım yoxdur.

                          Bu yaman gündə mənim bircə ümidim sənsən.

                          Sənsiz heç bir kəsə aləmdə gümanım yoxdur.

                          Səbrü aramımı əldən qəmi-Hicranın alıb,

                          Bir də qəm çəkməyə cismimdə təvanım yoxdur.

Bu beytlərdəki uyğunluq, paralellik məzmun və ifadə tərzindədir. Məşuqənin olmaması ilə aşiqin keçirdiyi hiss və həyəcanlar uyğunluq təşkil edir: yar yoxdur. Aşiqin xoş güzəranı, cisimdə canı, səbri, aramı, gümanı, məkanı və s. yoxdur. Gözəl şer nümunəsi olan bu qəzəldəki bədii lövhə hisslə, əhvalla hadisənin paralelliyi əsasında qurulub. Yarın olmaması ilə aşiqin fərəh və sevincinin olmaması təbiidir... Burada hicranı yaradan səbəb hələ təzadı yarada bilmir. Çünki məşuqənin aşiqə münasibəti haqqında heç bir qeyd yoxdur. Bəlkə məşuqə aşiqə əks münasibət bəsləmir; başqa bir yerə səfər edib və aşiq də bu ayrılığa dözməyərək yaniqli bir şəkildə fəğan edir? Təzad yalnız bu qəzəlin axırıncı beytində vardır:

                                      Vahidə m, atəşi həsrət bürüyüb dovrü-bərim,

                                      Yanıram, halıma bir qəlbi yananım yoxdur.

Ümumiyyətlə, bədii təzad Füzulidə olduğu kimi, Vahidin qəzəllərində zəruri bir vasitə kimi işlənmişdir. Füzuli kimi Vahid də bəzi qəzəllərini təzadlar üzərində qurmuşdur. Belə qəzəllərdə bədii təzad silsilə təşkil edir:

Narazıyam ey gül, mənə imdad eləsən də,

                                      Naşad eləyən könlümü dilşad eləsən də

                                      Sındırmısan, əl vurma sınıq könlümə, zalim,

                                      Viranə düzəlməz, necə abad eləsən də.

                                      Vəslin həvəsi indi başımdan necə çıxsın,

                                      Zülfündə əsirəm, əgər azad eləsən də.

                                      Sən bir mələk olsan da inanmaz sənə könlüm,

                                      Şəxsən özünü huri-pərizad eləsən də.

Bu qəzəl Füzulinin məşhur "Tutuşdu qəm oduna şad gördüyüm könlüm" misrası ilə başlayan qəzəlini xatırladır. Əlbəttə bu "xatırlatmanı" məhz bədii təzaddan eyni üsulda istifadə etmək törədir. Bu beytlərdə təzadlı halların dolğun bədii ifadələri olmaqdan əlavə, zidd mənalı sözlərin də (antonimlərin) qüvvətli nümunələri vardır. Narazı və imdad, naşad və dilşad, viranə və abad, əsir və azad, şəxs və huri sözlərinin ifadə etdikləri mənaların bir-birinə zidd olması, misra və beytlərin bədii təsir qüvvəsini xeyli artırmışdır. Belə söz təzadlarına Vahidin qəzəllərində istənilən qədər rast gəlmək mümkündür.

Vahidin Füzuli ənənəsini yaradıcı sürətdə davam etdirməsi onun təşbehlərində, epitetlərində, sinonim, omonim sözlərdən istifadə etməsində də özünü göstərir. Eyni bir sözü bir beytdə müxtəlif mənalarda işlətmək həm oxucunun təsəvvürünü genişləndirir (beytin məzmunu haqqında olan təsəvvürü), həm də beytə bədiilik və ahəngdarlıq gətirir.

                         Heyrət ey büt, surətin gördükdə lal eylər məni,

                         Surəti-halım görən surət xəyal eylər məni.

Burada "surət" sözünün üç dəfə işlənməsi yuxarıda dediyimizi təsdiq etməkdən əlavə, həm də sözdən ustalıqla istifadəyə  gözəl misaldır. Vahid də öz qəzəllərində Füzulinin bu yaradıcılıq xüsusiyyətini müvəffəqiyyətlə davam etdirmişdir.

                          Əğyarə uyub, Vahidə yadlar kimi baxma,

                          Yaddan o çıxarmaz, sən onu yad eləsən də.

Bu beytdə "yad" sözünün üç dəfə təkrarlanması heç də söz "qıtlığından" deyil, məhz beytin bədii məna zənginliyi və ahəngdarlığı naminə edilmişdir. Birinci dəfə "yad" sözü "özgəsi" mənasında işlənmişsə, ikinci halda "yaddaş" mənasında işlənmişdir. "Yad eləsən də" ifadəsi isə "unutsan da" mənasını əks etdirir. Vahid belə omonim sözləri  çox vaxt cinas qafiyə kimi işlədir:

Mən vermişəm öz könlümü yarə, özü bilsin,

                          İstər eləsin hicrilə yarə, özü bilsin.

Bu xüsusiyyət Füzulidə də vardır: 

Eşqdən canımda bir pünhan mərəz var, ey həkim!

                        Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim!

Lakin omonim sözlərin cinas qafiyə kimi işlənməsinə  Vahidin qəzəllərində daha çox rast gəlirik ki, bu da onun aşıq şerindən daha çox qidalanmasının nəticəsidir. Vahidin qəzəlləri sinonimlərlə də zəngindir. Şair sinonimləri o vaxt işlədir ki, sinonim olmayan söz həm məzmun, həm də şəkilcə eyni olan söz təkrarlananda təkrirə məxsus poetiklik deyil, məhz təkrara məxsus yeknəsəqlik yaradır.

Üzündə  busədən, ey gül, iki nişan yeri var,

                          Birində qırmzılqdır, birində qan yeri var.

Bu beytdəki "qırmızılıq" və "qan yeri" yaxınmənalı sözlərdir. Əgər "qan yeri" əvəzinə "qrmızılıq" sözü işlənsə, şübhəsiz, bu, təkrir yox, təkrar olardı, beyti bədii cəhətdən zəif edərdi. Bundan əlavə, "qan yeri" ifadəsində obrazlılıq da vardır.

Xəlqimiz yüzlərcə məclislər, ziyafətlər görüb,

                          Ən gözəl, qiymətli, ən ali ziyafət özgədir.

Bu beytdəki "məclislər", "ziyafətlər" sözləri sinonim olduğu kimi, "ən gözəl", "qiymətli", "ən ali" sözləri də yaxınmənalı kəlmələrdir. Həm də bu kəlmələr misradakı "ziyafət" isminin sifətləridir, epitetlərdir. Ümumiyyətlə, Füzuli lirikası kimi. Vahidin lirikası çox zəngindir. Hər iki şairdə bədii sifətlər-epitetlər aşiq və məşuqənin keyfiyyətlərini, halətlərini, predmetin əlamətlərini bədiiliklə ifadə etməyə və qəzələ zəriflik, məlahət gətirməyə xidmət edir. Bədii sifət Füzulidə daxil olduğu izafət tərkibində əsas yerdə durur: "Çeşmi-xumar", "çeşmi-tər", "güli-rəna", "ləbi-xəndan", "sərvi-xuraman", "zülfi-pərişan" tərkiblərində olduğu kimi. Vahiddə isə epitetlər təyin olunan üzvdən əvvəl gəlir. Həm də Vahidin epitetləri forma və mənaca qəzəl yaradıcılığımızda yeniliyi ilə seçilən, müasir səslənən bədii sifətlərdir. "Bu dilbərin nə gözəl aşiqanə gözləri var" misrası ilə başlayan qəzəlində Vahid məşuqənin gözlərinə on bədii sifət-epitet verir. Bunlar aşağıdakılardır: gözəl, aşiqanə, yeganə, qəribə, cazibəli, mahiranə, can alıcı, dilbəranə, arifanə, şairanə. Bu on epitet altı beytlik qəzələ yeknəsəqlik deyil, əksinə, rəngarənglik və məna zənginliyi bəxş edir. Çünki Füzulidə olduğu kimi, bu epitetlərin hər biri işləndiyi beytin ümumi mənası ilə uyğunluq təşkil edir. Hər beyt isə yeni məna çaları ifadə edir.

                                      Gördüm ol xurşudi-hüsnün, ixtiyarım qalmadı,

                                      Sayə tək bir yerdə durmağa qərarm qalmadı.

                                      Görəndə aşiqini min naz ilə işarə edir,

                                      Ümumi cəzb eyləyən arifanə gözləri var.

Birinci beyt Füzulinindir. Burada xurşid-günəş epiteti çox yerində işlənmişdir. Aşiqin öz məşuqəsinin günəş camalını görəndə yerə yıxılması və  günəşin görünməsi ilə əşyanın kölgəsinin  yerə yıxılması hadisəsi qüvvətli bədii məntiqlə bir-birinə bağlanmşdır. Əgər "xurşid" bədii sifətini başqa epitetlərlə  əvəz etsək, misralar arasındakı məntiq pozulur. İkinci beyt isə Vahidindir. Burda da "arifanə" epiteti çox yerində  işlənmişdir.  Məlumdur ki, "min naz ilə işarə etmək" yalnız ariflik əlamətidir və  Vahid gözlərin bu əlamətini məhz "arifanə" adlandırmışdır. Lakin sözlər, misralar və beytlər arasındakı  bədii məntiq, bağlılıq Vahiddə bəzən pozulur. Qəzəl, məlumdur ki, lirik növün formalarından biridir. Bir janr kimi, onun da müəyyən mövzusu və mətləbi olmalıdır. Hər bir qəzəl konkret bir əsər kimi oxucuya müəyyən tam bir intiba, düşüncə bəxş etməlidir. Lakin Vahidin bəzi qəzəllərində bu qaydaya riayət olunmur.

                                      Bu nazənin gözəlin yaxşı dilguşalığı var.

                                      Heyif, öz aşiqinə çox kəmetinalığı var.

                                      Gözəlliyi ilə bərabər sevimli dilbərdir,

                                      Nə qeyrilərə yaxındır, nə aşinalığı var.

                                      Nə rütbə istəmə, Vahid, nə şöhrət aləmdə,

                                      O kəs ki rütbəpərəst oldu, bil, gədalığı var.

Bu qəzəlin bütün əvvəlki beytləri "nazənin gözəlin" daxili və zahiri sifətlərinin mədhinə həsr olunduğu halda, axırıncı beyt tamam başqa mətləbdən bəhs edir: təvazökarlığı təsdiq, rütbəpərəstliyi isə tənqid edir. Əlbəttə, bu ifadə öz-özlüyündə təqdirəlayiqdir, lakin o, qəzəlin ümumi mənası və ruhu ilə bağlı deyildir. Axırıncı beyti əvvəlkilərlə birləşdirən yalnız formal amillərdir: vəznin bəhri, qafiyə və rədifdir. "Ey dost, sizin sevgili canan necə oldu?" misrası ilə başlayan qəzəlində isə şair öz dostuna əvvəlcə "siz" sonra isə "sən" deyə müraciət edir. Şübhəsiz, birinci qüsur ənənədən uzaqlaşmağın, ikinci isə diqqətsizliyin nəticəsidir.

Bədii təzad kimi təşbeh də həm Füzulidə, həm də Vahiddə zəruri bir vasitə kimi işlənmişdir. Füzulinin bütün bədii dili təşbehlərdən, məcazlardan ibarətdir.

Hətta "Leyli və Məcnun" poemasında Məcnunun atası Leyli üçün elçiliyə  gəldiyi zaman iki qəbilə başçısının danışığı da təşbehlərlə verilir. Məcnunun atası nə Məcnunun, nə Leylinin adını çəkir. Leyliyə ləl, Məcnuna dürr deyir.

Füzulinin təşbehləri, əsasən, qoşmasız, ədatsız təşbehlərdir.                                  

                                      Bir səf qız oturdu, bir səf oğlan,

                                      Cəm oldu behiştə huri-qılman.

Burada məktəbin behiştə, qızların huriyə, oğlanların isə qılmana bənzəməsi haqqında heç bir işarə yoxdur. Təşbehlər qüvvətli bədii məntiq nəticəsində müəyyən olunur. Vahid də qəzəl yaradıcılığındakı bu ənənəvi təşbeh yaratmaq üsulunu davam etdirərək gözəl, dolğun bənzətmə nümunələri yaratmışdır.   

Qan tökməyə çox mahir idi gözlərin əvvəl,

                                      Ol fitnəli gözlərdə o şakər yenə varmı?

Bu beytdən göründüyü kimi Vahid də Füzuli kimi ədatsız təşbeh yaratmışdır. O, "gözlərin cəlladdır" demir. Gözlərin məcazi mənada qan tökməyini - xüsusiyyətini söyləyir ki, bu xüsusiyyətdən də bənzədilən, yəni cəlladlıq öz-özünə meydana çıxır. Bəzən də  əksinə, bənzəyənlərin deyil, bənzədilənlərin əlamət və xüsusiyyəti verilir ki, yenə də işarəsiz bənzətmə yaradılır.

Gül əgər bülbülü incitsə vəfasız deməyin,

                                      Qızların taqsırı olmaz, günah oğlanda olur.

Bu beytdə bənzəyənlərin (qızla, oğlan) bənzədilənlərə (gül, bülbül) bənzəməsi haqqında heç bir işarə yoxdur. Lakin birinci misrada gül və bülbül münasibətlərinin qeyd edilməsi və ikinci misrada qız və oğlana məhz bu münasibət baxımından rəy verilməsi dərhal təşbehləri ayırd edir. Qız gülə, oğlan bülbülə bənzədildiyi kimi, onların münasibətləri də bir-birinə bənzədilmişdir. Vahidin qəzəllərində zəngin şəkildə rast gəldiyimiz bu cür bənzətmələr Füzulidə olduğu kimi, çox vaxt gözəl bədii lövhələr yaradır, bir halət, bir aləm, başqa bir halət, başqa bir aləmlə müqayisə edilir. Füzuli lirikasında olduğu kimi, Vahidin də lirikasında təşbehlər bəzən silsilə təşkil edir: qəzəl başdan ayağa bənzətmələrdən ibarət olur. Dediyimizə Vahidin "şəhri-ruyində saçın hərbi nizamində durar" misrası ilə başlayan misal ola bilər. Həmçinin Füzuli lirikasına məxsus "ru", "mərdüm", "ənduh", "dəhr", "dil" kimi sözlərə bu qəzəldə rast gəlirik.

Vahidin qəzəlləri istiarə, bədii sual, təkrir, məcaz və s. kimi təsvir və ifadə vasitələrilə  də son dərəcə zəngindir. Onun qəzəllərinin geniş rəğbət qazanmasının əsas səbəbi onların bir şer nümunəsi kimi dolğun mənaya, yüksək bədiiliyə malik olmasıdır. Bunun səbəbi isə şairin istər ideya-məzmun, istərsə də bədii-sənətkarlıq cəhətdən Füzuli ədəbi məktəbindən səmərəli sürətdə bəhrələnməsi ilə bağlıdır. Vahid heç bir ədəbiyyat təlimi almayıb. Bunun əvəzində  o, klassik ədəbiyyatın, xüsusən Füzuli yaradıcılığını müstəqil sürətdə səylə mənimsəmiş, qəzəlin ənənəvi ölməz xüsusiyyətlərini canına, ruhuna hopdurmuşdur. Məhz bunun nəticəsində o, coşqun və incə hisslərinə, duyğularına, zəngin və şairanə düşüncələrinə, habelə sadə və mürəkkəb anlayışlarına müvafiq bədii söz və ifadə tapmaqda nadir hallarda müvəffəqiyyətsizliyə uğramışdır.

Mən məst yıxıldım o dilaramı görən tək,

                                      Evlər yıxan ol çeşmi-xumara nə dedin bəs?

Bu beytdə "evlər yıxan" ifadəsi çox yerində işlənmişdir. Kəşf olunmuş ifadədir. Əvvəla, bu ifadə məcazi mənalı söz birləşməsi kimi, beytin bədiiliyini, təravətini artırır. İkincisi, əvvəlki misradakı hal ilə məntiqi bağlılıq təşkil edir: Naz ilə aşiqi yıxan o dilaram bir çoxlarını da bu hala salıb evini yıxmışdır. Üçüncüsü, "evlər yixan" ifadəsi "o dilaramın" qüdrət və iqtidarını göstərən gözəl bədii sifət-epitetdir. Dördüncü, "evlər yıxan" ifadəsi milli dilimizin qaymaq idiomu olan I növ təyini söz birləşməsidir. Nəhayət, bu birləşmədəki "yıxan" sözü birinci misradakı "yıxıldım" sözü ilə birlikdə aşiq və məşuqənin funksiyasını təyin edir: aşiq yıxılan (təsir edilən), məşuqə yıxandır (təsir edəndir). Bu kəlmələrin təkrir olmasını da qeyd etmək lazımdır. Vahidin qəzəlləri belə sənətkarlıq məziyyətləri ilə çox zəngindir. Vahidin məhəbbət lirikasında tərənnüm olunan gözəlin, eşq aləminin şairanə və incə xüsusiyyətləri, halları məhz elə şairanəlik, incəlik və bəlağətlə ifadə edilir ki, oxucunun hissləri ehtizaza gəlir, ürək telləri titrəyir:

1. Çeşmi-zəmanədən sənə afət toxunmasın

         Daim o qarə zülfü göz üstündə yan görüm

                                ***

     2. Xəbərin yox, gözəlim, könlüm edib qan zülfün,

         Eyləmə gül üzünə bir də pərişan zülfün.

         Əl vuranda sən ona naz ilə, könlüm üzülür,

        Nazəninim, daha tərpənmə səbadan zülfün.

        Daima məst gözün fitnələr öyrətmiş ona,

        O səbəbdən eləyib aləmi heyran zülfün.

                                   ***                                                                                                                                          

3. İcazə ver baxım, ey gül, o qarə gözlərinə

                                         Vurulmuşam, nə edim, aşikarə gözlərinə

                                         Kəməndi-ah ilə səyyadlar dalınca düşər,

                                         Bu naz ilə əgər etsən işarə gözlərinə.

                                                                   ***

4.  Zülfün əcəb ahəstə yatıb tər sinən üstə

                                    Tərpənsə xəta baş verəcək, qoyma oyansın.

                                                              ***

                                5. Gül incədirsə, gözəlim, sən güldən incəsən,

                                    İncə nəzakətin qədər incə düşüncəsən.

                                    Hər oynadanda xəm qaşını, qan olur könül,

                                    Sanki bu fikirlə əl atırsan qılınca sən.

 

Beləliklə, qeydlərimizdən aydın olur ki, Vahid Füzuli qəzəl məktəbinin ənənələrini yeni tarixi-ictimai-ədəbi şəraitdə ləyaqətlə davam etdirən ustad qəzəlxandır. O, Füzuli ənənələrini və müasir şeirin tələblərini öz qəzəl yaradıcılığında birləşdirə bildiyi üçündür ki, özünün bədii irsi də qəzəl yazan müasir şairlərimiz üçün bir örnəyə çevrilibdir. "Naşıyam mən hələ Vahid kimi ustadə görə" - deyən şair Zeynal Cabbarzadə həmkarlarının mövqe və fikirlərini çox gözəl ifadə etmişdir. Ədəbi ictimaiyyətimizin yekdilliklə təsdiq etdiyi kimi, Vahid, həqiqətən də, Füzuli yadigarı idi... Şair özü təvazökarlıqla yazırdı:

                                      Deyirdim əhli-qələm, Vahid, əfv edərsə məni,

                                      Böyük Füzulimizin yadigarı mən özüməm.

 

Şair, qəzəl janrına sadiq qalmaqla yanaşı, əsərlərinin ideyalılığı, nikbinliyi onun sevilməsinə səbəb oldu.

Sərvər Şirinov

AMEA Rəyasət Heyəti aparatının

İctimaiyyətlə əlaqələr şöbəsi -

Mətbuat xidmətinin əməkdaşı

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR