“Ər və arvad”: bir əsr sonra...

Cümə günü Azərbaycan Dövlət Musiqili teatrında "Ər və arvad" tamaşası nümayiş olundu.

Əvvəla qeyd edim ki, teatr və teatr aktyorları ilə bağlı bir fikir hər zaman diqqətimi çəkib.

Bir teatr sənətçisi məntiq və duyğu qarşıdurmasından doğru bir şəkildə faydalanmağı bilir. İlk başdan tamaşanın mətnini araşdırarkən daha çox məntiqi nəzər yetirir. Mətnin təməlindəki düşüncəni və təlimləri ortaya çıxarır . Bunu təmin etmək üçün də, məşq zamanı, yenə məntiqi bir yanaşma bir xəritə ortaya qoyur. Bu təqdimatı təbii nümayiş edə bilmək üçün də duyğularından istifadə edir. Məşq mərhələsində məntiq 70, duyğu 30 %-dır. Tamaşa vaxtı isə tamamilə əksinə yəni, duyğu 70, məntiq isə 30 % - dır.  70 % -lıq duyğu tamaşanın təbii olmasını təmin edir, 30 %-lıq məntiq isə ona nəzarət etməyi. Peşəkar sənətçi tamaşada bir xarakterə həyat verərkən həm həqiqətən o xarakter olur, həm də bunun sadəcə tamaşa olduğunun fərqindədir.

Teatr da kollektiv sənətdir. Tək adamın oynadığı bir teatr oyununda belə bir çox adam işə cəlb olunur. Məşq mərhələsində rejissor, aktyor və texniki işçilər birlikdə eyni əzmlə çalışır. Tamaşa zamanı isə bu kollektivə tamaşaçı da daxil olur və bu birlikdəlik böyük bir uyğunlaşma, bütünləşmə içində davam edir. Səhnə əsərinin nümayişi zamanı obrazların keçirdiyi hissləri tamaşaçılar onlarla qarşı-qarşıya, hətta göz-gözə izləyir, yaşayır. Bu da teatrın sehirli tərəfidir.

Azərbaycan xalqının oyanmasında teatrın əvəzsiz rolu olub. Qədim Yunanıstanda teatr öz fəaliyyətinə faciə ilə başlasa da Azərbaycan teatrı öz fəaliyyətinə M.F.Axundovun beş ölməz komediyası ilə başlayıb. 1873-cü il martın 10-da Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun təşəbbüsü və iştirakı ilə Bakıda ilk tamaşa-Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" komediyası realnı məktəbin tələbələri tərəfindən göstərildi.

O vaxtdan isə 145 il keçib...

Azərbaycan teatrının öz fəaliyyətinə komediya ilə başlamasını nəzərə alsaq tamaşaları əsasən musiqili komediya janrında olan, ölkənin ən böyük musiqili teatrlarından biri Azərbaycan Dövlət Musiqili Teatrına üz tutmağımız təsadüfü deyildi. Teatra daxil olduğun andan bu mədəniyyət ocağında yüksək nizam-intizam nəzərə çarpır. Burada hər şey tamaşaçılarda məmnunluq yaradacaq tərzdə yaxşı təşkil olunub.

Tamaşaçı sevimli teatrlarında, dəyərli aktyorlarının çıxışında mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutan Üzeyir Hacıbəyovun ilk musiqili komediyası "Ər və arvad"ı izləməyə gəlmişdi. Şərqin ilk operettası olan bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir.

Azərbaycan Dövlət Musiqili Teatrı üçün "Ər və arvad" tamaşasının xüsusi əhəmiyyəti var. Çünki  Musiqili Teatrın əsası ötən əsrin əvvəllərində məhz 1910-cu ildə bu dahiyanə səhnə əsəri ilə qoyulub. Rollarda isə H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış etmişlər. Komediyaların mətnini də Üzeyir bəy özü yazmışdır.

Azərbaycan Dövlət Musiqili Teatrın 109-cu mövsümünün repertuarında 2-ci tamaşa olaraq izləyicilərin qarşısına çıxan "Ər və arvad"da isə rollarda xalq artisti İlham Namiq Kamal, əməkdar artist Ələkbər Əliyev, əməkdar artist Nahidə Orucova, Əliməmməd Novruzov, Gülcahan Salamova, Ruslan Mürsəlov, Elxan İsmayılov, Ağaxan Şərifov kimi xalqın sevilən aktyorları çıxış edib. Tamaşanın quruluşcu rejisoru Azərbaycan Dövlət Musiqili Teatrının baş rejisoru Yusif Əkbərovdur.

Tamaşa başlamazdan əvvəl "Şöhrət" ordenli, Qızıl Dərviş mükafatçısı, Prezident təqaüdçüsü, "İlham" Miniatür teatrının direktoru və bədii rəhbəri, ADMİU-nun "Musiqili teatr aktyoru" kafedrasının müdiri, teatr rejissoru, professor Azərbaycanın xalq artisti İlham Namiq Kamal oğlu Əhmədovla söhbətləşə bildik.

Bir azdan çıxış edəcəyi Mərcan roluna hazırlaşan dəyərli aktyorla qarşıdakı yeni layihələr və bu mövsüm çıxış edəcəyi tamaşalarla bağlı səmimi söhbət etdik. İlham müəllimin otağında aktyora xas nizam-intizam, səliqə-səhman nəzərə çarpırdı. Divarda yer alan fotolarda isə aktyorun gənclik dövrlərindən olan və dəyərli sənət dostları ilə şəkilləri yer almışdı.

Xalq artisti bildirdi ki, bu mövsüm Musiqili Teatrda ilk çıxışına dahi Üzeyir Hacıbəyovun "Ər və arvad" iki hissəli musiqili komediyasında Mərcan bəy rolunu oynayaraq başlayacaq: "Musiqili Teatrın cari repertuarındakı bir sıra tamaşalarda baş rolları ifa edirəm. F. Sücəddinov və T. Vəliyevanın "Mən dəyərəm min cavana" tamaşasında İbad İbadoviç rolunda çıxış edirəm. Bundan əlavə oktyabrın 4-də Heydər Əliyev Sarayında SSRİ-nin xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin mahnılardan ibarət konsert proqramı keçiriləcək. Orada Rauf Hacıyevin musiqisi, sevgi və intriqadan ibarət maraqlı süjeti ilə seçilən "Qafqazlı qardaşqızı" operettasında Bəbirlinin mahnısını Azərbaycan televiziyasının simfonik orkestrı ilə oxuyacam".

Aktyor qeyd etdi ki, Musiqili Teatrın rus bölməsi tərəfindən hazırlanan bu məşhur operettada ilk dəfə ötən il 24 noyabr tarixində səhnəyə çıxıb: "Bəbirli çox xarakterik bir obrazdır. Kaloritli olduğu qədər də, özünəməxsus düşüncə tərzinə malikdir. Rauf Hacıyevin möhtəşəm musiqisi isə şedevrdir".

Azərbaycanın müxtəlif teatrlarının səhnələrində, eyni zamanda televiziya ekranlarında parlaq obrazlar yaradan görkəmli sənətkarımız Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" əsərində Soltan bəy rolunda çıxış edəcək.

Bir sıra yeni layihələrin olduğunu söyləyən aktyor qeyd etdi ki, Kukla Teatrında ilin sonuna planlaşdırılan Don Kixot haqqında maraqlı layihədə rol alacaq: "Harada sənət varsa orada gözəllik var .Əgər sənət adamı müxtəlif teatrlarda maraqlı obrazlar ifa edirsə tamaşaçı görür ki sevimli aktyoru istənilən peşəkar kollektivlə uyğunlaşa bilir".

Xalq artisti öz hazırladığı tamaşa haqqında danışdı: "Bəstəkar Ramiz Mirişli və yazıçı-dramaturq Marat Haqverdiyevin "Amerikalı kürəkən" iki hissəli musiqili komediyasının quruluşçu rejissoruyam. Tamaşadakı tərəf-müqabilim Azərbaycan Respublikasının Əməkdar artisti, hamının müğənni kimi tanıdığı, amma həm də gözəl aktrisalıq istedadına malik olan Almaz Ələsgərlidir".

Yaradıcılığında "Qayınana", Bəyin oğurlanması", "Evləri köndələn yar" kimi mühüm əhəmiyyət kəsb edən filmlərin yer aldığı sənətkar rol aldığı yeni film haqqında məlumat verdi. Caspian Media Group şirkəti tərəfindən istehsal olunan "Qaynana 2018" filmi "Caspian Media Group" tərəfindən ekranlaşdırılır. Film müasir qayınananın macəralarından bəhs edir. Ekran işində qayınana Canan (Flora Kərimova) oğlunu imkanlı və elit ailənin qızı ilə evləndirmək istəsə də, övladı evlərində çalışan qulluqçunun qızına aşiq olur. İlham Namiq Kamal 40 il əvvəl ilk filmdə olduğu kimi bu filmdə də İlqar obrazında çəkilib.  Aktyor filmin bir neçə ay sonra nümayiş olunacağını bildirdi.

Sonda xalq artistindən teatra gələn tamaşaçı sayından razı olub olmadığını soruşduq. Sənətkar bildirdi ki, Musiqili Teatrın tamaşaçısı kifayət qədərdir: "Tamaşaçlardan razıyam. Onlar biz sənət adamlarını bizdən daha yaxşı tanıyırlar. Tamaşaçılar qarşısında zərgər dəqiqliyi ilə işləyib, bütün rollarımı sevərək oynayıram. Heç vaxt ifa etdiyim rola qarşı qəbahət etməmişəm".

Dəyərli sənətkarla tamaşadan əvvəl danışmaq xoş oldu. Bir az əvvəl söhbət etdiyimiz xalq artisti bir az sonra Mərcan obrazı ilə qarşımıza çıxdı.

Tamaşada ailә-mәişәt mövzusu ardıcıl vә dinamik şәkildә açılır. Әsәrin ideyası ağıllı Minnәt xanımın (Nahidə Orucova) müflis vә düşkünlәşmiş әri Mәrcan bәydən mәnәviyyatca üstünlüyünü göstәrmәkdir. Әsәrdә Minnәt xanımın sadiq mәslәһәtçisi vә ərinə qarşı müttәfiqinә çevrilәn namuslu, vicdanlı nökәr obrazı Gülpəri (Gülcahan Salamova) o dövr Azәrbaycan cәmiyyәtindә gedәn demokratiklәşmә prosesinin tәzaһürü idi.

Mərcan obrazı lirik, səmimi xarakter daşıyır. Tamaşadakı musiqilər obrazların xarakterlərini özündə əks etdirir. Hər iki pərdədəki mahnılar Mərcan bəyin mənfi xüsusiyyətlərini daha bariz nəzərə çarpdırır.

"Әr vә arvad" musiqili komediyasında xor sәһnәlәri әsas qәһrәmanların davranışına münasibәti ifadә edir. Bu xor müәllif sözü kimi qavranılır. Əsərdəki instrumental musiqi parçaları tamaşanı xeyli zәnginlәşdirir.

Tamaşanın mesajları olduqca çox idi. Operettanın mövzusu ailədə və məişət həyatında, ailənin təzyiqi  və cəmiyyətin təsir göstərdiyi azərbaycanlı qadındır. Üzeyir Hacıbəyov tərəfindən qələmə alınan operettanın üzərindən 1 əsr keçməsinə rəğmən hələ də mövzu etibari ilə öz aktuallığını saxlaması əsərin mahiyyəti etibarilə açıq-aşkar görünür.

Aktyorlar qüsursuz ifaları ilə tamaşaçını özlərinə heyran buraxırdı.

Tamaşaçıların üzündə gündəlik qayğılarından, sosial problemlərdən tamaşa boyunca ayrı qaldıqları bariz hiss olunurdu. Öz sevimli aktyorlarının ifasında izlədikləri tamaşa onların simasında işıq yaratmışdı. Tamaşaçı sənətkarın ifasından aldığı işığı bol bol alqışlarla yenidən onlara ötürürdü.

Tamaşanın sonunda Minnət xanım ağlı və məntiqi, müttəfiqlərinin köməkliyi ilə əri Mərcan bəyə böyük dərs vermiş olur.

Tamaşa bitirdi. Amma nə tamaşaçı zalı tərk etməyə tələsirdi, nə də aktyorlar səhnəni... Bu iki məkanı bir şey  birləşdirirdi. Alqış səslərilə səhnəyə aparılan gül-çiçək dəstələri...Tamaşaçının üzündəki o işıq alqışa çevrilirdi və o öz dəyərli sənətkarları ilə sağollaşırdı... Növbəti tamaşaya kimi...

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR