Sabir Rüstəmxanlı: “Türkiyə türkcəsi “xarici dil” statusu ilə bütün türk dövlətlərinin ibtidai məktəblərində öyrədilsin”

Olaylar.az Azərbaycan Dil Qurumunun başkanı, xalq şairi Sabir Rüstəmxanlı ilə orfoqrafiyada təklif olunan dəyişikliklər barəsində müsahibəni təqdim edir.

 -Sabir müəllim, Orfoqrafiya Komitəsinin təklif etdiyi dəyişikliklər böyük müzakirələrə səbəb oldu. Sizcə, 3-5 ildən bir Azərbaycan dilində orfoqrafiq dəyişikliyə ehtiyacı varmı?

- Orfoqrafiya Komitəsi və Dilçilik İnstitutu Dövlət Dil Komitəsinin razılığı ilə dildə müəyyən dəyişiklik təklifini verə bilərlər. Onlar bu sahənin mütəxəssisləridir. Dil inkişaf edir, yeni tələblər meydana gəlir. Orfoqrafiyada dəyişiklik yeni hadisə deyil. Məsələn, təxminən qırx il əvvəl, "Ədəbiyyat və incəsənət" qəzetində işlədiyim illərdə o vaxt hələ gənc olan, bu gün görkəmli dilçi-tarixçi alimimiz Firudin Ağasıoğlunun "Bizə apostrof lazımdırmı ?" adlı bir yazısını çap etmişdim. O zaman bu geniş müzakirə olundu. Bir çoxları sözləri apostrofsuz necə deyəcəyik deyə "üsyan" edirdilər. Apostrof atıldı, həmin sözlər yenə də qaldı və yenə də həmin mənaları verir. Heç bir şey dəyişmədi, dünya dağılmadı, zəlzələ də olmadı. Hər halda dilimiz bir az yüngülləşdi. O sözlər kənardan gəlmə sözlərdir və bizdə ərəblər kimi tələffüz edilmir. 

Orfoqrafiya Komitəsinin xalqın rəyini öyrənməsi,təbii ki, çox yaxşı haldır. Lakin burada daha çox mütəxəssislərin fikirləri əsasdır. Dil Qurumu, dilçilər, nitq mədəniyyəti ilə məşğul olan insanlar öz təkliflərini, fikirlərini bildirdilər. Əslində çox ciddi bir dəyişiklik də təklif edilmirdi. Bəzi ərəb mənşəli sözlərdə qoşa "y" hərflərindən birinin atılmasından söz gedirdi. Bu təklif mütəxəssislər tərəfindən qəbul edilmədi. Lakin şəxsən mənim fikrimcə dilimizdə ərəb,fars sözlərinin dilimizin qaydalarına uyğunlaşdırılması və tələffüsə yaxın şəkildə yazılması qarşısıalınmaz gedişatdır, bu çoxdan başlanıb və davam edəçəkdir. Bir çox sözdə qoşa "y"lardan biri çoxdan atılıb.   

- Dünyada bu təcrübə varmı? 

- Bəziləri deyir ki, ingilislər və ruslar öz orfoqrafiyalarını neçə yüz illərdi dəyişmirlər. Ola bilsin... Bizim dilimizin tarixən formalaşmış mükəmməl qanunları var, lakin bu qanunların nəzəri cəhətdən ümumiləşdirilməsinə və yazıya alınmasına nisbətən gec başlanılıb. Bir əsrdə bir neçə əlifba dəyişikliyi də orfoqrafiyanı çoxlu çətinliklər qarşısında qoyub. Ona görə də proses hələ də davam edir.  

Zamanında kiril əlifbasından latına keçid edəndə də buna faciə kimi baxanlar vardı. Hansı faciə baş verdi?

1930-40 -cı illərdə bu kimi hallar tez-tez baş vermişdir. Orfoqrafiya üzərində çoxlu lazımlı, lazımsız əməliyyatlar aparılırdı Əvvəl "toprak","yaprak" sonra isə "torpağ", "yaprağ" yazılırdı. Sonra sağır nun atıldı. Heç ehtiyac olmayan dəyişikliklər! Rus əlifbasından mexaniki şəkildə alınmış "ya", "yu", "ye" qoşa saitləri haqlı olaraq atıldı və s. Dil inkişaf etdikcə latın qrafikasıyla və orfoqrafiya ilə bağlı yeni təkliflər olacaq. Bunun qarşısını almaq olmaz. Mütəxəssilər belə hesab edirlər ki, tədricən dilimizi ərəb sözlərindən, fars ifadə tərzindən, təmizləməyin vaxtıdır. Ona görə də bu prosesə etiraz etmək lazım deyil. Bəzi sözlər var ki, (məsələn,"haqq") bir "q" ilə tələffüz etmək çətindir. Türklərdə bu qoşa səs "k" səsi və hərfi sayəsində rahat tələffüz olunur. Bəlkə biz də "k" kimi tələffüz etməliyik. 

Düzdür dil mühafizəkarlığı sevir, hər şeyi sürətlə dəyişməyə ehtiyac yoxdur. Lakin zamanla müəyyən dəyişikllər olmasa, donub qalsa- dil ölər! Məsələn, insanlar "müvəfəqiyyət" deməkdə çətinlik çəkirsə, bunu "uğur", "nöqteyi-nəzr" i "baxım", "əhəmiyyət" i "önəm"llə əvəz edirsə bunun nəyi pisdir? Yaxud yazılışı illərlə mübahisə doğuran "kompütör" əvəzinə niyə doğma "bilgisayar" sözünü işlətməyək? Alınnma "sərf-nəzər" sözü var. İllərlə yazılsa da indiyədək hətta ziyalılarımızın çoxu onu yanlış anlamda işlədirlər. "Ərəfə" sözünu demək olar ki hamı indiki zaman kimi qəbul edir, "öncəsi" anlamındadır. Ötən yüzildə dilimiz gəlişmiş və təmizlənmişdir. Təəssüf ki, bir xeyli türk sözlərini, yəni öz ana dilimizdə olan köklü kəlmələri də itirmişik. Kənardan gəlmə yabançı sözləri əsil türk sözlərinin üstünə qısqırdıblar və yad sözləri önə keçiriblər. Bu təkcə sözlərdə yox, adət -ənənəmizdə, geyim tərzimizdə, düşüncə tərzimizdə də baş vermişdir; sistematik olaraq, özümüzü başqalarına təslim etmişik. "Göy Tanrı" romanını yazarkən nə qədər əsil türk sözləri axtarıb tapdım. Çox gözəl sözlərimiz olub. Sonralar biz o sözləri dəbə qurban vermişik. Bu gün həmin sözlərin bəzilərini bərpa etmək istəsən etiraz səsləri yüksələcək. Həm də şivən qoparanların çoxu Azərbaycan türkcəsini bilmir və bu dilin inkişafında heç bir maraqları yoxdur. Onlara deyən yoxdur, "ay bala, sən otur öz yerində və evində ananla, arvadınla hansı dildə danışırsansa onun dərdini çək. Öz dilimizin qayğısını biz çəkərik! Niyə rus sözləri illərdir maniəsiz dolur dilimizə? İndi Mərkəzi Asiya və Türkiyə ilə əlaqələrimiz genişləndikcə, təbii ki, bir-birimizin sözlərindən istifadə edəcəyik. Buna niyə qısqanırsınız? Müasir dövrdə dilə kənar təsir ildən ilə güclənir. Ana dilimizin taleyini düşünən insanların buna seyrici qalması yolverilməzdir. Əgər, gələn yad kəlmələr yenidən süzgəcdən keçirilməsə, bir müddət sonra yabancı kəlimələr o qədər çoxalar ki, ədəbi dilimiz yenidən orta əsir dönəmindəki vəziyyətinə düşər.

- Sabir müəllim, digər türkdilli xalqlar vahid türk dili yaradılması üçün zamanla dillərində dəyişikliklər edirlər?

- Azərbaycan türkçülüyün ən böyük mərkəzlərindən biridir. Bir çox ideyalar buradan türk dünyasına yayılıb. Bu gün türklərin ayrılmaya deyil, birləşmə siyasətinə ehtiyacı var. Bəlkə də digər türk dövlətlərində bizdən fərqli dəyişikliklər var, amma bizdə də bu məsələ kütləviləşməyib. Bu məsələnin başında ziyalı qrupu, elmi düşərgədən olan alimlər dayanır. Millətin gələcəyini kütlə həll eləmir. Millətin gələcəyini onun başında duran aydınlar həll edir. Bizim müstəqil dövlətimizi sayı yüzə çatmayan ziyalılarımız, aydınlar həll etdi. Bu gün də bunu millətin elitası bunu həll eləməlidir. Təəssüf ki, bu gün milli elitamız çox zəifdir. Yaxud da milli elitanın yerini başqa elita tutur. Milli düşüncədən ibarət olan şəxslər tutur. Onlar da bu məsələdə qeyri-müəyyənlik yaratmağa çalışırlar. Burada aydın bir mövqe var. Azərbaycan dövlətinin yaradıcısı türk millətidir, onun qoruyucusu, gələcəyini də Azərbaycan türkləri müəyyənləşdirəcək. Onun ətradfında birgə yaşadığımız qardaş xalqlar var. Onlar da bu  torpağın övladlarıdır.

Eyni dil ailəsinə daxil olan dillərin ədəbi dillərində əsrlər uzunu bəlli fərqlər yaranıb. İndiki gedişat gələcəkdə türk dilinin çeşidli qolları arasındakı fərqləri tədricən azaldacaq. Bundan ötrü, ilk növbədə, yeni latın qrafikasında ağılsızcasına tətbiq edilən fərqlər ardan qaldırılmalıdır. Süni surətdə dil yaranmaz. Söhbət vahid türk dilindən getmir, vahid ünsiyyət dilindən gedir. Bu rolu Türkiyə türkcəsi oynaya bilər. Türk dünyasında bu dilin yayılma və anlaşılma dairəsi ildən-ilə genişlənir. Yaxşı olar ki, Türkiyə türkcəsi "xarici dil" statusu ilə bütün türk dövlətlərinin ibtidai məktəblərində öyrədilsin. Bu işə start verilsə on-on beş il sonra qarşılıqlı zənginləşmə prosesi sürətlənər və türk dünyasının türksə ünsiyyətində sorun qalmaz.  

- Orfoqrafiya dəyişikliyi Azərbaycan klassik ədəbiyyatına zərbə vuracaqmı?

- Bu dəyişiklik Azərbaycan klassik ədəbiyyatına heç bir xələl gətirə bilməz. Türkiyədə klassik ədəbiyyat necə nəşr edilir və oxunur? Klassik ədəbiyyatın bəlli bir transkripsiyası var. Klassiklərimizin akademik nəşrləri, orijinala sadiq qalmaqla çap edilməlidir. Bununla yanaşı bu gün hər kəsin anlayacağı sadələşdirilmiş və şərhlərlə müşaiyət olunan nəşrlərə də ehtiyac var. Fizulunin, Nəsiminin çağdaş oxucunun anlamadığı mürəkkəb əsərlərini bağlı sandıq kimi saxlamağın nə mənası? 

Məncə yeni təkliflərin müzakirəsində qoşa "y" səslərinə toxunulmayıb. Apostrofu atılmış sözlərin sətirdən-sətrə keçirilməsinin yeni qaydaları və "əskər" kimi sözlərin "g" ilə yox "k" ilə yazılması mənə müəyyən fonetik məqamlara görə mübahisəli görünür. "Əsgər" yazılsa və sətirdən sətrə köhnə apastrof yaddaşına uygun keçirilsə daha yaxşı olar. 

"Ə", "x", "q" hərfləri əlifbadan çıxarılması haqqında fikir səsləndirmək nə dərəcədə doğrudur?

-Bizim dillərin yaxınlaşmasına niyə narahatdırlar? Bəzi şeylərə sırf mütəxəssis gözü ilə deyil, siyasi gözlə baxmaq lazımdır. Əlifbanı dəyişdik və bu gün türk əlifbası ilə 3 hərf fərqimiz var. Mən bu gün bəzi sözləri yazanda çaşıram. Bəzən, "ə" və ya  "e" yazmaqda çətinlik yaranır. O üç hərifi türk əlifbasında olduğumu kimi işarələsək bir-birimizi daha rahat oxuyacaqdıq. Türklər "ə" hərfini yazmasa da, "ə" səsini bizdən çox işlədirlər. Bu tək bizə yox, Tatarıstan, Özbəkistan, Qazaxıstana aiddir ki, əlifba bir olmalı idi. Türk dünyasının dünyaya inteqrasiyasını arzu ediriksə, Türk Birliyi arzusundayıqsa, hökmən bütün bunların hamısı nəzərə alınmalı idi.

Bu mənada əlifbada dilin bütün səslərinin şəkil bulması xam xəyaldır. Burada optimal yol axtarmaq və Azərbaycanla Türkiyənin vahid əlifbadan istifadəsinə nail olmaq lazım idi. Bu, artıq alimlərin mülahizələri ilə yox, siyasi qərarla həll olunmalı məsələdir...

- Sabir müəllim, Azərbaycan dilində onlayn redaktə proqramı yox səviyyəsindədir. Bu problemin aradan qalxması üçün nələr təklif edirsiniz?

- Onlayn redaktə proqramının olmamsı ciddi problemdir. Bundan əlavə klaviaturada Azərbaycan hərflərin görsənməməsi də narahatçılıq doğurmalıdır. Digər qonşu dövlətlərdə bu problem aradan qaldırılıb. Düşünürəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA Nəsimi adına Dilçilik İnstitutu birgə səylə bu məsələni həll etməlidirlər. Azərbaycan Dil Qurumu olaraq biz də əlimizdən gələni etməyə hazırıq.

Bir müddət "Dilmanc" tərcümə proqramı hazırlandı. Uzun illərdir ki, orda heç bir yenilənmə işləri həyata keçirilmir. Bu zamana qədər dilə daxil olan yeni sözlərin çoxunu qeyd olunan proqramda görə bilmirik.   

- Azərbaycan dilində apostrofla işlənən bir qrup sözlər var idi. Dildə aparılan dəyişiklik nəticəsində apostrofdan istifadə olunmur. Son günlər apostrofun yenidən istifadə olunması haqqında müzakirələr aparılır. Sizcə apostrof Azərbaycan dilinə yenidən qaytarılmalıdırmı?

- İngilis və rus dilinin qramatikasında istisna deyilən məqamlar var. Qanuna tabe olmayan sözlər istisna kimi bir kənarda qeyd olunur. Azərbaycan dilində apostroflu sözlər onsuz da az idi. 15-20 söz olar ya olmaz. Apostrofun götürülməsi zamanla olan inkişafın nəticəsindir. Çoxları "bəzən" (hərdən) və "bəzən" (süslən) sözlərinin məna fərqlərinin çaşqınlıq yaratdığını deyirlər, amma çümləni oxuduqda onların hansı mənada işləndiyi anındaca bəlli olur. Bu cür səs-küy salmaq nəyə lazımdır? Apostrofun götürülməsi ilə Azərbaycan dili heç nə itirmədi, əksinə daha da sadələşdi, öz kökünə daha da yaxınlaşdı. 

 Nigar Adil

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR