“İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yol” kitabı təqdim olundu

Mayın 24 -də Beynəlxalq Mətbuat Mərkəzində "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının və Bəxtiyar Qaracanın müəllifliyi, filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" qəzeti və "Kaspi Təhsil Mərkəzi"nin təsisçisi Sona Vəliyeva  və Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun ön sözü ilə işıq üzü görən "İstiqlal düşüncələri" kitabının təqdimat mərasimi keçirildi.

Olaylar.az bildirir ki, təqdimat mərasimində media kapitanları, millət vəkilləri, ictimai xadimlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirdi ki,  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində belə bir kitabın çap olunması yüksək qiymətləndirilməlidi. "Son iki əsrdə milli məfkurəni, özünüdərki, Azadlıq ideyasını, İstiqlal hərəkatını formalaşdıran, proseslərə liderlik edən şəxsiyyətlərin həyat və fəaliyyəti, bütöv dövrün ayrı-ayrı mərhələləri kitabda əksini tapıb. Elmi-publisistik, tarixi oçerklər toplusu olan əsərin əsas ana xətti İstiqlal məfkurəsinin daha geniş təbliği, yayılması və mühafizəsidir. Kitabda Cümhuriyyətə aparan yollara jurnalist baxışı ilə yanaşı, müstəqilliyimiz üçün Heydər Əliyevin apardığı islahatlar da qeyd olunub."

Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş deyib ki, Cümhuriyyət dövründə qadınlara seçki hüququnun verilməsi, mətbuat azadlığı, parlamentdə həmkarlar ittifaqlarının təmsil olunması ilə bağlı qərarın qəbul olunması mühüm addımlardan idi: "Bugünkü kitab Azərbaycan xalqına bir töhfədir. Avropa Şurasının Bakı nümayəndəliyi adından kitabın müəlliflərinə dərin təşəkkürümü bildirirəm. Hesab edirəm ki, bu kitab təkcə Azərbaycan xalqının yaddaşının təzələnməsi baxımından deyil, bir sıra ölkələrdə demokratik dəyərlərin təşviqi baxımından da çox dəyərlidir".

"Kaspi" qəzeti və "Kaspi Təhsil Mərkəzi"nin təsisçisi Sona Vəliyeva Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixindəki yeri haqqında danışıb, kitabın dövlətçilik tariximizə böyük töhfə olduğunu deyib: "Hər sətrində tarix yatan "İstiqlal düşüncələri" kitabının müəllifləri Cümhuriyyət dövrünün əksər mərhələlərini elmi yanaşmadan çox, bədii salnamə dilinə çevirə bilib. Bəxtiyar Qaraca və Akif Aşırlının təqdimatında yer alan publisistik qeydlər kitabın adına uyğun olaraq ardıcıllıqla oxucuya çatdırılır. Maraq doğuran cəhətlərdən biri də odur ki, müəlliflər siyasi rejimlərin, dövlət idarəçilik formalarının dəyişikliyinə fərq qoymadan Azərbaycan Xalq Cümhuriyyəti faktına bütöv bir istiqlal epoxası kimi yanaşır".

Tədbirdə iştirak edən professor Cahangir Məmmədli, millət vəkili Elman Nəsirli, xalq artisti Nurəddin Mehdixanlı, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu və başqaları kitab haqqında fikirlərini bölüşərək,  "İstiqlal düşüncələri"nin Azərbaycan tarixi və gənc nəsillər üçün əhəmiyyətindən bəhs ediblər.

Qeyd edək ki, "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yol" kitabı "Veysəloğlu" şirkətlər qrupunun maliyyə dəstəyi ilə çap olunub.

Nigar Adil

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR