Kukla Teatrı “Xəzərin sahili”ndə

Yeni teatr əlaqələrinin qurulması və sənət, teatr təcrübəsinin mübadiləsi məqsədilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti beynəlxalq teatr festivalında iştirak edəcək.

Olaylar.az bildirir ki, kuklaçılar "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının icrası və teatrın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə Rusiya Federasiyasının Həştərxan Vilayətində keçiriləcək "Kaspiyskiy bereq" (Xəzərin sahili) adlı VI Beynəlxalq Teatr Festivalına qatılacaq.

22-24 sentyabr tarixlərində baş tutacaq səfər Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq. Teatr tədbirində ölkəmizi teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərliyi ilə bədii və aktyor heyətindən ibarət qrup təmsil edəcək.

Teatr təmsilçilərimiz Xəzəryanı ölkələrin kukla teatrlarının festivalda repertuarın yeni nümunəsi olan "Üç cəsur" tamaşaçı ilə çıxış edəcəklər. Mirmehdi Seyidzadənin "Cırtdan" mənzum pyesinin motivləri əsasında Rəhman Əlizadənin səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru və rus dilinə tərcümə edəni Qurban Məsimov, quruluşçu rəssamı  Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur. 

Tamaşada rolları Rauf Babayev, Afət Ağayeva, Lina Məmmədobva, Elmira Hüseynova, Adil Dəmirov və başqaları ifa edirlər.

Onu da qeyd edək ki, festival Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı və Həştərxan Vilayət Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir. Festivalda bu dəfə ölkəmizlə yanaşı Rusiyanın müxtəlif kukla teatrları, eləcə də Qazaxıstan, Dağıstan və Daneskin müvafiq kollektivləri iştirak edəcəklər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR