Özbək yazıçısının iki hissəli komediyası maraqla qarşılandı

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi "Sərhədsiz teatr" III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Sumqayıt Dövlət Dram Teatrının səhnəsində teatrsevərlərə məşhur özbək yazıçısı İbrahim Sadıqovun "Molla Nəsrəddinin beş arvadı" iki hissəli komediyasını təqdim edib.

Olaylar.az bildirir ki, tamaşadan öncə Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Azərbaycan Respublikasının əməkdar artisti Firudin Məhərrəmov çıxış edərək Respublika Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən festivalın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr oluduğunu diqqətə çatdırıb.

Rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda təqdim edilən bu dinamik hadisələr, gözlənilməz və qəhqəhə dolu situasiyalarla zəngin "Molla Nəsrəddinin beş arvadı" tamaşası Sumqayıt teatrsevərləri tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva olan bu məzmunlu səhnə əsərində rolları Respublikanın Əməkdar artistləri Əkbər Əlizadə, Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Gülnarə Əzizova, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Ağaxan Şərifov, Pərviz Məmmədov, Fərid Rzayev ifa edirdilər.

Tamaşadan sonra Azərbaycan Dövlət Musiqili Teatrının rejissoru Əsgər Əsgərova maraqlı, düşündürücü və heç zaman aktuallığını itirməyən bu dəyərli tamaşaya görə Beynəlxalq Teatr Festivalının diplomu təqdim olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR