50-ci mövsüm “Zülmətdə nur” tamaşası ilə açıldı

Sumqayıt Dövlət Dram Teatrının 50-ci mövsüm açılışı oldu.

Açılış mərasimində çıxış edən direktor əməkdar artist Mübariz Həmidov teatrın keçdiyi 50 illik şərəfli yola nəzər salaraq növbəti mövsümdə reallaşacaq layihələri vurğuladı, 50 illik yubileylə bağlı hazırlıq prosesindən söz açdı. Direktor Azərbaycan Respublikası Prezidentinin mədəniyyətə, teatra qayğısının, həmçinin Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bu sahəyə diqqətinin yeni yaradıcılıq uğurlarına rəvac verdiyini bildirdi. Teatrın baş rejissoru xalq artisti Firudin Məhərrəmov nitqində Sumqayıt Dövlət Dram Teatrının vətənpərvərlik tərbiyəsində, maarifləndirmədə, bədii-estetik zövqün formalaşmasında önəmli rol oynadığına diqqət çəkdi. Daha sonra 1937-ci il repressiya qurbanlarının, əsasən də görkəmli Azərbaycan dramaturqu, romantizmin və mənzum dram janrının banisi Hüseyn Cavidin taleyindən bəhs edən (N.Muradoğlu) "Zülmətdə nur" tamaşası nümayiş etdirildi.

Səhnə əsərində məşhur Azərbaycan ziyalıları- dövrünün tanınmış şairləri Əhməd Cavad, Mikayıl Müşfiq və onların həyat yoldaşlarının çəkdiyi repressiya əzablarından səhnələr də yer almışdır.

Tamaşa ulu öndər Heydər Əliyevin Naxçıvanda Hüseyn Cavid məqbərəsi önündəki tarixi çıxışının səslənməsi ilə sona yetir və zülmətdə nur kimi parlayanların ruhları səhnədə canlanır.

Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi tamaşada obrazları əməkdar artistlər İzaməddin Bağırov, Rauf Ağakişiyev İlahə Səfərova, Cəlal Məmmədov, aktyorlar Habil Xanlarov, Şəhla Məmmədova, Sədaqət Nuriyeva, Oktay Mehdiyev, Şəmistan Süleymanlı, Dağlar Rüstəmov, İlham Səfərli, İlahə Səfərova, Akif Mirzəyev, Rövşad İlyasov və Rövşən Əsgərov canlandırır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR