Hüseyn Cavidin “Seçilmiş əsərləri” özbək dilində işıq üzü görüb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və "Kaspi" qəzeti, "Kaspi" təhsil şirkətinin layihəsi ilə Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, klassiklərimizin əsərləri özbək dilinə tərcümə olunaraq Daşkəndddə çap edilməkdədir. Mədəniyyət Mərkəzinin layihəsi ilə son 5 ildə bu istiqamətdə 50-dən çox kitab özbək dilində Daşkənddə çapdan çıxıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Azərbaycan dramaturgiyasının tanınmış nümayəndəsi Hüseyn Cavidin "Seçilmiş əsərləri - "Əmir Teymur", "Peyğəmbər", "Şeyx Sənan" və "Səyavuş" əsərləri özbək dilinə tərcümə edilərək Daşkənddəki "Kamolak" nəşriyyatında çap edilmişdir.

Layihənin rəhbəri Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov, kitabın tərtibçisi Qulu Kəngərli, elmi məsləhətçi filologiya fənləri doktoru Sona Vəliyevadır. 

Kitabda 3 əsəri - "Əmir Teymur", "Şeyx Sənan", "Səyavuş"u mərhum özbək tərcüməçi Usman Kuçkar, "Peyğəmbər" əsərini isə Tahir Qahhar tərcümə edib.

Kitabın ön sözünün müəllifi akademik, AMEA-nın vitse prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəylidir.

Ön sözdə İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə dram janrında əsər yazan Hüseyn Cavidin ölkəmizdə romantik dramaturgiya məktəbinin əsasını qoyduğunu və yaradıcılığı ilə özündən sonra ədəbiyyatımıza ölməz əsərlər bəxş etdiyini qeyd edir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun verdiyi məlumata görə Hüseyn Cavid yaradıcılığına Özbəkistanda böyük maraq olduğunu nəzərə alaraq, dahi dramaturqun əsərlərinin özbək dilində çapına qərar verilib və növbəti layihə olaraq Nizami adına Daşkənd Dövlət Pedaqoji  Universitetində "Hüseyn Cavid yaradıcılığı dünya dramaturgiyasının zirvəsidir" adlı elmi konfrans keçiriləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR