Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda “Azərbaycan Mədəniyyət günü” keçirilib

Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzinin açılışı olub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda "Azərbaycan mədəniyyət günü" keçirilib və bununla əlaqədar bütöv bir gün Azərbaycan mədəniyyətinə həsr olunub.

Öncə İnstitutda Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin adını daşıyan Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzinin açılış lenti kəsilib.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə yaradılan zal ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, incəsənətinə dair çoxsaylı kitablar, disklər, not nəşrləri, bədii filmlər, milli geyimlər və milli musiqi alətlərimiz hədiyyə edilib.

Azərbaycan mədəniyədinə dair suvenirlər, rəsmlər, habelə tanınmış musiqiçilərimizin portretləri, dahi bəstəkar Qara Qarayevin yaradıcılığına dair banerlər zalda yerləşdirilib.

Qonaqlara məlumat verilib ki, Mərkəz qardaş ölkədə Azərbaycan mədəniyyətini, musiqi sənətini geniş təbliğ edəcək və xalqlarımız arasında dostluq körpüsü rolunu oynayacaqdır. Qeyd edək ki, Mərkəzdə mədəniyyətin müxtəlif sahələrinə dair açıq dərslər keçiriləcək, tələbələr üçün Azərbaycan bədii filmləri, milli mədəniyyətimiz, musiqimizə dair görüşlər və tədbirlər keçiriləcəkdir.

"Azərbaycan mədəniyyət günü" çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistan Sənət və Mədəniyyət İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalandı. Memoranduma əsasən tərəflər mədəniyyətin müxtəlif sahələrinə dair əməkdaşlıq edəcək, ölkələr arasında təcrübə mübadiləsini həyata keçirəcəklər.

Daha sonra İnstitutun zalında "Azərbaycan mədəniyyət günü"nün rəsmi açılışı oldu.

Tədbirdə "Arşın mal alan" əsərindən səhnələr nümayiş etdirilib, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" və oğlanlardan ibarət "Süvari" rəqs ansamblı milli rəqslərimizi ifa ediblər. Çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda Azərbaycan Milli Kitabxanası tərəfindən Özbəkistan Sənət və Mədəniyyət İnstitutuna göndərilən kitablar İnstitutun kitabxanasına təqdim edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR