“Muğamı sevməmək mümkün deyil”

Ayşən Mehdiyeva: "Azərbaycan muğam tarixində olan bütün ustad xanəndələr bizim üçün böyük məktəbdi" 

2013 - cü ildə Muğam müsabiqəsinin qalibi olan Ayşən Mehdiyevanın yaxın günlərdə solo konserti gözlənilir. Öz ifa tərzi, dəsti - xətti ilə seçilən gözəl səsli xanəndəmiz Ayşən Mehdiyeva bu sənət yolunda ustad xanəndələrimizin "ələyi"n- dən keçmiş ifaçıdı.   "Olaylar"-ın qonağı olan gənc xanəndə Ayşən Mehdiyevanın müsahibəsini təqdim edirik.

-  Ayşən xanım, sizinlə sonuncu dəfə mart ayında görüşmüşdük. O zamandan həyatınızda, sənətinizdə hansı yeniliklər olub?

- O zamandan bu günə qədər sənətimdə bir çox işlərimiz oldu. Amma mənim üçün ən önəmli hadisə oğlumun dünyaya gəlməsi oldu. Mənim üçün ailə, övladlarım hər şeydən vacibdi. 
Bildiyiniz kimi, Muğam müsabiqəsinin qalibləri Dövlət Televiziyasında çalışır. O cümlədən mən  və davamlı olaraq Simfonik orkestrlə, Xalq Çalğı Alətləri orkestrı ilə konsertlərdə iştirak edirik. Bundan əlavə trio ilə də işləyirəm. Yaxın günlərdə - oktyabrın 30 -da Filarmoniyada solo konsertim olacaq. Həmkarım Sərxan Bünyadzadə ilə. Konsertdə duetlər, solo ifalarımız olacaq. Bizi Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri müşayiət edəcək.

Böyük zalda demək olar ki, ilk konsertimdi.  Bu konsertdə Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Filarmoniyası bizə çox böyük dəstək oldu.

Səmimi etiraf edim ki, bu konserti öz vəsaitim hesabına etsəydim, maddi və mənəvi cəhətdən çox böyük əziyyətlərim olardı. Amma rəsmi qurumların dəstəyi sayəsində biz maddi baxımdan heç bir əziyyət çəkmirik. Təşkil olunan bütün konsertlər təmənnasızdı. Orkestr öz iş saatında məşqə gəlir və biz sevərək konsertə hazırlaşırıq. Çoxları bunu dilə gətirmir və düşünür ki, bu onların işidi. Əslində belə deyil. Konsertdə mənə dəstək olan bütün rəsmi qurumlar, sevərək hər gün məşq edən orkestr üzvlərinə dərin təşəkkürümü bildirirəm.

- Son zamanlar muğamımıza dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı hər kəsə məlumdu. Sizin fikirlərinizi də bilmək maraqlı olardı.

- Muğam Müsabiqəsi bizim üçün böyük təcrübə oldu. Biz Universitetdə oxuyanda bütün muğamları öyrənirdik. Amma öyrəndiklərimizi müsabiqə vasitəsi ilə daha da təkmilləşdirdik. Hər ifamızdan sonra dəyərli münsiflər heyəti, xalq artistləri öz fikirlərini bildirirdilər. Müsabiqə bizim üçün məktəb oldu və bizi tamaşaçılara tanıtdı. İndi də hazırda deyərdim ki, müsabiqənin hesabına qəbul olunuruq, sevilirik.

-Çox zaman görkəmli xanəndələrin ifa etdikləri çətin muğamlara müraciət edirsiniz. 

- Ustadların unudulmaz ifalarına yenidən müraciət edəndə çox həyacan keçirirəm. Həm onların fikirləri necə olacaq deyə düşünürəm. Həm də insanlar artıq o muğamı, o mahnını həmin xanəndələrin oxuduqları tərzdə  qəbul edib, seviblər. Sevilən mahnını, muğamı yenidən təqdim etmək həm həyacanlı, həm də məsuliyyətlidi. Amma öhdəsindən gəlməyə çalışıram. İfalarımı ən çox sosial şəbəkələrdə yerləşdirirəm. Orada dinləyicilərə təqdim edirəm. Kometlərə yazılanları oxumağa çalışıram. Və qeyd edim ki, çıx müsbət rəylər yazılır, bəyənilir. Təbii ki, bunlar hələ mənim üçün kiçik işlərdi.

Ustad ifaçılarla çox zaman konsertlərdə, TV proqramlarımda qarşılaşırıq. İfamdan sonra hər biri öz fikirlərini bildirirlər. Çox sevindirci haldır ki, ustad xanəndələrimiz onların repertuarlarından ifa etdiyim muğamlar haqqında tənqidi fikirlər söyləməyiblər.

- Musiqi dünyası bu gün hələ də öz çətinliklərini yaşayır. Gənclər arasında milli musiqini qəbul etməyənlər var. Onlara muğamı necə sevdirmək olar?

- Bilirsiniz, düşünürəm ki, muğamı sevməmək mümkün deyil. Bu bizimdi, bizik. Necə özünü sevməyə bilərsən? Biz muğamı sevməliyik. Heç bir Avropa ölkəsində muğam yoxdu. Biz onları estrada ilə təəccübləndirə bilmərik. Biz onları özümüzə məxsus mədəniyyətlə təəccübləndirə bilərik, özümüzə məxsus musiqi ilə tanıda bilərik. Muğamı sevmək dünyanı başa düşməkdi. Gənclərin də muğamı sevməsi üçün bir çox variantlar var. Onlardan istifadə etmək olar. Cazla, rokla birgə sintez edəndə daha gözəl bir əsər meydana gəlir. Məsələn ustadımız Alim Qasımov bu işi o qədər gözəl edir ki... Təbii ki, sintez zamanı heç bir musiqiyə xələl vermək olmaz. Qanunauyğunluqlarını qorumaq şərti ilə niyə də olmasın ki?

Əslində, yaradıcılığımı sırf muğam ifaçısı kimi yox, həm də estrada ifaşısı kimi davam etdirməyə çalışıram. Xanəndə kimi ifa edəndə isə çalışıram ki, ifa etdiyim xalq mahnısını yeni aranjimanda ifa edim. Musiqini, mahnını bir az müasirləşdirəndə artıq gənc dinləyicilər onu sevməyə başlayırlar, qəbul edirlər.

- Ayşən xanım, son zamanlar ifaşılar klip çəkilişlərinə üstünlük vermirlər. Siz isə yaradıcılığınızda kliplərə önəm verirsiniz. Davamlı olacaqmı?

- Klip çəkdirmək, mahnını bir başqa formada yaşatmaqdı. Həm səs, həm təsvir, həm də məzmun... "Gecələr" klipimizi Türkiyə mediası yayımladı. Net.day internet musiqi kanalı idi. Azərbaycandan Röya, Niyam və mənim klipim yayımlandı. Növbəti klipimiz Tahir Əkbərin "Eşqimiz" mahnısı oldu. Klipin rejissoru Nail Naiboğlu idi. Və o klip də tamaşaçılar tərəfindən çox bəyənildi.Təəssüf ki, bu klipimiz Türkiyədə yayımlanmadı. Səbəb isə kanalın yalnız türk musiqilərini, kliplərini yayımlamaq qərarı idi.

Buna baxmayaraq, yenə də kliplər çəkdirmək istəyirəm. Mahnı fikrimcə, kliplə tamamlanır.

- Sosial şəbəkələrin sizin yaradıcılığınızın təbliğində rolu nə dərəcədədi?

- Əvvəllər çox da marağında deyildim. Son zamanlar isə sosial şəbəkələrdən istifadə  artıq dəb halını aldı. İnstaqramda, facebookda müəyyən izləyicilərim var. Artıq hamı gündəlik baş verən hadisələrdən sosial şəbəkələr vasitəsilə xəbərdar olurlar. Və artıq tamaşaçılar da sevdikləri müğənnini, aktyoru ordan izləyir. Bu səbəbdən artıq mən də sosial şəbəkələrdə aktiv olmağa başlamışam. 

- Muğam Mərkəzində gənc xanəndələrin konsertləri təşkil olunur. Bu layihələrdə iştirak edəcəksinizmi?

- Hələ ki, belə bir təklif gəlməyib. Əgər təklif olarsa, təbii ki, iştirak edərəm. Muğam Mərkəzi davamlı olaraq muğamla bağlı bir çox maraqlı layihələr həyata keçirirlər. İnşallah, təklif olarsa, məmnuniyyətlə iştirak edərəm.

- İfa etdiyiniz muğamların içində hansı muğam sizə daha doğmadı, hansı sizin əhvalınızın, ruh halınızın  təcəssümü olur?

- Əslində bütün muğamlar gözəldi. Həmin gün hansı əhvalda olursansa, o gün də həmin muğamı ifa etmək  sənin üçün yaxşı olur. Muğam hər zaman  bizim əhvalımıza təsir edən musiqidi.

- Ustadlardan daha çox kimi dinləyirsiniz?

- Bütün muğam ustadları biz ifaçılar, xanəndələr üçün böyük məktəbdi. Onların hər birindən bəhrələnməyə çalışırıq. Hər birinin ifası bizim üçün yeni məlumat, yeni bilgidi. Şərt deyil ki, hansısa ustadan dərs alasan. Bütün ustad xanəndələrdən bəhrələnirik. Ad çəkə bilmərəm. Azərbaycan muğam tarixində olan bütün ustad xanəndələr bizim üçün böyük məktəbdi.

- Çox gözəl xanımsınız. Həm gözəl ana, həm gözəl xanəndəsiniz. Səhnədə ifa zamanı həm müasirliyi qoruyursunuz, həm də milliliyi. Buna necə nail olursunuz?

- Deyim ki, bu yöndə xüsusi çalışıram, yox. Öz - özünə alınır.  Həyatda necə varıqsa, səhnədə də o cür olmalıyıq. Çünki, tamaşaçı məni səhnədə o cür görüb, bəyənib. Həyatda başqa cür olsaq, o zaman tamaşaçı bir daha məni dinləməz, sevməz. Ona görə də səhnədə də, həyatda da eyni olmaq lazımdı.

- Çox zaman xanəndələrimiz mütaliə etməyi sevmirlər. Siz necə, kitabları sevirsinizmi,  oxuyursunuzmu?

- Kitabları, kitab oxumağı çox xoşlayıram. Amma bildiyiniz kimi sənətimizlə əlaqəli vaxtımız olmur davamlı kitab oxumağa. Buna baxmayaraq, harda kitab mağazası görürəmsə, həm özüm üçün, həm də uşaqlarım üçün kitab alıram.

Bizim sənətimiz həm də bir növ kitablarla bağlıdı. Davamlı yeni qəzəllər öyrənməliyik, axtarıb - araşdırmalıyıq. Zamanım və vaxtım olduqca mütaliə eləməyə çalışıram.

- Övladlarınıza necə, zaman ayıra bilirsinizmi?

- Həm uşaqlar, həm də sənət bir arada çox çətindi. Ən çox anam, xalam mənə dəstək olurlar. Çalışdığım qədər işimi tez bitirib, ailəmin, uşaqlarımın yanına qaçıram. Onlara zaman ayırmağa çalışıram. Uşaqlara vaxt ayıra bilməyəndə özüm də çox pis oluram. Evə gələndə uşaqlar yanıma gəlməyəndə, oyuncaqları ilə oynayanda çox pis oluram. Həmin gün onlara vaxt ayıra bilmədiyim üçün özümü çox günahkar hiss edirəm.

- Ayşən xanım,  geyimlərinizdən danışmaq istəyirəm. Necə seçirsiniz, bu işdə sizə kömək edən var?

- Geyimlərimi hər zaman özüm seçirəm. Bəzən, anamın köməkliyi olur, amma çox zaman özüm seçirəm. Geyim həm görünüşə, həm də ifaya təsir edir. Əsasən, mənə rahat olan və yaraşan geyimlərə üstünlük verirəm. Geyimim rahatdısa o zaman ifam da gözəl olur, yox əgər nəsə ürəyimcə deyilsə, həmin gün o əhval ifaya təsir edir.Olaylar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR