Teatr Xadimləri İttifaqında növbəti tədbir görkəmli bəstəkar Tofiq Quliyevə həsr edilib

Noyabrın 27-də Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli bəstəkar, Xalq Artisti Tofiq Quliyevin 100 illiyinə həsr edilmiş "Günəş kimi saçan musiqi" adlı tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə reallaşan tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Aparıcısı Xalq Artisti Hacı İsmayılov olan tədbir Prezident İlham Əliyevin Tofiq Quliyevin 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunub.

Əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgiyə baxıblar.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq Artisti Siyavuş Kərimi çıxış edərək sənətkarın həyat və yaradıcılığından danışıb, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərini qeyd edib.

Vurğulanıb ki, Azərbaycan musiqi salnaməsini yaradan şəxsiyyətlər sırasında bəstəkar, dirijor, pianoçu, folklorşünas, ictimai xadim, Xalq Artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin də özünəməxsus yeri vardır. Onun ürəkaçan mahnıları, orijinal estrada əsərləri, mükəmməl kino musiqisi, operettaları, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda populyarlıq qazanaraq bu gün də sevilə-sevilə ifa olunur. Böyük bəstəkarın sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğı da bir növ onun xatirəsinə olan ehtiramın bariz nümunəsidir. Prezident İlham Əliyevin Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamı görkəmli sənətkarın xatirəsinə dərin hörmət və ehtiramın təcəssümü kimi qiymətləndirilib, ictimaiyyətimiz tərəfindən rəğbətlə qarşılanıb. 

Bildirilib ki, sənətkarın yaradıcılığında mahnı janrı aparıcı olsa da, bədii istedadı bununla məhdudlaşmır. O, həmişə böyük həvəslə kino sənəti üçün çalışaraq, yetmişdən çox filmə musiqi bəstələyib. "Səbuhi", "Ögey ana", "Görüş", "Bəxtiyar", "Onu bağışlamaq olarmı", "Telefonçu qız", "Nəsimi" və s. filmlərə yazdığı musiqi özünün melodikliyi, təbiiliyi ilə seçilir, mahnıları isə coşqun ilhamla oxunur.

S.Kərimi qeyd edib ki, unudulmaz sənətkar milli musiqili komediya janrına da öz töhfəsini verərək "Aktrisa", "Qızıl axtaranlar", "Sənin bircə sözün", "Sabahın xeyir, Ella" kimi əsərlərini yazır. Bu operettaların musiqi parçaları tamaşanın müvəffəqiyyət qazanmasında, obrazların səhnə təcəssümündə həmişə böyük rol oynayıb. 

Çıxış edən digər natiqlər görkəmli bəstəkarın həyatından, onun sənət fəaliyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, böyük sənət fədaisi, əsl vətənpərvər T.Quliyev bütün qüvvə və istedadını yaradıcılığa sərf edib, hörmət və ehtiram qazanıb. Adı qızıl hərflərlə musiqi tarixinə həkk olunmuş bənzərsiz sənətkarın parlaq siması xalqımız tərəfindən həmişə yüksək tutulacaq.

Tədbir konsert proqramı ilə davam edib. Gecədə Azərbaycan Milli Konservatoriyası tələbələrinin ifasında bəstəkarın mahnıları səsləndirilib. AzərTac

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR