"Anti-Azərbaycan qüvvələrə qarşı xalqımız barışmaz mövqedədir"

Özünün dinamik inkişafını yaşayan, dünyada böyük nüfuza malik olan, tolerant, multikultural mühiti ilə dünyaya nümunə olan, sabitlik adasına çevrilən Azərbaycanda ictimai-siyasi sabitlik, əmin-amanlıq qorunub saxlanılır. Ölkəmizdə hökm sürən bu ab-havanı gözü götürməyən qüvvələr mövcud sabitliyi pozmağa çalışaraq, müxtəlif iyrənc əməllərlə xalq-iqtidar birliyinə əsaslanan dövlətimizdə çaxnaşma yaratmağa cəhd edirlər.

Çoxəsrlik tarixi olan Gəncə şəhərində məlum təxribatı törətməyə çalışan qüvvələrin əməlləri həmrəylik nümayiş etdirən xalqımız tərəfindən çox qəzəblə qarşılanıb. Məlumdur ki, terrorla məşğul olaraq Azərbaycan dövlətinə və xalqına düşmən mövqe tutanlar Azərbaycanı sevməyən qüvvələrin xidmətçiləridirlər. Anti-Azərbaycan mövqedən çıxış edənlərə qarşı xalqımızın ziyalıları, sənət xadimləri qəzetimizə fikirlərini belə ifadə etdilər:

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev:

- Bütün dövrlərdə, dünya ölkələrində təxribatçılar, sui-qəsdçilər, təsir altına düşən manqurdlar və onları yolundan azdırmağa çalışan ünsürlər olmuşdur. Fəqət böyük xalqlar, ağıllı millətlər heç vaxt belə əməllərin böyüməsinə yol verməmişdir. Biz məhz həmin xalqlardanıq! İnanıram ki, Gəncə şəhərində mövcud olan sağlam və sabit olan ictimai-siyasi asayişi pozmağa heç bir radikal qüvvənin ağlı və gücü yetməz. Çünki bizim siyasətimiz də, sabitliyimiz də əmin əllərdədir - xalqımızın və ölkə rəhbərimizin xüsusi nəzarəti altındadır. Xalqımız birdir, bütövdür, həmrəydir! Dövlətimizin təməli, xalqımızın nurlu sabahı Müdrik Liderin müdrik zəkası ilə yoğrulmuşdur. Öz mənafeyi uğrunda xalqımızı yolundan döndərməyə çalışanlar anlasınlar ki, qarşılarında həmişə olduğu kimi, bundan sonra da Azərbaycan xalqını görəcəklər. Eşq olsun xalqımızın birliyinə, bütövlüyünə, həmrəyliyinə.

Xainin xəyanəti bağışlanmadığı kimi, xəyanətkarın xain əməli də xalqın qəzəbi ilə öz cəzasını alır. Gəncə şəhərində baş vermiş hadisə çox üzücüdür. Vəzifə borcunu yerinə yetirən zaman həlak olmuş asayiş qoruyucılarına Allah rəhmət etsin! Bütün xalqımızı sabitliyin qorunmasına dəstək olmağa çağırıram!

Azərbaycanın xalq artisti Rasim Balayev:

- Son günlər Gəncədə bir-birinin ardınca törədilən qanlı hadisələrə Azərbaycanı sevən, onun vətəndaşı olan hər kəs kimi kəskin şəkildə etirazımı bildirirəm, bu yolverilməzdir. Mən qətiyyətlə deyirəm ki, bu iğtişaşı törədənlər Azərbaycan dövlətinin düşmənləridirlər. Bu gün müstəqil dövlət kimi formalaşan Azərbaycan böyük inkişaf yolundadır. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə hadisələri təşkil edən və törədənlər Azərbaycan dövlətinin düşmənləridirlər. Belə hadisələr təsadüfi baş vermir, xüsusi sseniri ilə hazırlanır. Mən bir sənət xadimi kimi deyərdim ki, Azərbaycanın sürətli inkişafı, dövlətimizin regionda lider ölkəyə çevrilməsi düşmənlərimizi çox narahat edir. Azərbaycanda sabitliyi pozub terror aktı törətmək istəyən qüvvələr var ki, onların məqsədi anarxiya yaradaraq, anti-Azərbaycan planını həyata keçirməkdir. Biz vətənin şərəfini uca tutan, onun nailiyyətlərinə sevinən Azərbaycan vətəndaşları yalnız Prezidentimizin ətrafında daha da sıx birləşməliyik. Ölkədə sabitlik, vətəndaş həmrəyliyi, xalq -iqtidar birliyi belə anti-Azərbaycan qüvvələri qarşısında möhkəm çəpərdir. Xalqımız məhz bu dəyərlər ilə silahlanıb. Bu halları pozmağa çalışmaq, vətənə xəyanətin göstəricisidir. Aramızda xainlərə yer yoxdur.

Vətənini sevən, dövlətinə sadiq olan hər kəs Azərbaycanın bu günü gələcəyi naminə çalışmalıdır. Bizim Dağlıq Qarabağı münaqişəsini həll etmək, torpaqlarımızı düşməndən azad etmək kimi ciddi bir məsələ narahat etməlidir. Azərbaycan vətəndaşları Azərbaycan Prezidenti Cənab İlham Əliyevin ətrafında sıx birləşməlidir.

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR