Teatr mövsümü premyera ilə başa vuracaq - “Teatrın dostu” mükafatı təqdim ediləcək

İyulun 15 -də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında iki seansda M. Seyidzadənin məşhur "Cırtdan" mənzum nağıl-pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərinin premyerası izləniləcək.

Olaylar.az bildirir ki, tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, səhnələşdirməsi mərhum dramaturq Rəhman Əlizadəyə məxsus tamaşaya tam yeni quruluş verməklə müasir kukla texnikalarının köməyi ilə fərqli səhnə işi təqdim etməyə çalışıb. Birhissəli kukla tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur. Mərhum bəstəkarın bu tamaşaya yazdığı musiqilər də yeni səsləndirmədə təqdim olunacaq.
Tamaşada əsas rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Rəhilə İbadova, Elnur Əliyev, Elnur Xəlilov, Adil Dəmirov,  Aygül Ağayeva, Vüsal Hüseynov ifa edirlər.
Saat 16: 00 seansında isə rusdilli tamaşaçılara bu klassik nağıl əsasında hazırlanaraq yeni səhnə həlli və adı verilən "Üç cəsur" təqdim olunacaq. Rus bölməsi üzrə ilk dəfə hazırlanan bu tamaşaya da teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, Cırtdan, Hadı və Bıdının sıx dostluğu üzərində qurulan səhnə işinə yeni obrazlar əlavə etsə də  klassik ana xətti saxlamaqla müasir səhnə həllinə nail olub. Tamaşada rolları Rauf  Babayev, Lina Məmmədova, Afət Ağayeva, Adil Dəmirov, Elmira Hüseynova, Araz Həsənli ifa edirlər.
Tamaşaların nümayişindən sonra müəssisənin yaradıcı həyatında xüsusi rol oynayan əməkdaşlar rəhbərlik tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.
Teatrın rəhbərliyi ötən mövsümdə olduğu kimi bu il ərzində də onunla yaxından əməkdaşlıq edən kütləvi informasiya vasitələri təmsilçilərindən bir neçə nəfəri  "Teatrın dostu" mükafatı ilə təltif edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR