Görmə problemi ilə üzləşən məşhur rəssamlar...

Dünya təsviri incəsənətində yeni cığırlar açan bəzi məşhur rəssamlar görmə pozğunluğu ilə üzləşib. Məsələn, Vinsent Van Qoqun kölgəli işıqları, Pablo Pikassonun əyri simaları, Klod Monenin dumanlı tabloları onların gözlərindəki xəstəliklərlə əlaqələndirilir.

Amerikalı oftalmoloqların son dövrlərdə apardıqları araşdırmalar bunu deməyə əsas verir.

Klod Mone və Van Qoq kataraktadan, Pablo Pikasso isə miqrendən əziyyət çəkib. Katarakta xəstəliyi adətən görmə qabiliyyətini ya kəskin azaldır, ya da bulanıq effekt yaradır. Klod Mone sağlığında rəngləri ayırmaqda çətinlik çəkdiyindən və rəsmlərin get-gedə daha qaranlıq olduğundan gileylənirmiş. Hətta rəngləri aydın görmədiyi üçün onlardan qutuların üzərinə yazılmış adlara uyğun istifadə edirmiş. On il kataraktadan əziyyət çəkən rəssam, nəhayət ki, 1923-cü ildə göz əməliyyatı keçirib. Bundan sonra onun tabloları yenə əvvəlki rəsmlərə bənzəməyə başlayıb.

Van Qoqun bəzi tablolarını diqqətlə nəzərdən keçirdikdə getdikcə mavi rəngin azalması və sarı rəngin çoxalması müşahidə olunur. İşıq nöqtələrinin ətrafı isə qəribə dalğavari xətlərlə əhatələnir. Bu cür görmə halları yaşla əlaqədar yaranan katarakta xəstələrində də var.

Maraqlı məqamlardan biri də Pikasso ilə bağlıdır. Miqrendən əziyyət çəkən rəssam xəstəliyin tutması zamanı görmə anormallıqlarının artmasından əziyyət çəkirmiş. Hollandiyalı mütəxəssis Maykl Ferrari Pikassonun qadınların üzünü xəyali kəsiklər, axan və sürüşən formada təsvir etməsini məhz miqrenin əlaməti kimi dəyərləndirir. Məşhur rəssamın başqa əsərləri ilə miqren zamanı çəkdiyi rəsm nümunələrini müqayisə edərkən bir çox oxşarlıqlar onun bu qənaətini təsdiqləyib.

Beləliklə, görmə qüsurları Pikasso, Van Qoq və Moneyə nəinki mane olub, əksinə onların yaradıcılığına həm də fərqlilik gətirib.

kult.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR