Məhəmmədəmin Rəsulzadənin məktubları təqdim edildi

Mayın 16 - da Milli Azərbaycan Tarixi Muzeyində Cümhuriyyətin 100 illiyi  münasibətilə keçirilən tədbir çərçivəsində Cümhuriyyətinin  qurucularından biri, görkəmli dövlət xadimi Məhəmmədəmin Rəsulzadənin  azərbaycanlı mühacir Süleyman Təkinərə mühacirət dövründə yazdığı və  Muzeyə hədiyyə olunmuş 29 məktubun təqdimatı keçirilib.

Olaylar.az bildirir ki, muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov tədbiri açaraq, qeyd edib ki, məktublar 1950-1955-ci illər dövrünü əhatə edir. Məktublar Muzeyə Süleyman Təkinərin Bakıda yaşayan varisləri tərəfindən hədiyyə olunub. S.Təkinər Türkiyədəki Azərbaycan mühacirətinin tanınmış simalarından  sayılır. O, həm ədəbiyyatçı, həm jurnalist, həm də publisist kimi  fəaliyyət göstərmişdir. Məktublar müxtəlif mövzuları əhatə edir.  Məktublarda M.Rəsulzadə Azərbaycan mühacirətinin qarşısında duran  vəzifələr haqqında fikirlərini S.Təkinər ilə bölüşür. S.Təkinərin  yaradıcılığına dair mülahizə və tövsiyyələrini bildirir. Bu məktublar  uzun müddət S.Təkinərin ailəsində qorunub saxlanılmışdır. Daha sonra isə  Muzeyin xahişinə əsasən S.Təkinərin varisləri tərəfindən mədəniyyət  ocağına hədiyyə edilmişdir. Tədbirdə "Əzablı yollarla" filmindən  S.Təkinərin M.Rəsulzadə ilə görüşündən fraqmentlər göstərilib.
Tədbirdə çıxış edən Muzeyin direktoru, akademik Nailə Vəlixanlı  Cümhuriyyət irsinin, xüsusilə M.Rəsulzadə mirasının qorunmasının  əhəmiyyətini qeyd edib. Bildirdi ki, cənab Prezidentin Cümhuriyyətin 100  illiyinin keçirilməsi haqqındakı Sərəncamı bu istiqamətdə Muzeyin  keçirəcəyi tədbirlərə təkan vermişdir. Daha sonra məktubları Muzeyə  hədiyyə edən Rauf Həsənov və S.Təkinərin Almaniyada yaşayan qızı Leyla  Deqner çıxış etdilər. Sonda Leyla Deqner Cümhuriyyət irsinin  qorunmasındakı roluna görə Milli Azərbaycan Tarixi Muzeyinin  rəhbərliyinə öz təşəkkürünü bildirdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR