“Millət sizə minnətdardır!” sərgisinin açılış mərasimi keçirildi

Milli Azərbaycan Tarixi Muzeyinin şərq zalında "Millət sizə Minnətdardır!" sərgisinin açılış mərasimi keçirilib.

Olaylar.az xəbər verir ki, Qafqaz İslam Ordusu və Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş sərgi AMEA Milli Azərbaycan Tarixi Muzeyi və Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı Səfirliyinin birgə səyləri ilə təşkil olunub.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, 100 il bundan əvvəl Azərbaycan tarixində ən önəmli hadisə baş verib:

"Əlamətdar haldır ki, 100 il əvvəl bu zalda görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Nuru Paşa başda olmaqla Qafqaz İslam Ordusunun komandanlığının şərəfinə ziyafət verib. O vaxt türk qardaşlarımızın köməyi ilə istiqlal yürüşü zəfər yürüşünə çevrildi. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu və Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Azərbaycan hərbi hissələri Bakını düşmən işğalından azad etdi. Bütün bu hadisələr türkün türkə sadiqliyinin, düşmənə isə nifrətinin göstəricisi idi. Ona görə də əcdadlarımızın bizə qoyub getdiyi vətənpərvərlik hissinə sahib çıxmaq və onu qorumağa borcluyuq. Bugünkü sərgi də onların ruhuna hörmətimizin bariz nümunəsidir".

Akademik Nərgiz Axundova deyib ki, Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda mindən çox şəhid veriblər. Yüz il əvvəl baş verən hadisə - Bakının işğaldan azad olunması Azərbaycan-Türkiyə qardaşlığının birliyi nəticəsində mümkün oldu. Bu gün də o dostluq, qardaşlıq davam etdirilir.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral söyləyib ki, Bakının işğaldan azad olunması hər iki qardaş ölkədə qeyd edilir:

"Biz, Türkiyə və Azərbaycan tariximiz boyunca bir olduq, bundan sonra da bir olacağıq. Çünki biz iki dövlət, bir millətik. Türkiyə azərbaycanlılar üçün necə vətəndirsə, Azərbaycan da bizim üçün elə vətəndir. Qafqaz İslam Ordusu da 100 il əvvəl Azərbaycana bu hisslərlə gəlmişdi. Bu tarixi hadisə münasibətilə belə bir sərginin təşkili gələcək nəsillərə bir nümunədir".

Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi-prezidentin köməkçisi, professor Dilarə Seyidzadə də tədbirdə çıxış edib. O, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin Azərbaycan tarixində çox böyük bir hadisə olduğunu vurğulayıb.

Dilarə Seyidzadə bildirib ki, müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün uzun olmasına düşmən imkan vermədi. Cümhuriyyət üçün ağır günlərdə türk qardaşlarımız bizə köməyə gəldilər və biz düşmənə birliyimizi göstərə bildik. Ulu öndər Heydər Əliyev Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsi üçün əlindən gələni edib. Bu gün Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birini dəstəkləyir, həmişə bir-birinin yanındadır. Belə tarixi əhəmiyyətli bir tədbirin təşkil olunması da dostluğumuzun və qardaşlığımızın bariz nümunəsidir.

Çıxışlardan sonra sərgiyə baxış keçirildi.

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR