"Qələbəyə gedən yol - Müsüslü döyüşləri" sənədli filmi təqdim olundu

Sentyabrın 13-də Beynəlxalq Mətbuat Mərkəzində  "15 sentyabr 1918-ci il - Bakının düşmən işğalından azad olunmasının 100 illiyi" mövzusunda konfrans və "Qələbəyə gedən yol - Müsüslü döyüşləri" sənədli filminin təqdimatı keçirilib. 

Olaylar.az xəbər verir ki, konfrans və filmin təqdimatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə gerçəkləşib.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İcraçı direktoru Fərasət Qurbanov  bildirib ki, Bakının düşmən işğalından azad olunması XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

F.Qurbanov qeyd edib ki, 1918-ci il sentyabrın 15-də Bakının düşmən işğalından azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində mühüm əhəmiyyət kəsb edən böyük hadisədir. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid veriblər.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədov "Qafqaz İslam Ordusu: missiyası və əhəmiyyəti", mövzusunda məruzə ilə çıxış edib.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Elnur Kərimov da "Bakının işğaldan azad edilməsinin tarixi əhəmiyyəti" mövzusunda məruzə edib.

Daha sonra rejissor Elşən Qəninin ekranlaşdırdığı Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş "Qələbəyə gedən yol - Müsüslü döyüşləri" adlı sənədli filmin təqdimatı olub.

Şura üzvü Sahib Məmmədov da konfransda öz fikirlərini bildirib:

"48 gün davam edən bu döyüş nəinki o vaxtki Cümhuriyyət dövrünün, həm də bugünki Azərbaycanın taleyində çox mühüm əhəmiyyət kəsb edib". 

"Qələbəyə gedən yol - Müsüslü döyüşləri" sənədli filmi konfransda iştirak edən hər kəs tərəfindən böyük rəğbətlə qarşılanıb.

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR